23.03.2015

”Oşo”laşdıqca başqalaşan qlamurlar

solda qlamur, sağda səmimi insan obrazı
Çoxdandır ki, bu mövzuda yazmaq üçün birinin məni təhrik etməsini gözləyirdim. Öncədən deyim ki, yazının marketinqlə əlaqəsi yoxdur, bu sadəcə Marketer Məhərrəmin dostumuz Namiq Bayramov demiş ÇTN (Çevrə Təhlil Nəzəriyyəsi) aspektindən baxış bucağıdır. Yazını yazmaqda təhrikedici qüvvəm isə Sizə də yad olmayan çox hörmətli Teymur Paşamdır. Siz onu əvvəlki yazımdan daha yaxşı tanıyırsınız. Bu dəfə getdikcə zamanın tələbindənmi yə nədənsə get-gedə qlamurlaşan, qlamurlaşdıqca da yadlaşan, başqalaşan, “teymurlaşan” adamlardan yazacam. Xahiş edirəm heç kim üzərinə götürməsin, kimsə özünü görsə, bu mənim məsuliyyət dairəmdən kənar olan işdir.

Mətləbə keçməmişdən öncə deyim ki, xarakterimdə belə bir kompleks var ki, hamı eyni zaman kəsiyində eyni şeyi görəndə, edəndə mən təkrarlamağı qətiyyən sevmirəm. Məsələn, özümə söz vermişəm ki, Şahdağda və Eyfel qülləsinin önündə şəklim olmayacaq. Məsələn, heç vaxt hansısa kinoya premyera vaxtında, hamının baxdığı vaxtda baxmağı xoşlamıram, çox sonra baxıram, eynilə də hansısa kitab “bestseller” deyə çıxan ərəfədə oxumuram. Açığını desəm həmin kütlənin özünü kütlə kimi apararaq qeyri-səmimi və obyektiv olmaması məni itələyir. Onlardan biri də hamının uzun müddətdir “Oşo-Oşo” tutdurduğu müəllif haqqındadır. Hətta hamımızın hörmət etdiyi paşamız da mənə və CNN-ə olan müsahibəsində fikirlərinin formalaşmasında Oşo-nun təsirinin olduğunu demişdi, daha bir neçə nəfər də məsləhət görmüşdü, amma oxumurdum. Bu gün Oşo-nun “Tale, azadlıq və ruh” adlı təxmini 230 səhifəlik kitabını elə 1 gündəcə oxuyub bitirdim. Ömrümdə ilk dəfə Malcolm Gladwell-in kitabına itirdiyim vaxta görə təəssüflənmişdim, ikinci isə yəqin ki, bu kitab olacaq. Əgər bu kitabı oxuyub Oşo-ya 1 qısa cümlə ilə nə demək istərdiniz desəniz “Niyə ölmürsən?” deyərdim üzünə. Maksimum diqqətlə oxuyub az-maz faydalı hesab etdiyim hissələrini də qeyd etməyi unutmamışam. Aşağıda onları da paylaşacam. Bütün bunların fonunda son zamanlar bəzilərimizdə dəb halını alan süni qlamurlaşma (elmi adı “teymurlaşma” red:R.H) dalğasının da sanki səbəblərini başa düşməyə başladım.  

Ramiz Rövşənin təbirincə desək, “qlamurlar bir olmur, atam balası, sünisi var, doğrusu var. Amma hər qlamurun şəkil çəkdirməkçün liftə ehtiyacı var” :) Həqiqətən də fərqli növdə qlamurlarla üz-üzəyik. Lüks brendlər haqqında bloq yazımın birində qeyd etmişdim ki, lüks anlayışı 3 mərhələdən keçib. Birincisi klassik lüks, ikinci modern, üçüncü isə medianın lüks etdiyi brendlər. Qlamurlaşmanı da məhz bu 3 mərhələyə bölmək olar. Bizdə sadəcə çoxusu medianın lüks etdiyi yox, media üçün (daha doğrusu öz və ya uzaq ətrafları üçün) bu rolu oynayanlardır. Yəni istəyərək, qəlbən inanaraq deyil, sadəcə göstərmək üçün. Burada qlamur sözünün həqiqi, süni olmayan mənası ilə heç bir işim yoxdur. Belə adamlar necə olur? Belələrini tanımaq məsələn çox asandır. Yaxşı ki, ölkədə bir neçə cinema eyni vaxtda açıldı və normal xidmət göstərməyə başladı. Yeni filmlər dünyayla eyni vaxtda bizdə də göstərildi. Ümumiyyətlə yaxşı ki, facebook yarandı. Yoxsa, hansısa əsərin kitabını oxumayıb biznes məqsədli, çox satılması, çox baxılması üçün çəkilmiş kinolarını kim izləyərdi? Kim onları izləyəndən sonra “inanılmaz təsirləndiyini” yazsın axı. Ömründə 4-5 kitab oxumayıb ancaq kinosu çıxanda baxan, özü də hamı baxanda baxan minlərlə adam var. Özü də belələri ali təhsilli ətraflarına ziyalı obrazı mesajını verənlərdir. Onlar facebookda onun-bunun statuslarında hansısa klassik şairin 2 beytlik misralarını paylaşmağı çox sevirlər. Soruşsan o şair, yazıçı haqqında ümumiyyətlə məlumatı yoxdur. Sosial şəbəkələrdən iddialı mesajlar verir, çağırışlar edirlər. Bir sözlə üzdə azadlıq çarcısı, azad həyat, azad seçim, mentalitetə qarşı təkcə fikirdə deyil, əməldə də qarşı çıxdığını göstərir, kimlərisə qınayırlar. Amma çox yox, azca həmin insanları tanıdıqda görürsən ki, məsələ, özünə gələndə konservativdən daha konservativ ola bilir. Bir sözlə, bu cür qlamurlar heç nəyə pis baxmırlar, amma başqalarında :)

Ateistlər ateistliklərini niyə reklam edirlər?

Gələk bizim “Oşo”ya. Oşo-nu adətən ateistlər daha çox sevir, çünki onlar dinin pis tərəflərini görüb onda yaxşı heç nə olmadığını düşünürlər və bu üzdən bir çox həqiqətləri başqa yerdə axtarırlar. Halbuki, Oşo deyən şeylər yeni deyil, ümumiyyətlə bir şey deyil. Hər dini kitab bunlardan bəhs edir. Hətta dini deyil, normal məntiq insana dərk üçün imkanlar yaradır. İlkin müəllim demiş, inanın səmimiyyətimə 240 səhifədə normal 4-5 cümlə tapdım. Qalan nə varsa, hamısı tavtalogiyadan başqa bir şey deyil. Sanki kitab boyu bir sual verir, sonra deyir ki, bu suala cavab axtarmayın, yaşayın görün axırı nə olacaq, alın yazısına zada da inanmayın. Ateizmi reklam və trend kimi istifadə edirlər. Bəli, trend. Çünki sən tutalım ki, ateistsən, aydındır. Bunu daha niyə reklam edəsən ki. Hələ belə qlamurların “həyatın mənası nədir” sualına verdikləri cavabları oxuyasınız. Bütün qüsur və çatışmazlıqlarını bu suala cavabda gizlədirlər. Sanki onlar bu işi belə edirlər ona görə ki, həyatın mənasını bunda görürlər. Sonra yüz ildi eyni qalan sualları ordan-burdan tapıb yüksək arqument gətirirmiş kimi cəmiyyətə təqdim edirlər. Mənim əziz qlamurlaşan, qlamurlaşdıqca da teymurlaşan dostum, əgər Allah yoxdursa, niyə narahat olursan ki?!! Yoxdursa dediyin kimi vecinə də alma heç nəyi, istədiyin kimi yaşa. Daha bu sualı hər dəfə verib, istədiyin cavabı da almayanadək mübahisə etməyin nə mənası var. Mübahisə edirsənsə, demək ki, qorxursan. İçində belə bir pıçıltı səni narahat edir “birdən olsa, nə olar görəsən”. Qorxursansa, demək ki, buna səbəb verəcək əməlin var. Və bilirsən ki, bu halda “əsas odu ürəyin təmiz olsun” misalı keçməyəcək ona görə? :)

Bu uşaq getdi kimə oxşadı?

Mən ümumiyyətlə istənilən fikrə tolerant yanaşmağın tərəfdarıyam. Heç kim heç kimə düzlüyünü sübut etməyə çalışmamalıdır. Yaşa və göstər. Bu qədər bəsit.  Hamımızın qohum-qonşudan tez-tez eşitdiyi bir ifadə var - “Bu uşaq getdi kimə oxşadı?”. Teymur paşa deyir ki, bu ifadəni adətən analar ironiya kimi “getdi ata tərəfinə oxşadı” sözünün mədəni sinonimi kimi də işlədirlər. Təhsil olduqca vacibdir, daxili tərbiyə çox mühümdür. Amma bu gün ideoloji boşluqdan əziyyət çəkən gəncliyimiz çox tez və rahat şəkildə hansısa dalğanın təsirinə düşür. Valideyn olaraq övladının tərbiyəsində yaxından iştirak etməsən, onunla maraqlanmasan, vaxt keçirməsən, əlbəttə ki, “o uşaq öz ətrafına oxşayacaq”, kimlə oturub-durursa, ona oxşayacaq. Stereotipləri ancaq və ancaq təhsillə qırmaq mümkündür. Amma “akademik neytral” olan təhsillilərimizin də cəmiyyətimizə heç bir faydası olmayacaq. Nə oluruqsa, özümüz olmalıyıq. Mən bu musiqini sevirəmsə, onu paylaşaram da, qulaq da asaram. Yoxsa Bakıdan çıxana qədər bir musiqiyə, Bakıdan çıxandan sonra başqa musiqiyə çevirməyə Sizi nə vadar edir? Və ya Sizə özünüz kimi olmağa nə mane olur? Yenə deyirəm, həqiqətən istəyərək, inanaraq nəyisə edənlərlə heç bir işim yoxdur.

İnsan var olduğunu bilir, amma kim olduğunu bilmir.

İnsafən deməliyəm ki, bu kitabda yazılan bir-neçə ifadə çox xoşuma gəldi. Həqiqətən də belədir. Kitabda həmçinin müəllif yazır ki, var-dövlətdən daha yaxşı heç nə insana öz yoxsulluğunu göstərə bilməz. Gücdən daha yaxşı heç nə insana öz gücsüzlüyünü göstərə bilməz. Pulu məqsəd etmək lazım deyil, vasitə edin. Məqsəd olanda da əldə edəcəksiniz, amma əldə etdikdən sonra nə edəcəyinizi bilməyəcəksiniz. Oxuyaraq biləcəksiniz, amma edərək öyrənəcəksiniz. Bir daha qeyd edim ki, xatırlanmalı və dəyərli sözlərdir. Bu gün həmin dırnaqarası qlamurların bir çoxu bu “varlıqda yoxluq” sindromunu yaşayırlar. Etməyin, gözəl insanlar, dünya başqaları üçün yaşayacaq qədər uzun deyil axı...

Varlı ölkədə əsl problem , ən böyük problem insanların darxımasıdır.

Digər xoşuma gələn fikri isə bu oldu: “Varlı ölkədə əsl problem , ən böyük problem insanların darxıması idi. Bu indi Qərbdə baş verir. Hər şeydən bezmək ən böyük problemə çevrilib. İnsanlar hər şeydən o qədər bezirlər ki, ölmək istəyirlər. Kasıb ölkələr varlı ölkələrdən çox uşaq dünyaya gətirilər, çünki seks tək əyləncələridir, o birilərinə isə imkanları və vaxtları çatmır. Əgər kasıb ölkələrdə əhalinin sayını azaltmaq istəyirsənsə, onlara daha çox əyləncə ver“ Fikirdə reallıq payı yüksəkdir. Oturub indiki mənzərəni təhlil etsək, eynisini görərik. Əyləncə ilə başımızı qatırlar, hücum edirlər. Bu yaxınlarda hardansa oxudum ki, qərbli super zənginlər üçün İraqda real döyüş səhnəsi və adam öldürmə səhnələri ayarlayan işbazlar var. Onlar pul müqabilində varlı insanlar üçün PS-dəki hansısa döyüş oyununu realda onlar üçün təşkil edirlər. Bu elə Oşo-nun yuxarıda dediklərinin təsdiqidir. Bekarçılıqdan nədən həzz alacaqlarını bilmirlər, artıq. Hətta maraqlıdır ki, bu cür qlamurlar lazım olanda balaca pişiyin haqlarını qorumaq üçün aləmi dağıdır, amma bəzən də hamının ondan fikir və münasibət gözlədiyi bir vaxtda hansısa özünə sərf edən səbəbdən susur. Əsl faciə budur. Bu cür qlamurlar həm də öz bacarıqsızlıqlarını yaradıcılıq pərdəsi altında ideal şəkildə gizlədə bilirlər. Beş-üç cızma qara edib ona “sənət”, əsas da “kimsənin başa düşmədiyi sənət” adı verə bilərlər, məsələn. Sanki, tabloda  3 ədəd dinozavr başlı əcaib formada quşabənzər bir şey çəkərək hansısa ilahi, fəlsəfi mesaj verdiklərini iddia edirlər. Hadi lan burdan. Maraqlı da izahları var. “Ay nə bilim mənə ilham gələndə günlərlə depressiyada oluram, mən ümumiyyətlə təbiəti çox sevirəm, boş vaxtlarımda kitabı oxuyub sonra onu düşünərək dənizə baxmağı xoşlayıram və s.” Bütün bunları da facebookda status olaraq yazırlar. Qardaşım, məsciddə dua edirsənsə, dua prosesindən şəkil çəkdirib qoymaq lazım deyil, vallah lazım deyil.

“Sənin bədbəxtliyin sənə aiddir, ona görə də çölə çıxanda gülümsə”

Səni bədbəxt günə qoyan bu cəmiyyət sonda sənə belə deyir “Sənin bədbəxtliyin sənə aiddir, ona görə də çölə çıxanda gülümsə”- kitabdakı bu fikir də təqdirəlayiqdir. Əslində cəmiyyətin bizə özümüz olmamaq üçün verdiyi bəhanədir. Sanki sən bütün çətinliklərə baxmayaraq, xoşbəxt olmasan belə, çölə çıxanda gülürsənsə, güclüsən, iradəlisən falan, filan. Heç bir məna tapammadım. Siz tapdınızsa, yazın, bilək. Nə gərək var ki?! Kim üçün gülməliyik? Yoxsa “hamı xoşbəxt olsun, sən olma” prinsipi üçün?!!!

İnsanlar çox tələsirlər, amma hara tələsdiklərini bilmirlər

Bu yaxınlarda Teymur paşam yazmışdı ki, kasıb adamın pulunun olmadığı aydındır, amma vaxtının olmaması yox. Ətrafa nəzər salsaq görərik ki, məqsədsiz şəkildə harasa tələsən insanlar olduqca çoxdur. Teymurlaşma prosesini keçən qlamurlar isə özlərini daim dəbi izləyən, həyatını elmə, yüksək intellektə həsr edən görüntünü vermək üçün çox tələsirlər. Hansısa teatrda onlara öz oturacaq yerini tapmamışdan əvvəl, mütləq şəkildə Wi-Fi parolunu bilmək lazımdır ki, check-in etsin.

Həqiqət topluluğa gəlmir, fərdə gəlir.

Bu fikir də maraqlıdır. Belə qlamur və qlamurkalar fikir vermisinizsə, adətən daima narazıdırlar, sanki onlardan olsa, burada yaşamazdılar, sanki onlara bu insanların arasında yaşamaq əzabdır, amma neynəsinlər, məcburdurlar. Bir-iki hobbifason bir şey tapır, onlarla özlərini təsəlli etməyi sevirlər. Və adətən də düzəlməsini istədikləri cəmiyyət üçün, danışmaqdan başqa iş etmirlər. Ok, cəmiyyətimizdə çox çatışmazlıqlar var, bəs sən nə etmisən? Təhsil almısan deyəcəksən, bəs onu necə istifadə etmisən, necə faydalı olmusan? Cavabları belə olacaq – “məni burda başa düşmürlər!!!”

Səmimi edilən nifrət, qeyri-səmimi tərifdən olduqca dəyərlidir. Hər şeydə məqsəd güdmək olmaz, əziz dostlar. Ən əsas da xoşbəxt görünmək üçün yox, xoşbəxt olmaq üçün yaşamaq daha yaxşıdır, məncə. İttiham etməyin, qaranlığı söyməyin, dəyərli qlamur və qlamurkalar, bir şam da Siz yandırın :)


Növbəti dəfə daha faydalı olmaq diləyilə...
Yazının müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur !!!

22.02.2015

Facebook fan səhifədə "cover photo"dan effektiv istifadə nümunəsi

Bu gün bir çox şirkətlər vacib hesab etdikləri informasiyaları facebook fan səhifələrinin "cover"lərinə şəkil kimi hazırlayıb paylaşırlar. Bildiyiniz kimi cover hər kəs tərəfindən görülməsi daha asan və yaddaqalandır. Bunu nəzərə alaraq biz də İdealın facebook səhifəsində mütəmadi olaraq istifadə edə biləcəyimiz silsilə cover şəkliformasında maraqlı məlumatlar toplusu yaratdıq. Yəni burada bizim sektora aid fərqli-fərqli faydalı məlumatlardan tutmuş, ümumi şirkətə aid məhsullar, loyallıq sistemləri və ondan istifadə qaydaları haqqında informasiyalar vahid konsept şəklində fanlara çatdırılır. Onu da qeyd edim ki, bu tip məlumatların eyni dizayn və formatda olması çox önəmlidir. Çünki bu qısa deyil uzun müddət üçün istifadəyə hesablanıb. Bu halda isə get-gedə müştərilər bu stilə öyrəşməyə və onu növbəti dəfə də izləməyə maraqlı olur. Əlavə çox şərh vermədən nümunə kimi aşağıdakı təqdimatı Sizlərlə paylaşıram:

BII The Internet Of Everything 2015

"The way we access the internet has changed rapidly over the past few years, transitioning from desktops to mobile devices. 

Now, the internet is expanding again — coming to all of the everyday devices found in our homes, businesses, and cities. 

We’ve created a slideshow highlighting the most important ways the Internet of Everything market will develop, the benefits newly connected devices will offer consumers and businesses, and the potential barriers that could inhibit growth."


2015-ci ilin CLEİ (Customer Loyality Engagement İndex) qalibi olan brendler


31.01.2015

Marketinq Parti-Marti - 2015-ə ideal giriş

Əziz dostlar, bilirsiniz kimi biz 10.01.2015 tarixində aktiv marketinq qruplarından biri olan "Marketinq Azərbaycan" qrupunun yaranmasının 3 illiyini qeyd etdik. Və bu il ilk dəfə daha sistemli və daha professional şəkildə əyləncəli görüşümüz oldu. Həm çoxlu mükafatlar verdik, həm sürprizlər etdik, həm də doyunca stres atdıq. Ramada Şıxov otelində 150 nəfərdən çox marketinq əhli bir araya gələrək dedik, güldük, əyləndik, müzakirələr apardıq. Sektor nümayəndələrinin tez-tez görüşməsində çox böyük fayda var. Bu tip hər görüşdən həmişə yeni nələrsə öyrənirik. Çox danışmadan Özfilm-ə təşəkkür edərək tədbirimizdən hazırlanmış qısa videonu Sizinlə paylaşıram:


Marketinq Parti-Marti (Marketinq Azərbaycan qrupunun 3 illiyi) 10.01.2015 from Hunaltay on Vimeo.

David Ogilvy - Reklamçının etirafları


Bu yaxınlarda Orxan Amrullayevin tərcüməsində reklam dühalarından hesab edilən David Ogilvy-nin "Reklamçının Etirafları" adlı kitabını alıb oxudum. Marketinq Azərbaycan qrupunda da kitabın və eləcə də mövzunun müzakirəsi getmişdi. Və o müzakirədə mən də bildirmişdim ki, kitabı oxuyub daha sonra fikirlərimi, qeydlərimi, tənqidlərimi bildirəcəm. Əvvəla ondan başlayım ki, kitab gözlədiyimdən də qat-qat yüksək səviyyədə tərcümə olunub. Buna görə tərcüməçini təbrik edirəm, böyük iş bacarıb. Ümumiyyətlə bu tip cəhdlər marketinqin Azərbaycanda inkişafına böyük töhfədir və təqdirəlayiqdir. Bacardıqca özümüz də belə tərcümələr etməli, etmiriksə, edənlərə dəstək olmalıyıq. 

Bu yazıda mən Sizə kitabdan seçdiyim Ogilvinin bəzi sözlərini və onlar barədə acizanə şərhlərimi paylaşacam. Baxmayaraq ki, kitab çoxdan yazılıb, amma orada səslənən fikirlər var ki, bu gün də aktualdır, oxuyub əməl etməmizdə fayda var.

"Bu gün yazsaydım daha təvazökar, daha düşüncəli olar, daha az öyüd verərdim" - deyir Ogilvy. Demək ki, illər keçdirkcə, insan az danışıb çox iş görməlidir. Bizim reklam dünyasında özümüzdən çox işlərimiz danışmalı, bizi tanıtmalıdır. Təkəbbürü bir kənara atıb hər şeydən müsbət tərəfləri götürməliyik. Ogilvy özü Fortune jurnalını bir dəfə "Ogilvy dahidirmi?" adlı məqaləsində yazının sonunda sual işarəsi qoyduğu üçün məhkəməyə vermişdi. Əminəm ki, sonradan bu addımına görə peşman olub. Biz bu gün haqqımızda yazılanlara ilişib qalsaq, çox qabağa gedə bilmərik. Səhv etməkdən qorxmaq lazım deyil. 

"Şirkət daxilində siyasətçilərdən, yaltaqlardan, qoçulardan, lovğalardan və insaf baxımından kasad olanlardan uzaq dururuq. Yüksək səviyyələrə gətirdiyimiz insanların digər xüsusiyyətləri qədər şəxsiyyəti də bizim üçün vacibdir" - bu cümlələrə hansısa əlavələr etmək çox çətindir. Necə də yerində, necə də dəqiq deyilmiş və hiss olunur ki, illərin təcrübəsindən süzülmüş bir ifadədir. Bu gün yəqin ki, bir çoxlarınız bu ifadə ilə iki əlli razılaşırsınız. Bəzən şirkətlərimiz bilərəkdən "şirkət idarəetməsinin yollarından biri" deyib bu cür insanlardan şirkət daxilində istifadə edirlər. Bilmirəm kim deyib ki, bu cür insanlardan istifadə etmək, işçilər arası konfrantasiya yaratmaq, onları bir-birinə qarşı qoymaq idarəetmə üsuludur, amma inanın ki, yalandır, şərdir və böhtandır. O vaxt Çörçilin bir sözünü oxumuşdum. Deyirdi ki, "dövlət adamlarını siyasət adamlarından fərqləndirən bir xüsusiyyət var. Siyasət adamları gələcək seçkiləri, dövlət adamları isə gələcək nəsilləri düşünür". Bunu hardasa şirkətdaxili məsələlərə uyğunlaşdırsaq görərik ki, şirkətin daxilində belə siyasətçilər qətiyyən və qətiyyən şirkət mənafelərindən deyil, ancaq öz mənafelərindən çıxış edir, hər addımlarında "kimi atıb, kimi dartıb qabağa düşə bilərəm" deyə fikirləşir. Nəticədə isə iş mühiti daim neqativlə dolur və bu işçilərdə stres və uzun müddət davam etdiyi halda isə demotivasiya yaradır. Unutmayın, həmişə işçini neqativlə yükləmək olmaz. Həmişə neqativ eşidən işçi əmin olun ki, bir müddət sonra buna "öyrəşəcək" və növbəti dəfələrdə bu ona elə də qəribə gəlməyəcək. Pisə pis deməyi bacarırıqsa, yaxşıya da yaxşı deməyi bacarmaq lazımdır. Şirkət daxilində ikinci bu tip təhlükəli insanlar yaltaqlardır. Onlar rəhbərə yaltaqlanmağı işinin bir hissəsi bilir və bundan əksər hallarda heç utanmırlar da. Amma adətən belə insanlar özgüvəni zəif olan insanlardır. İnsan öz bilik və bacarığına güvənirsə, heç kəsə yaltaqlıq etmək ehtiyacını hiss etməz. Hələ bu biznesdə 100% belədir. Yazını oxuyan rəhbərlər ola bilər ki, ürəklərində düşünsün ki, siyasətcil menecer şirkətə necə ziyan vura bilər axı?! Deyim necə. Deyək ki, siyasətcil menecer özünə rəqib hesab etdiyi digər həmkarının hansısa yalnış işini görür və bu işin şirkətə məsələn, 100 min manat ziyan vura biləcəyini bilir. Siyasətcil menecer bu misalda heç bir halda şirkətə o ziyan dəyməmiş ortaya çıxmaz, heç kimə heç nə deməz. Əksinə gözləyər ki, rəqib hesab etdiyi həmkarı o səhvi etsin, bu isə o səhvin ucundan tutub ucuzluğa getsin. Nəticədə həmin həmkarını rəhbərin qarşısında gözdən salmağa nail olsun. Amma nəticədə isə şirkət 100 min ziyanda olur. Şəxsən şirkətdaxili bu hərəkətləri ən cılız və qorxaq addım hesab edirəm. Unutmayın ki, həqiqət gec-tez bir boşluq tapıb oradan üzə çıxır.

"Onlar reklam edib brendlərini gücləndirməkdənsə, ucuz sataraq satışın həcmini artırmağı üstün tuturlar. Hətta səfeh bir insan da məhsulun qiymətini aşağı sala bilər, ancaq brend yaratmaq beyin və stabillik tələb edir" - Bu bir növ satışla marketinq arasında müharibənin qısa açıqlamasıdır. Bazarda real olaraq görürük ki, çox brendlər rəqabəti ancaq qiymət üzərindən edirlər. Nəticədə isə müştərilərdən başqa heç kim qazanmır və brendiniz get-gedə gözdən düşür. Daha öncəki yazılarımda da qeyd etdiyim ki, yüksək servis göstərin, qiymətiniz hətta yüksək olsa, belə Sizi seçəcəklər. Qısamüddət ərzində qazanc əldə etmə hissini sahibkarların aspektindən tam başa düşmək olar, amma bu davamlı olmamalıdır. Heç olmasa birinin dozasını artıq edəndə, növbəti dəfə ağırlığı o birinə, yəni imicə vermək lazımdır. Erenberq deyir ki, "insanlar qiyməti aşağı salan brendlərdən istifadə edir, sonra yenə əvvəl istehlak etdikləri brendlərdən istifadə etməyə davam edirlər". Yəni qısa desək, sizin məhsulu "ucuz"luğuna görə alan adam, əmin olun ki, sabah əlinə pul keçən kimi sizi corabını dəyişən kimi dəyişəcək.

"Heç bir şirkət agentliklərə az ödəməklə zəngin olmayıb. Endirim vərdişi olanların agentliyin də ödənişini endirmək kimi vərdişləri var" - bu sözlə hardasa razılaşmaq olar, hardasa yox. Agentliyə az ödəməklə zəngin ola bilməmək gün kimi aydındır, amma agentliyin hər dediyini də ödəmək məntiqsizdir. Hələ Azərbaycanda agentliklərin bəziləri 2-3 iş görən kimi həndəsi silsilə ilə qiymətlərini qaldıra bilirlər. Ümumən isə hər iki tərəfdən çox "çürükçülük" etməyin heç kimə faydası olmadığını deyə bilərəm. Ogilvy deyir ki, ömründə heç nə satmayan adama Sizin reklamı düşünməsinə icazə verməyin. Belə adamların tək məqsədi reklamı incəsənət kimi görüb, çəkdikləri işə Kann festivalında qürurla tamaşa etməkdir. Onların vecinə də deyil ki, bu məhsul satılacaq ya yox. 

"Qadınların aldığı məhsulların reklamını kişilərin yazmağına icazə verməyin" - burada təbii ki, cümləni hərfi mənada başa düşmək olmaz. Amma ümumən reklamını etdiyimiz məhsulu hiss etməsək, o auraya girməsək effektli və çox təsirli reklamlar yarada bilmərik. Ölüm hökmünə məhkum olunmuşların yaşadığı hissləri yaza bilmək üçün özünü onların yanına saldıran jurnalist haqqında yəqin ki, oxumusunuz.

"İrəlidə öz yerlərinə keçə biləcək potensiala sahib insanları işə götürənləri alqışlayıram. Əhəmiyyətli işlər üçün xaricdən işçi dəvət etməklə heç aram yoxdur və bunun heç lazım olmayacağı günü dörd gözlə gözləyirəm" - Qısqanclıq hissi dozasını aşmadığı müddətcə insanları hərəkətə motivə edə bilir. Amma çox vaxt biz qısqanclıqla haqsızlığı qarışdırırıq. Etdiyimiz haqsız bir hərəkətə qısqanclıq adını verib vicdanımızı rahatlada bilirik. Bu gün şirkətlərimizdə öz yerini itirməkdən qorxan bir xeyli adam var. Bunu menecer səviyyəsində hardasa başa düşmək olar. Amma rəhbər səviyyəsində öz işçisini, onun üçün çalışanı özünə rəqib görən və ya ona qısqanclıq edən, bir az davam etdikcə isə qısqanclığı haqsızlığa keçən rəhbərləri heç cür başa düşə bilmirəm. Axı bu işçi nə qədər yaxşı olsa, sənin işinə bir o qədər çox fayda verəcək. İşi bir əldə tutmaq istənilən insanı gec-tez yorar. İşi sahibinə buraxıb idarə etmək daha məntiqli deyilmi?! Xaricdən işçi gətirmək məsələsi də bu gün tez-tez rastlaşdığımız situasiyadır. Əvvəla onunla razıyam ki, yerli bazarda kadr çatışmamazlığı var. Və bəzən bizim işçilərin ambisiyaları bacarıqlarından qat-qat üstdə olur. Bu öz yerində. Amma çox hallarda isə xaricdən işçi gətirmədə şirkətlər aşağıdakı səhvləri buraxırlar. Birinci xaricdən gələn işçilərdən balıq tutmağı öyrətmələrini yox, balığın özünü istəyirlər. Amma Siz də bilirsiniz ki, xaricilər gəldiyi kimi günün xoş bir günündə kefinə görə hər şeyi pis vəziyyətdə tərk edib  gedə bilər. Çalışmaq lazımdır ki, onlar yerliləri öyrədə bilsinlər, daha gəlib onsuz da şirkətdə mövcud cinahlardan daha birini də əlavə etməsinlər. İkinci məsələ elə bayaq dediyim kimi onları eyni anda bütün strukturlar üçün gətirmək ən böyük səhvdir. Bu halda onlar istər-istəməz bir-birilərinə yaxınlaşacaq və bir-birinin səhvini ört-basdır etməyə çalışacaq. Və də unutmayın ki, xaricilərə çox səlahiyyət vermək olmaz, gec-tez Siz yenə öz yerli işçilərinizlə işləməli olacaqsınız, o zaman isə o ana qədər ki demotivasiyalarını motivasiyaya çevirməyiniz Sizə xeyli baha başa gələ bilər. 

"Başda duran adamın bir məsuliyyəti var: Yaradıcı insanların faydalı işlər görə biləcəyi atmosfer yaratmaq" - İdarəçilik barədə bundan gözəl açıqlamaya rast gəlmədim. Əziz rəhbərlər, kreativ direktorunuzun yerinə sloqan düşünməyin, qoyun o işi özü görsün, reklam menecerinizin yerinə reklama qarışmayın, buraxın etsin və məsuliyyətinə də tək şərik olsun, fəhləyə yeri necə belləməyi göstərməyin, ona vaxt itirməyin, detallara ilişib böyük işlərdən, böyük düşünməkdən özünüzü məhrum etməyin. Siz sadəcə ö mühiti yaradın və icazə verin, hər kəs özünü sübut etsin. 

Sonda isə yazını yenə elə Ogilvinin öz sözləri ilə bitirirəm. Ümidvaram faydalı oldu.

"Mükəmməlliyin arxasınca getmək, böyüklüyün arxasınca getməkdən daha az gəlir gətirir, amma əvəzində daha çox məmnuniyyət bəxş edir" Seçim Sizindir.

25.01.2015

Azərbaycanda müştəri və reklam agentliyi reallıqları

Çoxdandır Azərbaycanda fəaliyyət göstərən reklam agentlikləri və onlarla çalışan müştərilər barədə yazı yazmaq istəyirdim. Təcrübədən də rast gəldiyim bir neçə maraqlı məqamları özümdə qeyd etmişdim. Bu gün artıq onların bir yazıya sığacaq qədər olduğunu nəzərə alıb Sizinlə də paylaşmaq qərarına gəldim.

David Ogilvy deyir ki, "teatrdan sonra peşələr arasında ən etibarsızı, çox güman ki, reklamdır". Çox dərin mənalı bir sözdür. Mən isə reklamı və reklamçıları futbolçulara bənzədirəm, sanki 40 yaşına kimi özlərinin ən gözəl "qollarını vurmalıdırlar". Gün-gündən dəyişən reklam dünyası ilə uzlaşmaq o qədər də sadə deyil. Hər gün biz fərqli müstəvilərdə olan söhbətlərdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif reklam agentliklərini dünya ölkələri ilə müqayisə edir, ağız dolusu gileylənirik. Bu həm də agentliklər tərəfindən yerli şirkətlərimizin inkişaf etmiş dünya ölkələrindəki müştərilər (reklamverənlər) ilə müqayisəsinə də aiddir. Agentliklər bir çox hallarda müştərilərin onları anlamadığını, müştərilər də agentliyin onlara ancaq pul mənbəyi kimi baxdıqlarını deyirlər. Bu yazıda mən Sizlə bugünədək görüb-götürdüyüm, təcrübəmdə rast gəldiyim bir neçə nüansı müştəri (reklamverən) və reklam agentlikləri üzrə təhlil etməyə çalışacam. İstər reklamverənlərin, istərsə də reklam agentliklərinin müsbət və mənfi xüsusiyyətlərinin yer aldığı xüsusiyyətləri aşağıda diqqətinizə təqdim edirəm. Baxmayaraq ki, mən həmişə reklamverən qismində çıxış etmişəm, amma əmin olun ki, maksimum obyektiv olmağa çalışdım. Razı olmadığınız və ya əlavələriniz olarsa, bunu şərhlərinizdə bildirsəniz, çox sevinərəm. Unutmayın ki, yazdıqlarımız doqma deyil, qanun deyil, səhv edə bilərik. Beləliklə,

10.01.2015

"Marketinq Parti-Marti"yə saatlar qalır. Bizi nələr gözləyir?!

Əziz dostlarımız və marketinq azərbaycan qrupunun üzvləri. Bildiyiniz kimi bizim bu gün "Marketinq Parti-Marti" adını verdiyimiz görüşümüz var. Görüşə saatlar qalır, bu bloqu yazaraq qısa da olsa, Sizə bəzi vacib məqamları çatdırmaq istəyirəm. Elə yolüstü də oxumaq olar. Beləliklə:
  • Niyə yığışırıq?
Bu il bizim qrupumuzun yaranmasının 3 ili tamam oldu. Artıq 3 ildir ki, bu qrup Azərbaycanda marketinq sahəsində baş verən yeniliklərin episentri rolunu oynayır. Qrupun bu 3 il ərzində 20-dək fərqli aspektdə görüşləri, tədbirləri olub. Bu tədbirlərlə yüzlərlə adam qatılıb, yüzlərlə insan faydalanıb. Qapalı olan qrupumuzda hazırda 6200 üzv 800-dən çox şirkəti təmsil edir. Bütün bunları 3 ilə sığışdıra bilən qrupumuzun 3 yaşını ilk dəfə fərqli formatda qeyd etmək istəyirik. Bu həm 3 yaşımız, həm də qrup üzvlərinin bir-birini daha yaxından tanıya bilməsi üçün keçirilən tədbirdir. Ümumiyyətlə sektor adamlarının tez-tez görüşməsində faydadan başqa heç nə yoxdur, hər yeni görüş yeni ideyalar, yeni tanışlıqlar, bazara yeni nəfəslərin gəlməsi deməkdir. 

4.01.2015

Məhərrəmin fəlsəfi "Kış Uykusu"ndan öyrəndiyi 6 fakt

Bloqumuzun açıqlamasında marketinqə aid hər şeydən deyil, lazımlı şeylərdən yazacağıq deyə qeyd etmişdim. Bu o tip yazılardır ki, sırf marektinqlə əlaqəli deyil, amma oxuyana və bilənə mütləq bir xeyri vardır. Marketer dediyin psixologiyanı çox yaxşı bilməli və bu bilgiləri şirkətinin, məhsulunun kommunikasiya və strategiyasında tətbiq etməyi bacarmalıdır. Və bu tip psixoloji yazılardan bir neçəsini daha öncə Sizlərlə paylaşmışam. Məsələn, "Mənim həyat fəlsəfəm" və "Həyata Teymurvari baxış" bu qəbildən olan yazılardır. Siz bu yazılarda Marketer Məhərrəmin bir çox məsələlərə psixoloji aspektdən yanaşma tərzini görə bilərsiniz. 

Bu dəfə isə Sizlərlə bu gün izlədiyim maraqlı (Cannes mükafatlı) bir film üzərindən diqqətçəkici frazaları və onlar üzərindən çıxan qənaətləri paylaşacam. Filmin adı "Kış Uykusu"dur. Verdiyim link vasitəsilə filmi tam izləyə bilərsiniz. İlk onu qeyd edim ki, sujet xətti bir az ağır olsa da, sonadək baxmağa dəyər bir filmdir. Xüsusən fəlsəfi və düşündürücü ifadələrlə zəngindir. Filmdə səslənən şərhlərə keçməzdən öncə Sizə aşağıda filmdən maraqlı frazaları paylaşıram:

1.12.2014

Təhsilimiz hara gedir?

Dediklərimiz yox, etdiklərimiz haqqında 

Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə ancaq gördüklərimdən, birbaşa və dolayı iştirakçısı olduğum məqamlardan yazacam. Aşağıda 7 istiqamət üzrə müsabət və mənfi dəyərləndirmələr etməyə çalışacam.

# Qafqaz Universiteti bir addım öndə

Səhv xatırlamıramsa, 1 il öncə olardı ki, yaxın dostların dəvəti ilə Qafqaz Universitetinə getmişdik. Universitetin rektoru Ahmet Saniç Azərbaycanda müxtəlif sektorlarda çalışan marketinq və reklam mütəxəssislərini görüşə dəvət etmişdi. Mən də bu görüşə Renat bəy və Xəzər Tv-dən Gökhan bəyin dəvəti ilə qatılmışdım. Ondan öncə Qafqazda çox olmuşdum, amma bu dəfə ətraflı məlumat ala-ala tanış olmaq imkanım oldu. Sonda isə səmimi bir ortamda rektorla görüşdük. Tam səmimi deyim ki, o zamanadək gördüyüm ən sadə və səmimi adamlardan idi Ahmet bəy. Marketoloqları yığmaqda məqsəd isə təhsilə dəstək çərçivəsində və onun da içərisində Qafqaz olmaqla universitetə tələbə cəlb etməyin, reklam kommunikasiyasını necə düzgün qurmağı müzakirə etmək idi. İlk dəfə idi ki, belə halla rastlaşırdım. Bir universitet rektoru reklam və marketinq mütəxəssisləri ilə problemlərini bölüşür, etdikləri işləri paylaşır və çıxış yolları haqqında bizdən məsləhətlər istəyirdi. Olduqca təqdirəlayiq hal idi. 10-dan çox bu sferada çalışan adamlar hərəsi üzərinə bir işi götürməyə, dəstək olmağa məmnuniyyətlə razı olmuşdu. Hətta o vaxt yeganə universitet idi ki, ayırca marketinq departamenti var idi. Digər universitetlərə örnək ola biləcək sistem qurulmuşdu. Düşünürəm ki, universitetlərimiz bu tip əməkdaşlıqları sıxlaşdırmalıdırlar ki, həm bizneslə, həm də reallıqla iç-içə olsunlar. Təəssüf ki, bugün özəl universitetlər var ki, dövlət universitetlərini çox-çox geridə qoyur.

# Təhsil Nazirliyi ilə pilot proqram tezliklə kütləviləşməlidir