14.06.2012

"Gillette"in brendinqi və "Coca-Cola"nın gözəl banneri

Bu gün bir çoxlarımız iş gününün ilk dəqiqələrini xəbər saytlarında keçiririk. Xarici və yerli xəbər saytları bir-birindən dizayn və mövzusuna görə çox fərqlənir. Azərbaycanda hardasa 15-20 arası müxtəlif tipli xəbər saytları var. Onların içində rus və azərbaycan dilli xəbər saytlarını mütləq ayırmaq lazımdır. Rus-dilli saytlarının içində son zamanlar məşhur olan Day.az idi ki, o da nə oldusa, bilmirəm, amma reytinqi çox aşağı düşüb əvvəlkilə nisbətdə. Azərbaycan dilli saytlarda isə Lent.az-ı yenə də nisbətlə başqalarından ayırmaq olar. Qalanları istər dizaynı, istər tematikası baxımından stabil vəziyyətə çata bilməyib demək olar. Hətta Lent.az özü belə son bir neçə ayda bir neçə dəfə dizaynına dəyişiklik edib. Məsələn, mən hər gün ən azı 1 dəfə bu saytı başdan ayağa "darayıram". Əsasən reklam, dizayn nöqteyi nəzərindən yanaşdığıma görə digər saytların adını çəkmirəm. Məsələn, sırf informasiya baxımından oxuduğum saytlar içində Azadlıq.org və Musavat.com da var, lakin bu saytlar dizyan və reklam baxımından çox darıxdırıcı gəlir. Rus-dillilərdə isə ən çox bəyəndiyim 1news.az-dır. Qərara gəldim ki, bu yaxınlarda xəbər saytlarının sorğusunu keçirim, amma sorğunu keçirməmişdən öncə qısaca fikirlərimi bölüşmək istəyirəm.

12.06.2012

Azərbaycanın ilk taksit layihəsi haqqında 15 aydan sonra

Bir dəfə İstanbulda olarkən, dəyəri 10 manat olan bir kitabı alacaqdım. Satıcı kitabı kassaya təqdim edərkən neçə taksit olacağını dedi və mən o an fikrə getdim. 10 manatı da bir neçə hissəyə bölməkmi olar?! Demək ki, olarmış. Gələndən sonra da bir xeyli bu məsələ üzərində düşündüm. Təbii ki, ilk ağlıma gələn parfumeriya və kosmetika sektorunda bu işi görmək idi, amma problem onda idi ki, Azərbaycanda ümumiyyətlə taksit sisetmi yox idi, ən yaxşı halda insanların beynində Baku Electronics-in sərfəli kredit şərtləri vardı ki, bu da taksit deyildi, təbii ki. Müdirlə də uzun-uzun bu məsələni müzakirə etdikdən sonra qəti qərara gəldik ki, bu sistemi Bakıda mütləq buraxmalıyıq. O zamanlar ilkin müzakirələrdə yaxın dostum Həsənlə də tez-tez müzakirə edirdik. Həqiqətən müştərinin təsəvvürü olmayan bir iqtisadi anlayışı bir şirkət olaraq üzərinə götürmək və onu beyinlərə yeritmək cəsarətli olduğu qədər də, riskli addım idi. Çünki bu iş yatırım tələb edirdi. Nəysə ki, sonunda qərar verdik ki, risk etməyə dəyər, əgər dünya bu sistemi qəbul edib və satışların əhəməiyyətli hissəsini bununla edirsə, bizdə də niyə olmasın. 

ADverdiklərim silsiləsindən: gÖZƏL Endirim

Özəl və Gözəl sözü ilə maraqlı söz oyunu edib endirim kampaniyalarından birinə bu adı verdik: GÖZƏL ENDİRİM


İlk dəfə 24 saat işlədik

Bu dəfə də 2010-nun dekabrında fərqli nə edək düşündük və qərara gəldik ki, gəlin bu dəfə yeni il qabağı 24 saat işləyək. Çünki insanlar bəzən istədikləri yerlərə gedir və sonda alış-verişə zamanları qalmır, xüsusən də bu yeni il ərəfəsi olur. Məsələn, yeni il qabağı daim dost-tanışlarla görüşlər olur, qonaq gedilir, gec saatlarda da qonaqlıqdan çıxan biri üçün yaxınlıqda açıq bir mağazadan tələbatını qarşılaması vaxtına çox qənaət etdirmiş olardı. Bu kimi nüansları nəzərə alıb 4 gün 24 saat işləməyə qərar verdik. Açığı nəticələr heç də pis olmadı, hətta saat 5-də Nizami küçəsindəki mağazamızdan da alış-veriş edənlər olmuşdu. Təbii ki, bu prosesi yaddaşa yazmaq üçün PR olunmalı idi, ama biz bunu etmədik, onu edəcək zamanımız da çox az idi. İstənilən halda sektor üçün bir yenilik idi və FB səhifəmizdə yazılanlardan da gördük ki, müştərilər çox məmnun qalıb.




ADverdiklərim silsiləsindən: Maksimum İDEAL

2010-nun noyabrında İdealda bpyük bir kampaniyaya start verəcəkdik. Uduş fondu kifayət qədər böyük və dəyərli idi, belə ki, uduşda Nissan Maxima avtomobili vardı. Biz isə kampaniyanı lotoreya formasında keçirməyi düşünürdük. Bir az düşünüb elə adını da "Maksimum İdeal" qoydum. 



2QAT BAYRAM - RAMAZAN

2010-cu ilin sentyabr ayında daha bir Ramazanı qarşılayarkən düşündüm ki, niyə bizdə Ramazan, məsələn Türkiyədəki kimi qeyd edilmir. Əsasən də bu işin niyə bizdə də ticarəti qızışdırmadığını düşünürdüm. Qərara gəldim ki, rəhbərliyə məhz bu ayda Ramazana özəl endirim kampaniyası təklif edim, ilk başdan etiraz olunsa da, sonradan müzakirə edib razılığıa gələ bildik. Və o ərəfədə Azərbaycanda hər kəsin Ramazanda sadəcə tv-də "filan şirkət Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir" tipli reklamları gedirdi. Sanki insanlar risk etmirdi nəsə etməyə və ya bunu Ramazanla əlaqələndirməyə. Hətta ilk dizayn təklifində məscid şəkli olduğuna görə də "risklidir" deyə cavablar almışdım, amma israrlıydım, etməliydim. Və həmin an gəldi və biz o günlər müştərilərə 20% endirim etdik. Halbuki adi vaxtlarda müştərilərə əsasən 15% edirdik. Nəticə isə gözlədiyimizdən qat-qat artıq oldu. Az qala mart satışlarına yaxın rəqəmlər aldıq. Çox sevindiricidir ki, radio, vitrinlərdə, internetdə aktiv reklamlarımızdan sonra rəqibimiz və başqa bir çox şirkətlər də gələn ildən eyni şeyi etməyə başladılar. Demək ki, insanların arasında olub, nəyə dəyər verdiklərini, tələb olduğunu öyrənmək lazımdır ki, ona uyğun da təklif hazırlamaq çətin olmasın.


Parfum və kosmetika sektorunda ilk endirim sistemi

2009-cu ilin aprelində İdealda işə start vermişdim. Və elə o vaxtdan beynimi ən çox məşğul edən hər yerdə olduğu kimi bizdə də endirim sisteminin olması idi. Bunun üçün bir çox şirkətlərlə danışıqlar apardıq. Nəhayət bir rus şirkəti ilə razılaşıb o zaman üçün parfumeriya və kosmetika sektorunda ilk biz 5-20% aralığında endirim verən kartları buraxdıq. Tam 1 il bu sistemlə işlədikdən sonra endirimləri daha 5 % artırdıq və maksimum endirimimiz 25% oldu. İlk başlarkən rəqib bunun müştərilərin gözündə ucuz göründüyünü iddia edirdi, lakin 1,5 il sonra özü də eynilə bu sistemi buraxdı. Çünki müştəri ona sərf edəni seçir, hər nə qədər özünü yüksək tutsanda, müştəri mal deyil, fayda alır. O zaman üçün öz taktikamızın düzgün olduğuna əmin olub bu addımı atmışdıq. Və zaman göstərdi ki, doğru yoldayıq. O doğru seçimin nəticəsidir ki, bu gün Azərbaycanda ən böyük müştəri bazasına sahib məhz İdealdır. Aşağıda Sizə ilk və sonrakı dizayn örnəklərini təqdim edirəm.

Sistem istər-istəməz müştəridə maraq oyadırdı. Belə ki, 5%-li kart sahibi daha çox alış-veriş edərək yuxarı çıxmağa cəhd edirdi. Həm şirkət olaraq daim ən üstün aksiyaları məhz bu kart sahiblərinə edirdik ki, insanlar mağazamıza bir dəfə yoldan keçəkən deyil, daima ziyarət etsinlər. Hazırda məhz bu sistemin üzərindən də CRM işlərimiz quruldu və biz bu gün yeganə şirkətik ki, ideal kart sahiblərinin hər biri öz doğum günündə zənglə şəxsən təbrik olunur və ona xüsusi təkliflər edilir.



ADverdiklərim silsiləsindən: İdeal Yay

2010-cu ildə keçirdiyimiz bir çox kampaniyalara ideal adı ilə bağlı adlar qoyurduq. Bu da onlardan birisi - İdeal Yay. Ad və dizayn brifi bəndənizə məxsusdur.