30.03.2013

Marketoloqun stres altında işləməsi kimə faydalıdır?


Dekabr girəndən mart çıxana kimi olduqca gərgin bir 3 ay keçirdim. İşin biri bitməmiş o biri, bu biri başlamamış yenisi və s. deyə-deyə, edə-edə gəldik mart sonuna. Məlumat üçün deyim ki, 3 ayda 14 fərqli kampaniya keçirmişik. İndi düşünün bunların hər birinin marektinq tərəflərini, hazırlıqları və hamısının bir yerdə bəxş etdiyi stresi. 

Son zamanlar narahatçılıq hiss etdiyimdən həkimə getdim, dərin nəfəs alma ehtiyacı yaranmışdı, dərin nəfəs almasam narahat olurdum. Elə ağzımı açıb bunu demişdim ki, dedi “stresdəndir hamısı”. Bunu deyən də elə-belə adam deyildi, yoxsa deyərdim ki, bir şey tapmayanda səbəbini əsəbə, stresə bağlayırlar. Adam Amerikan Hastanesinin tanınmış həkimlərindən biridir. 

Bundan sonra oturdum papağımı qoydum qabağıma və bu haqda fikirləşməyə başladım. Bizi həyatın hər anında qarabaqara izləyən bu stress nədir axı, lazımdırmı, çoxdurmu, azdırmı deyə düşündüm. Və belə qərara gəldim ki, biz insanoğulları günümüzü qaçaqaçda keçirə-keçirə heç fərqinə də varmadan ömrümüzdən getdiyini hiss etmirik. İşlə-işlə yaxşı yaşamaq üçün, o yolda stress hər addımda yol yoldaşın olsun, istədiyin nədirsə, sonda nail ol ona, amma sağlamlığın getsin. Bu bizə lazımdırmı bəs? Əlqərəz başladım bir az stres haqqında araşdırmağa, eşələndim və bir şeylər tapdım. Elə təzəcə yazmağa başlamışdım ki, sağ olsun, İdealın fb səhifəsində birinin xanım konsultantı “ağzına duxi tıxamaqda” hədələdiyini oxuyanda tamam əsəb və stresə düşdüm, dostum Anar demiş mövzuya bir az da duz qatdı. Nə isə… 

16.03.2013

24 mart marketinqdə yaz havası əsəcək

Artıq bir müddətdir ki, ən aktiv marketinq qrupu olan Marketinq Azərbaycanda xoş bir yaz havası hakimdir. Belə ki, mart ayı girərkən qrupun yaradıcılarından biri kimi cover şəklimizi necə kreativ dəyişək dedik və düşünməyə başladıq. Çox keçmədi ki, ağlıma bir fikir gəldi və həmən onu qrupun aktiv üzvlərindən olan Rəşad Baxışova dedim. Nəticədə yuxarıda gördüyünüz şəkil alındı. Sloqanımız "Marketinqə 4Ç gəldi" oldu. Bilirsiniz ki, marketinq deyilən kimi ağla gələn ilk fikirlərdən biri də 4P-dir. Maraqlı və əyləncəli sintez olsun deyə martda milli bayramımız Novruzda olan 4 çərşənbənin şərəfinə 4Ç kimi modifikasiya etdim və Rəşad da çox gözəl şəkildə bunu dizaynda əks etdirə bildi. Hər çərşənbə günü tonqallardan birini "yandırırdıq". Bu haqda bu qədər.

Nəhayət 4-cü Ç-ni "yandırmağa" az qalmışdı ki, düşündük ki, bizim üçün ən səmimi və daha canayaxın olan Novruz münasibətilə mütləq şəkildə görüşməliyik. Bundan öncə 28 Cinemada marketerlər toplaşmışdı. O görüş də qrupun təşəbbüsü ilə baş tutmuşdu. Bu dəfə isə daha böyük, daha fərqli bir şey etmək lazım idi.

İlk öncə qrupda sorğu keçirib 24 martı görüş vaxtı kimi təyin etdik. Daha sonra isə yer təklifləri ilə bağlı qrupda elan verdik. Xoşbəxtlikdən AZURE ticarət mərkəzindən gözəl təklif gəldi və bu işdə göstərdiyi səyə görə Firdövsiyə böyük təşəkkür düşür. Beləliklə, 24 mart 15:00-da Azure-da Şəki restoranında görüş baş tutacaq, inşaAllah. Biz görüşə qrupun bütün üzvlərini dəvət edirik. Mövqeyindən, dost, rəqib olub-olmamasından asılı olmayaraq bütün marketinq əhlini, şirkətləri, onların nümayəndələrini görmək xoş olardı. Bu görüş marketinqin uğuru olacaq və bu uğura dəstək olmaq, ona mane olmaqdan daha asandır. Çünki artıq dostlar sayəsində hamılıqla və qrup olaraq elə bir gücə sahib olmuşuq ki, ona mane olmaq heç məntiqli deyil, mümkün də deyil. Buna İlkin də öz yazısında çox gözəl toxunmuşdu. Və İlkinin də vurğuladığı kimi biz ilk dəfə olaraq FMR TV vasitəsilə bu görüşü canlı yayımlamaq niyyətindəyik. İnşallah bir problem olmasa, görüş canlı şəkildə yayımlanacaq. Beləliklə, görüşə üzrlü səbəbdən gələ bilməyənlər buradan da izləyə biləcəklər. Əminəm ki, canlı izləyənlər gələnlərdən ən az 2-3 dəfə daha çox olacaq.

Görüşümüzün əsas özəllikləri haqqında da bir-iki kəlimə demək istərdim:

- Bununla marketinq əhlinin çoxdan gözlədiyi, istəyib amma reallışdırmada çətinlik çəkdiyi faydalı münasibətlər və əlaqələrin qurulması mümkün olacaq. Qrup üzvləri və bütün marketinqi sevən dostlar arasında işdən kənar qeyri-rəsmi və səmimi mühitdə əylənəcək, həm də fikirlərini bölüşəcəklər.
- Görüşdən öncə, yəni saat 13:00-da Megafun-un sponsorluğu ilə marketerlər arasında Boulinq yarışması keçiriləcək. Qalib Megafun-dan 100 azn dəyərində hədiyyə kartı qazanacaq.
- Şəki restoranının qonağı olacağıq. Menumuzda isə demək olar ki, hər şey olacaq. Çox gözəl və hamının bəyənəcəyi süfrə olacağına olduqca əminik. Xüsusən canlı musiqi fonunda yeyib-içmək daha çox ləzzət edəcək. Firdovsi deyir ki, mikrofonumuz da olacaq, ona görə də istəyən oxuya da bilər, söz də deyə bilər. 
- Çox gözəl bir brend-wall hazırlanır. Bunun üçün də Musa Musayevə təşəkkürlər. Həqiqətən qrup, komanda olmağın üstünlükləri budur. Hər şeyi ortaqlaşa, paylaşmaqla asanlaşdırmaq olur. Qrup üzvlərinə öz imkanlarını əsirgəmədiklərinə görə çox minnətdaram. Biz həqiqətən də Sizinlə birlikdə çox güclüyük. Hələ professional fotonu demirəm.

Belə. Şəxsən özüm çox səbrsizlənirəm. Həyəcan verir düşündükcə. Öhdəsindən gələcəyimizə çox inanıram. Əminəm ki, bir çoxları üçün mümkünsüz olan mümkün edə biləcəyik. Sizi 24 martda AZURE-da gözləyəcəyik. Bizə buradan qoşula bilərsiniz.

10.03.2013

İlkin Manafov Məhərrəmin qonağıdır

www.ilkinmanafov.com
Bu gün qonağımız var. O, hamımızın yaxşı tanıdığı ən aktiv marketoloq bloggerlərdən olan İlkin Manafovdur. İlkin, bir çox marketoloq dostların şəxsi bloqlarına qonaq olur. Bu gün də növbə Məhərrəmindir. Marketoloq Məhərrəmin blogunun login parolu həmişə bu cür proyektlər üçün açıqdır. Sözü verək qonağa:

Əziz oxucu, bu bloq yazımda mən yaxın dostum, Azərbaycanda ən kreativ marketinq direktorlarından biri olan Rafiq müəllimin mənə yaratdığı tribunadan istifadə edəcəm. Rafiqin bloqunda yazı yazmaq çox məsuliyyətli olduğunu qəbul edirəm və inanıram ki, yazı bloqa uyğun olacaq. 

Mən Sizinlə bu yazıda uğurlu marketoloq olmaq üçün ən vacib şərtlərdən biri olan peşəyə qarşı sevgidən danışacam. Beləliklə başlayaq?! 

Məndən soruşan olsa ki, dünyada ən sevdiyiniz peşə nədir?! Mən heç düşünmədən marketoloq deyərdim. Həqiqətəndə bu peşə insanda ətrafdakıları daha düzgün başa düşməyə təmin edir, həqiqətəndə bu peşə insanda sərhədsiz düşüncə və ən əsası ətrafdakı proseslərə, insanlara qarşı sevgi aşılayır. Marketinq bizə yalnız insanları sevməyi öyrətmir, həmçinin izah edir ki, sevgigiz marketinq olmaz. Bilirsiz niyə?!


Dostlar bizim peşədə uğur qazanmaq öz üzərində ciddi işləmək lazımdır. Deyə bilərsiniz ki, bu bütün peşələrdə belədir. Düzdür. Lakin marketoloq digər peşə sahibləri ilə müqayisədə daha çox oxumalı, daha çox düşünməlidir. Səbəbi çox sadədir. İnsan yer üzərində ən dəyişkən canlıdır, biz marketoloqlar isə öz işimizi məhz insan ehtiyyaclarının üzərində qururuq. Artıq yalnız insanların ettiyyaclarını öyrənmək və bu ehtiyyacları ödəmək azdır... bügün biz yeni ehtiyyaclar yaratmalıyıq!!! 

Dostlar bizim peşədə uğur qazanmaq üçün cəmiyyətdə gedən yeni tendensiyaları vaxtında və düzgün görmək vacibdir. Marketoloq yalnız, marketinq bilməli deyil. Holliwooda yeni kino çıxıb, birinci marketoloq təhlil etməlidir, yeni rep-ulduzu çıxıb birinci biz baxmalıyıq, birinci fast-food tipi çıxıb (misal üçün) yenədə birinci biz başa düşməliyik. Səbəb?! Səbəb cəmiyyətdə baş verən tendensiyaları biz düzgün qəbul etməli və öz istəklərimizə uyğun dəyişməliyik. 

Dostlar bizim peşədə uğur qazanmaq üçün keçmiş haqqında dolğun məlumata sahib olmalıyıq. Bəzən marketoloq tarixi, tarixçilərdəndə yaxşı bilməlidir, bəzən marketoloq etnoqrafiyanı öyrənməlidir, bəzən marketoloq psixoloqiyanı... və s. Bilirsizdə bunun üçün nə qədər insan enerjisi lazımdır?! Əlbətdə bilirsiz. 

Bəs Sizcə bunun üçün marketoloqa nə stimul olmalıdır?!

Maddi motivasiya?! Maddi motivasiya işçiyə 3 ay təsir edə bilər... bundan sonra?! Bundan nə olacaq?! Bundan sonra əgər işə sevgi varsa... motivasiya qalacaq, olmasa heç bir pul bunu kompensasiya edə bilməz. Ən qorxulusu isə budur ki, yalnız pula görə işləyəndə işdə uğur qazanmaq olmur, uğur üçün ürək lazımdır. Urəkli olmaq üçün isə, işə sevgi... 

Öz peşənə sevgi ilə yanaşırsansa, bu uğurun əsasıdır! İnsanda hər şeydən bezə bilər, lakin sevdiyi işdən bezməz. Sevdiyin işi görmək, özü bir dincəlməkdir. Bu iş marketinq kimi, intelektual düşüncə tələb edirsə, sevgi türklər demiş "olmazsa, olmaz" olur. 

Əsl marketoloq olmaq üçün öz işinə sevgi olmalıdır. Bu sevgi olmadan bu qədər işi ürəklə görmək mümkün deyil. İşinizə sevgi ilə yanaşın dostlar və ya daha asand yolu var: "Yalnız sevdiyiniz işləri edin!"

Mən demək olar ki, işləmirəm. Çünki gördüyüm hər bir iş mənə həzz verir. Bu əladır! Hər birinizə marketinqdən (işdən, həyatdan) həzz almağı arzulayıram.

Müəllif: PhD of Marketing, İlkin Manafov
Şəxsi bloq: www.ilkinmanafov.com

6.03.2013

Azərbaycan brendlərinin facebookda son göstəriciləri (05 fevral – 05 mart)


Ötən dəfəki yazımda olduğu kimi bu dəfə də fevral-mart aylarında, daha konkret desək 05 fevral – 05 mart tarixləri arasında yerli brendlərimizin facebook aktivlikləri haqqında məlumat verməyə çalışacam. Öncədən xatırladım ki, məlumatlarda Socialbakersazleavingstone hesabatlarından istifadə olunub.

Bu ana Azərbaycandan facebook istifadəçiləri 1 040 000 nəfərdir. Ölkələr içərisində fb istifadəçi sayına görə 82-ci yerdəyik. İnternet istifadəçilərinin 23.97%-i facebook istifadə edir. Orta CPC – 0.12 dollar, CPM isə 0.03 dollardır. Son bir ayda Azərbaycandan facebook istifadəçiləri sayı isə 25880 nəfər artıb. Temp olduqca yüksəkdir. İstifadəçilərin tam 50%-i 18-24 yaş arası gənclərdir. Kişilər 64%, qadınlar isə 36% təşkil edir. 23% isə 25-34 yaş arası qruplardır.

Brendlərə keçməmişdən öncə bildirək ki, ümumi fan səhifələr arasında TOP 5-likdə cəmi 2 şirkət səhifəsi var ki, onlar da Azərcell və Bakcell-in fb səhifələridir. Ölkənin ən çox fanı olan fan səhifəsi isə 335 min fanla Azərbaycan səhifəsidir.


Hazırda Azərbaycan brendlərinin facebookdakı TOP 10-luğu aşağıdakı kimidir:


1.Azercell – 245 196 fan – 12 290 PTA – Page score 63% 


2. Bakcell – 213 502 fan – 11 942 PTA – Page score 53% 

3. İdeal – 195 305 fan – 12 824 PTA – Page score 63% 

4. Romantic – 154 882 fan – 13 611 PTA 

5. İrşad Telecom – 141 871 fan – 10 203 PTA 

6. Park Bulvar – 119 379 fan – 2508 PTA - 

7. Open.az – 106 388 fan – 2421 PTA 

8. McDonalds Azerbaijan – 105 402 fan – 5250 PTA 

9. Mybrands – 102 173 fan – 1498 PTA 

10. Sabina – 96 867 fan – 5618 PTA

4.03.2013

Azərbaycan taksit bazarı və taksit kartları haqqında sorğunun nəticələri

Son 1 ildir bank sektorunda yaşanan canlanmada böyük payı taksit sisteminin tətbiqi tutub. 5 bank artıq sistemi tətbiq etməkdədir. İlk olaraq isə İdeal və Bank of Baku bir yerdə 2011-ci ilin mart ayında bu işə start verib. Bu haqda Marketer Məhərrəm yazılarının birində ətraflı qeyd edib. Artıq aşağı-yuxarı 2 ildir ki, bazarda tətbiq olunan bu yenilik haqqında çox danışmaq olar. Amma mən bu dəfə fərdi təhlildən daha çox statistik göstəricilərə və ekspertlərin öz fikirlərinə yer vermək istərdik. 

Belə ki, bildiyiniz kimi bu yaxınlarda Azərbaycanın ilk marketinq televiziyası olan FMR TV-də Bank of Baku, Unibank və ASB-dən olan ekspertlərlə birlikdə taksit sisteminin yenilikləri, problem və üstünlükləri haqqında danışdıq. Aşağıda Siz həmin verilişə tam olaraq baxa bilərsiniz.