6.05.2013

Marketer üçün həyat çox sürətlidir

Neçə vaxtdır ki, "başım açılsın sərbəst hesabat xarakterli bir yazı yazım" deyirdim. Bir də ayıldım ki, ö sözü deyəndən bura 4 ay keçib. Xatırlayırsınızsa, 2012-ci il üçün Facemark.az olaraq hesabatımızı təqdim etmişdim. İndi isə 2013-cü ildən tam 4 keçdi, açığını deyim mayın girdiyindən təzə-təzə xəbər tutmuşam. Həyat bizim özümüzün fərqində olmadan çox sürətlə gəlib keçir. Hələ son zamanlar forum hazırlığını da nəzərə alsaq, digər dostlarla birlikdə nə qədər yoruluruq onu bir Allah bilir, bir də həmin dostlar. Azərbaycanda qısa müddətdə nəyəsə nail olmaq üçün həyatın normal gedişindən daha sürətlə qaçmaq lazım gəlir. Məncə, nəinki Azərbaycanda, bütün dünyada bu belədir. Onu mütləq deməliyəm ki, istənilən aktivliyi bir yerdə, dostlarla birlikdə köməkləşərəq, paylaşaraq nail olmaq olar. Marketerlərin bu baxımdan birliyi sektora çox faydalıdır.

Çox uzatmadan 2013-cü ilin ilk 4 ayında nə kimi aktivliklərin içində, çölündə, yanında olmuşuq Sizinlə paylaşmaq istəyirəm:

FMR TV - Azərbaycanın ilk internet marketinq televiziyası buraxıldı

Bildiyiniz kimi bu ilin 10 yanvarında facemark.tv olaraq ilk internet televiziyanı elan etdik. FMR TV olaraq yaranan gündən bu günə 30-dan çox veriliş çəkdik. 10-dan çox şirkətdən qonaqlarımızla çox da münasib olmayan şəraitdə olsa belə düşünürəm ki, maraqlı və faydalı verilişlər edə bilmişik. Bu işdə Marketing AİR komandasına, hər zaman novator dostumuz İlkinəAnara təşəkkür edirəm. İlkinin öncəki yazısında dediyi kimi biz Marketinq Türkiyədən ilham alıb bu işə girişdik və çox qısa müddətdə hazırlaşa bildik. Şükürlər olsun ki, bazar günü daha 6 yeni veriliş çəkdik. Qardaş Türkiyədə ilk internet marektinq televiziyası 2011-ci ilin dekabrında, bizdə isə 2013-cü ilin yanvarında fəaliyyətə başlayıb. Arada cəmi 13 ay fərqimizin olduğu Azərbaycan üçün məncə o qədər də pis nəticə deyil. Biz bu gün və bundan sonra da öz gücümüzlə olsa belə bu proyekti davam etdirməkdə qərarlıyıq. Təbii ki, yaxşı olardı ki, milli şirkətlərimiz də yaxından iştirak edib dəstək olsunlar və bunun sayəsində sektorun inkişafına az da olsa, dəyər qatmış olaq. 

Marketing AİR 2 başladı və bitdi

Bu gün AİR komandası olaraq 2012-ci ilin oktyabr ayından ardıcıl olaraq marketinq təlimləri veririk. 5 ay ərzində şirkət çalışanları və tələbələr olmaqla 130-dan çox iştirakçı ilə yola çıxdıq. Düzünü desəm ilk praktiki marketinq təlimləri olan Marketing AİR 1-də daha çox əziyyət çəkdiyimizi düşünürük. Həftənin 6 günü işdən sonra təlimlər fiziki olaraq yorsa da bizə çox şeylər öyrətdi. Ən azı səhvlərimizi gördük və bunu AİR 2-də təkrarlamadıq. Bu baxımdan AİR 2-də özümüzə daha uyğun qrafik seçdik. Fiziki olaraq çatdırmaq mümkün olmadığından qeydiyyatdan keçən çox iştirakçıya imtina etməli olduq. Mart və aprel ayında olmaqla 2 ay ərzində AİR 2-ni də başa vurduq. AİR iştirakçıları bu günün real və potensial marketerləri olaraq artıq ölkənin marketinq həyatında aktiv rol alıblar. Onların hər gün hansısa uğurunu eşitmək olduqca zövq verir. AİR təlimləri başlayanda biz onlara "biz öyrətmirik, PAYLAŞIRIQ" dedik və sona qədər də vədimizə sadiq qaldıq. Sevinirəm ki, bu gün PAYLAŞMA məntiqi ilə AİR məzunları çox qabağa gediblər. Biz Sizinlə fəxr edirik. İnşallah sentyabr-oktyabr ayına AİR Professional ilə görüşəcəyik. AİR təlimləri həm də marketinq və pr sahəsində təlimləri də aktuallaşdı, yeni-yeni təlimlər yarandı. Halbuki çox yox elə keçən ilin sonu əksəriyyət elə düşünürdü ki, Azərbaycanda milli marketerlərin təlimi heç kimə maraqlı olmaz. Biz çox əziyyətli olsa da, buna elə o vaxt da inanmırdıq, elə bu gün də bu inancın sayəsində zövqlə davam edirik.

Marketing Kingdom, Silver Mercury, THE CUP festivalında aktiv iştirak etdik

Bu il həm də Facemark.az olaraq da məhsuldar oldu. Öncə mart ayında İstanbulda The Cup festivalında iştirak etdik. Artıq 2-ci ildir ki, həmin tədbirdə Facemark.az olaraq təmsil olunuruq. Daha sonra Rusiyada keçirilən Silver Mercury festivalında, sonra isə Bakıda keçirilən qlobal marketinq tədbiri olan Marketing Kingdom-da yaxından iştirak etdik. Təkcə onu qeyd edim ki, bu günədə Facemark.az 15-dən çox beynəlxalq marketinq və reklam festivalında partnyor, media dəstəkçi olub. Vaxt var idi yeni yarananda özümüz müraciət edirdik və isbat etməyə çalışırdıq ki, biz partnyor olaraq onlara faydalı ola bilərik. Amma indi artıq avropasından və amerikasından tutmuş bir çox festivallar özləri müraciət edirlər. Facemark.az olaraq düşünürük ki, bu tip beynəlxalq tədbirlərdə təcrübə ölkəmizdə gələcək uğurlar üçün bazis ola bilər və bu yolda da hər cür çətinliyə baxmadan davam edirik.

Marketerlərin I və II əyləncəli toplantısı

Bilirsiniz ki, marketerlərin işi çox stresslidir. Bu haqda bir öncəki yazımda qeyd etmişdim. Bu stresi marekterlər olaraq bir yerdə qismən də olsa, atmaq üçün 27 fevralda bütün marketerlərlə birlikdə "MÜMKÜNSÜZÜ MÜMKÜN" etdik. 28 Cinemada "Mümkünsüz" filminə baxdıq, filmdən sonra dedik, güldük, əyləndik və müzakirələr etdik. Çox keçmədi ki, Azərbaycanın ən böyük marketinq qrupu olan Marketinq Azərbaycan olaraq qrupun 700-dən çox üzvü ilə birlikdə "Marketinqə 4Ç gəldi" adlı II əyləncəli görüşü AZURE Ticarət Mərkəzində Şəki restoranında keçirdik. Bir şeyi xüsusi qeyd etmək istəyirəm. Mən çox sevinirəm ki, bu gün marketerlər Marketinq Azərbaycan qrupu timsalında birlik nümayiş etdirirlər. Bu birlik isə hər keçən gün artır. Bütün qrup üzvlərinə dərin-dərin təşəkkür edirəm. Sizi tanımaq, Sizinlə işləmək, Sizinlə irəliləmək fəxrdir, şərəfdir. Siz hamınız marketinqin buzqıranları olaraq əmin olun ki, hər işinizlə tarix yazırsınız. Marketinq Siz inkişaf etdikcə inkişaf edir. Hər iki toplantıda əziyyət çəkən dostlarımız oldu. 100-dən çox adamı bir yerə yığmağın çətinliyi haqqında məncə danışmağa ehtiyac yoxdur.

Kan festivalı, Golden Hammer və MMC İstanbul 2013 bizi gözləyir.

Dostumuz İlkin yazısında facemark.az və facemark.tv (FMR TV) olaraq Cannes Lions festivalında iştirakımızla bağlı gözəl yazmışdı. Bəli, biz facemark.az olaraq keçən il də Kannda media partnyor idik, amma bu ildən FMR TV də dünyanın ən böyük reklam festivalında olacaq. Biz tədbirdən isti-isti görüntüləri Sizlərə FMR TV vasitəsilə təqdim edəcəyik. Bundan başqa qarşıdakı aylarda bizi Latviyada Golden Hammer və İstanbulda keçiriləcək MMC İstanbul 2013 marketinq və reklam festivalı gözləyir. Hər gün nəsə öyrənmək üçün əlimizdən gələni edirik ki, bir vaxt özümüz də kiməsə eyni cür faydalı ola bilək.

Və təbii ki, 3P Milli Marketinq Forumu

Təxminən 1 ay öncə bu təşəbbüs formalaşdı və çox qısa müddətdə təşkilati komandanı Marketinq Azərbaycan qrupunun üzvlərindən yaratdıq. Əziz qrup üzvləri, çox-çox sağ olun. Mən bir daha əmin oldum ki, biz istədikdən sonra edə bilmədiyimiz şey yoxdur. Hamımız işləyirik, heç kim bekar deyil. Amma hamımız bir yumruq kimi neçə gündür ki, normalda bəlkədə 3-4 aya başa gələn işi demək olar ki, 70% bitirmişik. Hətta bu blogu yazıb forumla bağlı həyati əhəmiyyətli bir görüşə gedəcəm. Amma bir şeyi bütün komanda adından söz veririk. Biz Sizinlə Azərbaycanın ilk milli marketinq forumunu yadda qalan etmək üçün əlimizdən gələnləri artıq etmişik, indi sadəcə əlimizdən gəlməyənləri etmək üçün çalışırıq və bacaracağıq. Sevindiricidir ki, artıq qrupda olan şirkətlər özləri müraciət edib köməkliklərini təklif edirlər. Mən ilk dəfədir ki, bu qədər sistemli şəkildə 1 günə sanki 2 gün sığışdıraraq iş getdiyni görürəm. Problem, Praktika və Paylaşma devizi ilə sektora 2 möhtəşəm gün bəxş olunacağından əminik, Sizi də həmin rədbirdə görmək istəyirik, gəlin, özümüzdən danışaq.

Yenə çox yazdım deyəsən. Bir sözlə bütün bu 12 fərqli aktivlik 2013-cü ilin başlanğıcında marketerlərin həyatını çox sürətli edib. Mən hərdən dostlara deyirəm ki, bir gün evə gec gəlmələrin səbəbindən bizi evə də qoymayacaqlar )) 6-ya qədər öz işimiz, 6-dan sonra gecə yarıya qədər marketinq adına nələrsə etmək, nələrsə düşünmək çətindir, amma çox zövqlüdür. Bu həyata bir dəfə gəlirik və günlərin xoş bir günü də gəldiyimiz kimi də gedəcəyik. Heç olmasa öz sektorumuza, öz millətimizə faydamız toxunması üçün çalışmalıyıq. Belə olanda istər marketer kimi, istərsə də bir vətəndaş kimi missiyamızı gələcək üçün bərkidə və ötürə bilərik.

Unutmayın - biz bir yerdə güclüyük. Biz yeni güc deyil, gücə güc qataraq inkişaf edəcəyik. Bu yolda hər birinizə uğurlar.