23.06.2013

Kann təəssüratları və ya Kannda qan-qan deyən reklamlar

Bildiyiniz kimi bu il Cannes Lions Reklam Festivalının 60-cı ili tamam olur. Facemark.az və FMR TV olaraq 2012-ci ildən bu festivalın Azərbaycandan yeganə media partnyoruyuq, amma festivalın özündə iştirak imkanı bu ilə təsadüf etdi. Mən də "Gedək Kanna bir salam verək" deyib oraya yollandım. Bu arada iştrakımla bağlı mənə hər cür dəstək olan dostlara təşəkkür edirəm. Yaxşı ki, varsınız.

Bu yazıda mən Sizinlə festival haqqında təəssüratlarımı və öyrənməli, görüb götürüb tətbiq etməli olduğumuz bəzi məsələlər haqqında fikirlərimi bölüşəcəm. Təyyarəyə hələ 2 saat olduğuna görə yazıb bitirə biləcəyimi düşünürəm.

İlk başlayım iştirak üçün müraciətdən. Qısa onu deyim ki, bir çox festivallarda iştirak etmişəm, bir çoxunun da   şərtləri ilə tanıışam, amma Kann qədər çətinini görməmişdim. 1,5 aydır ki, gündə Camilla xanımla 4-5 dəfə mailləşirdik və O, hər dəfə nəyisə tapıb irad tuturdu. Sən demə festivalda iştirak edəcək media nümayəndəsi real olaraq ancaq jurnalist kimi full-time çalışan biri olmalıdır. Mən də bunu bilmədiyimdən bir neçə dostumla birlikdə iştirak üçün müraciət etmişdim və təbii ki, həqiqi press kimi görünmək üçün əlimdən gələni əsirgəməmişdim ))) Amma professionallıqlarına bir daha əmin olduğum təşkilatçılar heç ağlıma da gəlməyən üsulla adlarını verdiyim adamları Linkedin-də tapıb onların ayrı-ayrı şirkətlərdə çalışdığını öyrəndilər. Qısacası mümkün olmadı digər dostları qeydiyyatdan keçirmək, mənim də İdealda işlədiyimi öyrəndi, amma keçən ildən olan əməkdaşlığımız və saytın sahibi olmağım, saytda yazılarımın olması yəqin ki, Camilla xanımın "ürəyini yumşaltdı" )). Artıq festival başlamamış təşkilatçılığın səviyyəsinin fərqinə varmaq olurdu. Tək qatılmalı olduğum üçün bir az sıxılırdım ki, təsadüfən öyrəndim ki, Azərbaycandan Nar Mobile şirkətindən dostum Nadir və şirkətin CMO-su Maks Fyodorov da gedəcək. Təbii ki, tanış insanlarla birlikdə olmaq gözəldir. Maks da əla insandır, bu arada.

Festivaldan 1 gün öncə getməyimin faydası oldu, çünki orda bildim ki, otel ilə festival olan yer Palais Des Festivalesin arası 65-70 km-dir. Buradan həmin tur şirkətinə də salamlarımı çatdırıram. Sağ olsunlar, İtaliya ilə 15 dəqiqəlik sərhəd məsafəsində bir otel tutmuşdular. )) Sayələrində qatarla hər gün Fransanın Roqebrune Du Cap Martin, Monaco - Monte Carlo, Antib şəhərlərindən keçərək qatarla Kanna gəlirdim. 

Festivaldan nələri öyrəndim? Və nəyi mütləq gələn MMF 2014-də tətbiq etmək lazımdır?

14.06.2013

Cannes Lions & MMF2013 və ya 20 milyon < 20 min

Bildiyiniz kimi biz Facemark.az və Facemark.tv (FMR TV) olaraq bu il Cannes Lions festivalında media partnyor olduq. Daha doğrusu bu mötəbər festivalın 2012-ci ildən partnyoruyuq, lakin bu il hər iki qurum adından Kann şəhərində olub, izləyəcəm inşallah. Bu gün vizanı aldıq, 15-i gecə isə yola düşürük. Bu arada mən Press B kateqoriyası ilə bütün tədbirlərdə olacam və spikerlərlə birbaşa kontakta keçmək imkanım olacaq. Azərbaycandan başqa kimlər olacaq bilmirəm, amma marketinq portalı olaraq festivalın bu il yeganə media partnyoruyuq. Bir çox Azərbaycan şirkətlərindən də menecerlərin qatılacağını düşünürəm. Elə onlardan biri olan Nar Mobile-dan Nadir ilə yolumuz birdir. Çalışacam ki, orada olduğum müddətdə mütəmadi olaraq olub-bitənlərlə bağlı Sizi məlumatlandırım. İndi isə Sizə aşağıda qısa olaraq Kan Festivalı haqqında bəzi faydalı məlumatları çatdırım:

Cannes Lions haqqında qısaca

Kan Festivalı 1954-cü ildən keçirilir. Bu il 60 illiyidir. Saytlarında da yazıldığı kimi bu ilki tədbir əvvəlkilərin heç birinə bənzəməyəcək. Düşünün ki, biz 2013-cü ildə Azərbaycanın ilk marketinq forumunu etmişik, maraqlıdır 60 il sonra 2073-cü ildə biz də bu səviyyədə bir festival edə biləcəyikmi? Əslində düşünürəm ki, biz avropanın 60 illik nəticəsini daha tez təkrarlaya biləcəyik. Buna inanıram. 

Beləliklə, bu il nə az nə çox festivala 35 765 iş daxil olub. Bu indiyədək rekord göstərici sayılır. Təsəvvür edin iş göndərmə haqqı 430 - 1225 yevro arasıdır. Biz hələ minimum qiymətlə, yəni 430 dollardan götürsək, təkcə işlərdən festivalın 15 milyon yevrodan çox gəlirinin olduğunu görərik. Onu da deyim ki, bu 35 765 iş dünyanın 92 ölkəsindən daxil olub. 3960 şirkətdən nümayəndələr iştirak edəcək. Məhz buna görə də Cannes Lions dünyanın ən böyük reklam və kreativ festivalı sayılır. Hər il festivalda 11000-ə yaxın insan iştirak edir. İştirak haqqı isə 1000-8000 yevro arasıdır, təxmini. 11000 adamın da minimum 5000-i pullu gəlsə, bu da hardasa 5 milyon yevro edir. Təkcə işlər və iştirakdan 20 milyon avro. Pis deyil)) Bu arada biz də foruma 20 min azn-ə yaxın xərcləmişdik. Fərq çox deyil ))). Mən hələ şirkətlərin sponsorluq haqqlarını, yerli restoranların festivala ödədikləri məbləğlər, dünya şirkətlərinin hamını bir araya yığmışkən keçirdikləri pullu master-klassları demirəm. Dediyim kimi saytlarında gəzişmək kifayətdir ki, proyekt üzərində nə qədər adamın işlədiyini hiss edəsən.  Təkcə mənə media partnyor olduğumuzdan 8 adam fərqli səpkidə hər gün nəsə göndərir. Bu il 16 ana kateqoriya üzrə qaliblər məlum olacaq. Çalışacam ki, maraqlı hesab etdiyim işləri Sizinlə də paylaşım. 

Onu deyim ki, bütün bu tip festivallar bizim üçün təcrübədir və mən də görüb-götürməyə, öyrənməyə gedirəm. Yaxşı şeyləri öyrənib tətbiq etmək bizə bu ərəfələr hava-su kimi lazımdır. 7 gün ərzində orada daha kimlər olmayacaq ki. Reklam və media nəhənglərindən kimi tanıyırsınızsa, orada tapa bilərsiniz. Mənim üçün çox maraqlı olan bir neçə çıxışçı var. Onları səbrsizliklə gözləyirəm.

7 günlük proqramda nələr var deyirsinizsə, bu linkdən baxa bilərsiniz - http://www.canneslions.com/the_festival/programme/festival_programme.cfm#47-173-1481 . Onu da deyim ki, gün ərzində 8 seminar olacaqdır. Toplam isə 54 fərqli mövzuda çox faydalı təlim olacaq. Təlimi işin professionallarından dinləmək bir ayrı zövq olsa, gərək.

Spikerlər kimlər olacaq deyirsinizsə, bu linkə baxa bilərsiniz - http://www.canneslions.com/the_festival/speakers/speakers.cfm

Bir sözlə hələ ki, hər şey çox gözəl planlanmış görünür. Marketinq fədailərini dəstəkçilər arasında görmək isə bir ayrı gözəllikdir - http://www.canneslions.com/press/media_supporters.cfm 


davamı var



9.06.2013

MMF2013-də 30 manatın sirri

29-30 may 2013-cü il Azərbaycanda marketinq sahəsində bir İLK yaşandı. Bu haqda artıq günlərdir ki, danışırıq, müzakirələr aparırıq. Gedişatı facebookdan hamımız izlədik. Forumdan da artıq 10 gün keçir. Açığı yorğunluqdan indi-indi xilas olduğuma görə yazmaq qərarına gəldim. İndi Sizə sadəcə qısa olaraq hesabat xarakterli bəzi məlumatları çatdırmaq istəyirəm. Eyni zamanda balaca bir sirr də açacağam.

24 günün hesabatı:
  • Foruma hazırlıq 24 gün davam etdi. 12 nəfərlik təşkilatı heyət toplandı. Toplam 200-ə yaxın mailləşmə,  14 hazırlıq məqsədli görüş keçirildi.
  • Toplam 22 sponsor-dəstəkçi ilə yola çıxdıq.
  • Spiker, moderator sayı - 19 nəfər
  • Forumun saytı istifadəyə verildi - www.millimarketinqforumu.com
  • Brand wall, foruma özəl çanta, bloknot, qələm, fləş kart, roll-up, poster, biletlər hazırlandı.
  • Bütün reklam kommunikasiya konsepti, dizayn və adaptasiya işləri tamamlandı.
  • 20-dən çox xəbər saytları haqqımızda yazdı, web-bannerlərimiz yayımlandı. Xəzər Xəbər xüsusi sujet hazırladı. İntro, spikerlərin təqdimatı çarxı, forumun giriş çarxı hazırlandı.
  • FMR TV-də forumdan öncə forum haqqında veriliş hazırlanıb yayımlandı.
  • 22 nəfərlik forumun texniki heyəti müəyyən edildi.
  • Forumda 150-dən çox şirkətdən 230 nəfər iştirak etdi.
  • Satışa çıxarılan bilet sayı 136, satış miqdarı 100 ədəd. Şirkətlərə göndərilən dəvətnamələr - 120 ədəd. Biletlər foruma 10 gündən də az müddət qalmış satışa çıxarıldı.
  • #mmf2013 twitter həştəgi forum günlərində top 5-liyə düşdü, hətta 30 iyun top 2 oldu.