25.07.2013

Marketinq məktəbdən başlayır

2 ay bundan əvvəl Təhsil Nazirliyində işləyən bir tanışım maraqlı bir təklif verdi. Dedi ki, mən istəyirəm ki, pilot layihə olaraq məktəblərdə şagirdlərin praktik sahələri daha dərindən öyrənmələri, tanış olmaları üçün onları bu sahələrin adamları ilə görüşdürüm. Məni də bu səpkidə Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşə çağırmışdı. Məndən öncə isə həmin şagirdlər tanınmış bir audit şirkətinin menecerləri ilə görüşmüşdülər. Qısası məqsəd şagirdlərə onların anlayacağı dildən, sadə şəkildə marketinqi izah etmək idi. 1 həftə təxmini formatı beynimdə cızandan sonra təqdimatı hazırladım və adını da "Marketinq məktəbdən başlayır" qoydum. Aşağıda Sizə niyə bu adı qoyduğum və təqdimatın formatı haqqında qısa yazacam və eyni zamanda təqdimatın özünü paylaşacam.

Əvvəla onu qeyd edim ki, şagirdlər əsasən 9-11-ci sinifi təmsil edirdi. İlk əvvəl düşünürdüm ki, onlara bu tip layihələr məktəblərdə olan ənənəvi tədbirlərindən birini xatırladacaq və maraqları az olacaq. Lakin təqdimatdan sonra əmin oldum ki, məktəblərdə çox böyük potensial var, amma bu potensialı elə məktəblər özü öldürür. Məktəblərin şagirdlərin potensialını azaltması barədə növbəti bloqumda qeyd edəcəm. Onu da deyim ki, təqdimata dostum Coca-Coladan Emil Ələsgərovla getmişdim. O da maraqlı bir mövzuda şagirdlərlə söhbətləşdi. 

Bir dəfə facebook statuslarımın birində yazmışdım ki, "uşaq vaxtı kosmonavt olmaq istəyirdim. Sonra fikrimi dəyişib 7-ci sinifdə tarixlə maraqlanmağa başladım. 9-cu sinifdə tarixdən hazırlaşmağa başladım. Sonra yenə fikrimi dəyişdim həkim olacam dedim və 1 il həkim olmaq üçün lazım olan fənlərdən hazırlığa getdim. 11-ci sinifdə isə nəhayət iqtisadiyyat sahəsi üzrə getmək qərarına gəldim. Və elə bu sahədə univeristetə daxil oldum, ilk illər dərslər maraqsız idi deyə, jurnalistikaya meyl etdim, xeyli yazdım-pozdum və sonra marketinqə gəlib çıxdım. Demək ki, mən elə əvvəldən axtarışda olduğum üçün marketoloq olmaq istəyirəmmiş. Sadəcə istəyə ad verəmmirdim" Sözüm ona ki, mənə də məktəbdə marketoloqlar gəlib marketinqin nə olduğunu asan dildən desəydilər mən də özümü çox dağa-daşa salmazdım. Bilərdim ki, mənimki marketinqdi. O səbəbdən bu yazıya da "marketinq məktəbdən başlayır" adını verdim. Məktəbdə insan istiqamətini düz götürə bilirsə, türklər demiş "nə mutlu ona". Keçək təqdimata.

Təqdimatın ilk hissəsində qısa və kəsə yoldan 1-2 ifadə ilə marketinq ümumiyyətlə nədir, nə üçündür deyə şagirdlərlə bölüşdüm. İlk təəssüratlardır deyə çox dərinə getmədim. "Marketinqdə məqsəd pul qazanmaqdır, amma alver deyil". Burdaca "al-ver deyil" sözünün üzərində çox durdum ki, sabah onu ticarətlə, satışla, al-verlə səhv salmasınlar. Pul qazanmaqdır deyəndə şagirdlər yerlərində tərpənməyə başladılar və suallar başladı nə başladı. Aşağıdakı təqdimatdan slaydları ətraflı izləyə bilərsiniz.

Təqdimatın ikinci hissəsində isə "Məktəbdə oxuduğumuz fənlər gələcək marketinq karyeramızda necə rol oynaya bilər ?" sualı ətrafında danışdım. Yəni şagirdlər məktəbdə hansı fənləri yaxşı oxusalar, marketinqin hansı sahəsində uğurlu ola bilərlər. Bu hissəsi onlara daha maraqlı gəlmişdi. Slaydda baxa bilərsiniz amma burada da qısaca həmin qeydlərimi sizinlə paylaşım. 

Mənə görə, tarixi yaxşı oxuyan yaxşı PR menecer, rəsm, cizgi işlərindən anlayan qrafist, art direktor, ana-dili, ədəbiyyatı yaxşı bilən kopirayter, riyaziyyatı yaxşı bilən media planner, reklam agentliyində çalışa bilər, uşaqları bir yerə yığan, təşkilatçı biri yaxşı event menecer, tez ünsiyyət qurmağı bacaran şagird call-centerdə işləyə bilər, məsələn. Bundan başqa xarici dilləri yaxşı bilən brend menecer, dəqiq elmləri yaxşı bilən yaxşı satış mütəxəssisi ola bilər.

Sonda bir nəfər şagird durub dedi ki, mən heç bir fənni sevmirəm, bəs mən nə ola bilərəm? Mən də cavab verdim ki, elə əsl marketoloq sən ola bilərsən )))) Marağımı çəkən bir məsələ isə şagirdlərdən daha çox müəllimlərin diqqətlə dinlədiyinin şahidi oldum. Sanki yeni bir şey eşidirmiş kimi dinləyirdilər. Hətta təqdimat bitəndən sonra müəllimlərdən yaxınlaşıb oğlunun hansı sahəni seçməsi barədə məsləhət alanlar da oldu. Mən düşünürəm ki, biz menecerlər məktəblərdə tez-tez olmalıyıq. Bütün stereotiplər məktəbdən formalaşmağa başlayır. Yanlış formalaşan stereotipləri qırmaq üçün şagirdlər real, praktik insanlarla tanış olmalıdır. Axı, bu həyatda həmişə hər şey heç də kitabda yazıldığı kimi olmur. Elə deyil?!!!!



15.07.2013

Marketerlərin iftar görüşü - "Marketinq Ramazannaməsi" niyə vacibdir?

Yaxın dostlar bilir ki, biz bununla artıq 4-cü ildir ki, davamlı olaraq marketoloqlar, reklamçılar və bu sahə ilə əlaqəli olanlar yığışırıq. Facemark.az-ın fb səhifəsində əvvəlki görüşlərin şəkillərini görə bilərsiniz. 

Bu il də ənənəmizə sadiq qalaraq yığışmağı düşünürük. İnşallah, 22 iyul saat 20:00-da Dalida restoranında görüşəcəyik. Artıq 1000 nəfərdən çox olan qrupumuzda bu barədə event də yaradılıb, iştirak etmək istəyənlər qoşula bilər. Təəssüf ki, maksimum 100 yerimiz var. İnanıram ki, gün gələcək tədbirlərimizi elə 1000 nəfərlik zallarda keçirəcəyik. Bir yerdən başlamaq mütləq lazımdır.

Görüşdə iştirak üçün - https://www.facebook.com/events/600763193297321/

Qısa olaraq bu yazıda marketerlərin, menecerlərin iftar görüşünün niyə vacib olması haqqında yazmaq istəyirəm. Marketerlərin iftar görüşünün faydaları:

1. Marketinq sferası olaraq cəmiyyətimizdəki aktivliklərə və dəyərlərə hörmətimizdir.

Marketer, reklamçı olaraq biz heç vaxt ancaq satmağı, ancaq marketinqi düşünməməliyik, çevrəmizdə, ölkəmizdə olan aktivliklər, dəyər verilən bayramlara, nüanslara biganə qalmamalıyıq. Belə olarsa, ətrafımızda olanlar bizi "mağazada satmaq üçün bezdirən satıcı"ya bənzədəcəkdir. Ramazan, Qurban bayramı, yeni il, Novruz, Müstəqillik Günü və bu kimi digər dəyər kəsb edən bayramlarda biz kampaniyalar edirik, müştərilərə bu həssas nöqtələrdən təsir edib satışımızı artırırıq. Ona görə də düşünürəm ki, bu bayramlarda bizim yığışmamız həm də bizim verdiyimiz dəyəri göstərir.

2. Təkcə yeməyə deyil, ünsiyyətə də doymaq istəyirik.

Facemark.az və Marketinq Azərbaycan qrupu yaranandan bir xeyli görüşlərimizin sayı artıb. Bu çox yaxşıdır. Müştərilərlə işləyən sferanın adamları müştəriləri anlamazdan öncə bir-birilərini anlamağı bacarmalı, öyrənməlidir. Həmişə dediyim kimi marketinq Azərbaycanda yenidir, Cəbrayıl müəllimin dediyi kimi onun dünəni elə bu gündür. Elə də çox deyilik. O səbəbdən bu tip tədbirlərdə "bir bəhanə" tapıb görüşüb müzakirələr aparmaq ayrı-ayrılıqda hər birimizin öz işini daha da mükəmməlləşdirməsinə gətirib çıxarır. Yoxsa ki, hərəmiz ətrafımızda olanlara öz ofisimizin pəncərəsindən baxmaqla qabağa gedə bilmərik.

3. Satmayaq deyirik, amma yenə də satırıq

Əslində yuxarıda yazdığım kimi istəyirik ki, marketinqsiz, reklamsız, satışsız bir gün keçirək, amma olmur. Söhbət belə görüşlərdə yenə gəlib öz yerini tutur. Bu görüşlərdə biz hərəmiz mütləq şəkildə nəsə satırıq. Birimiz özünün PR-nı satır, birimiz şirkətimizin xidmətlərini, birimiz ideyalarımızı və s. Bir sözlə bu görüşlərdə heç kim təmənnasız olmur. Hər kəsin mənəvi də olsa, təmənnası olur. Bu siyahını uzatmaq da olar.

4. Gələcəkdə daşdan keçən əlaqələr, tanışlıqlar qururuq.

Bilirsiniz ki, marketinq çox tez dəyişir, mütəmadi olaraq yeniliklərlə müşayiət olunur. Yəqin ki, elə bu səbəbdən də marketoloqlar da çox tez-tez işlərini və ya işlərində yerlərini dəyişirlər. Bəzən normal şəraitdə Azərbaycan reallığını götürsək günlərlə görüş ala bilmədiyimiz adamlarla bu tip görüşlərdə tanış olandan sonra çox rahat şəkildə əlaqə yarada bilirik. Yəni biz həm kimin harda olduğunu, kimlə necə əlaqə qurmağı bu görüşlərdə özümüzçün asanlaşdırırıq. Təsadüfi deyil ki, marketinq indi "qarşılıqlı münasibətlər" dövrünü yaşayır. 

5. Özümüzdən sonrakılara örnək oluruq

Azərbaycanda marketinqin yaşı çox olmasa da, biz marketerlər qarğa deyilik. Bir gün mütləq "təqaüdə çıxacağıq" və ya "təqaüdə göndərəcəklər".  Ona görə gedəndə də arxada faydalı bir şeylər qoyub getmək lazımdır. Çalışmaq lazımdır ki, hər addımda ətrafımız üçün faydalı olaq, yaxşılıq edək. Bu haqda İlkin daha ətraflı yazıb, buradan oxuya bilərsiniz. Artıq sevindircidir ki, universitetlərdə marketinqin tədris keyfiyyəti də, tələbələrin marağı da çox artıb. Lakin onların professional müstəviyə atılması üçün incə bir keçidə ehtiyacı var. O keçid üçün artıq öz sözünü demiş marketerlər yeni qoşulanlara dəstək olmalıdır. Yoxsa bu sahədə əvvəl hiss olunan inkarı inkar tendensiyası kimsəyə fayda verməyəcək,necə ki vermədi də. Və o cür yanaşanlar da yəqin ki, indi yanlışlığa yol verdiklərini anlayırlar. Bir sözlə yenilər köhnələrə hörmətlə yanaşmalı, onlardan maksimum yararlanmalı, təcrübələrini öyrənməli, köhnələr isə yenilərə dəstək olmalı, onların hazırlığı üçün təmənnasız əziyyət çəkməyə hazır olmalıdır. Belə olan halda biz "atalar-oğullar" dilemması ilə daha sərt şəkildə qarşılaşmarıq yəqin ki.

Demək istədiklərim bu qədər. İnşallah, 22 iyul Sizi iftarda gözləyirəm. Həştəqimiz də aktivdir - #dirennefsine

14.07.2013

"Marketoloq biznesin həkimidir” logo yarışması

Marketing AİR olaraq bizə həmişə dəstək verən Azərbaycan Marketinq Cəmiyyəti yeni yarışma başladıb. Yarışma kifayət qədər maraqlı və kreativ bir yanaşma üzərində qurulub. Bu fikri biz AMC-nin ofisində Rəhim müəllimdən eşitmişik. O vaxt bunu Rəhim müəllim bizə çox həvəslə izah etmişdi. İndi isə o tezis üzərində logo dizaynı yarışması başladılıb. Aşağıda Sizi həmin press relizlə tanış olmağa dəvət edirəm. Yarışmanın təşkilində göstərdiyi aktivliyə görə isə Marketing AİR məzunu Aynur xanıma dərin təşəkkürlər.

...................

Marketoloq biznesin həkimidir” deyəndə, ağlınıza ilk nə gəldi? Təbii ki, sağlamlıq və bazar- tamamilə fərqli anlayışlar. Fəaliyyət sahələri müxtəlif olan bu iki ixtisasda müəyyən oxşarlıqlar var. Bəlkə siz təəccüblənəcəksiniz ki, hansı oxşarlıqlardan söhbət gedir. Biz həkimə nə vaxt gedirik? – səhhətimizdə hər hansı problemlər hiss etdikdə. Həkim xəstəni dinləyir, müəyyən analizlərdən sonra yaşamağına davam edir. İndi isə marketoloqun gördüyü işə nəzər salaq. Müəssisənin əsas məqsədi mənfəət əldə etməkdir. Lakin bu elə də sadə proses deyil. Müəssisə qeyri-müəyyən, mürəkkəb bir şəraitdə fəaliyyət göstərir. Bu qeyri-müəyyənliklər bazarda baş verən inkişaf və ya tənəzzülün nəticəsidir. Yaranmış tərəddüdlər müəssisənin müəssisədən yan keçmir və müəyyən “xəstəliklər” törədir. “Xəstəliklər” deyəndə, istehlakçının arzu və ehtiyacları qarşısında acizlik, düzgün strategiya və taktikanın olmamağı və s. aiddir. Ona görə də müəssisə marketoloqa müraciət edir. Marketoloq həkim kimi müəssisəni “dinləyir”, aparılmış analizlərdən sonra “diaqnozu” verir və resepti-marketinq planını verir. Beləliklə, müəssisə “sağalır” və bazardakı fəaliyyətini davam etdirir. Deməli, marketoloq biznesin həkimidir.

8.07.2013

Marketerlərin 2013 "Quba üsyanı" və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın günlərdə ətraflı məlumat verəcək. Təkcə onu deyə bilərəm ki, sentyabr ayına fərqli formatda Marketing AİR 3 gələcək, göstərəcək, öyrətməyəcək, amma paylaşacaq.

Mən Sizə bu dəfə 2 tədbirimiz haqqında qısa bir-iki şey yazacam. Bunlardan biri 29-30 iyunda indiyə qədər ən iri səpkili təlim-istirahət xarakterli Quba görüşümüz haqqındadır. Bu arada Quba görüşümüz haqqında İlkin Manafov öz yazısında "çünkiləri" sadalayıb, oxumayan qalıbsa, məncə, mütləq oxusun. Bu yazının adını da gördüyünüz kimi "Marketerlərin 2013 Quba üsyanı" qoydum. Yəqin ki, bir çoxunuz nəyə görə məhz "üsyan" dediniz. 

Ona görə ki:

  1. Hər şeydən əvvəl bu görüş tək marketer və reklamçılar olaraq yox, bir insan kimi gün boyu bizi əhatə edən stress, gərginliyə bir üsyan idi. Biz əvvəl bu tip görüşü Bakıdakı istirahət mərkəzlərinin birində etmək istəyirdik, sonra düşündük ki, Bakının özünün elə gərginliklə paralleliyi var, kənara çıxmaq lazımdır. Əminəm ki, Qubadakı 2 gün bizim bütün yorğunluğumuzu yox etdi.
  2. Bu görüşdə 40-dan çox şirkətdən 66 nəfər iştirak etdi. Daha 20-yə yaxın insana isə yer olmadığından imtina etmək məcburiyyətində qaldıq. Əsas məsələ isə sırf bu görüşdə ilk dəfə bir-birini görən sektor adamları daha çox idi. Buna baxmayaraq mən deyərdim ki, indiyədək olan görüşlərimizin içində ən səmimi olanı bu görüş oldu. Yəqin bunu şəkillərdən də görmüsünüz. Bu səbəbdən Quba görüşü həm də marketerlər arasında olan nifaq və qeyri-səmimiliyə bir "üsyan" idi.
  3. Görüşün müzakirə ərəfəsində facebookdakı müzakirələrdə belə bir fikir səsləndi ki, "bir gün marketerlər yığışır Qubaya gedir, o biri gün Şəki restoranında, nə bilim gah aya uçur, gah mümkünsüzü mümkün edir, gah forum keçirir, bəs bu marketerlər nə vaxt işləyir?!" Təbii ki, o ərəfədə biz bu tip fikirlərə diqqət yetirmədik. O cür düşünənlər bununla özlərinin işlədiklərini "böyüklük" kimi göstərib, bizim bu addımlarımızı "kiçiklik" görürdülərsə, biz razı. Bu halda Quba görüşü həm də "kiçik"lərin "böyük"lərə üsyanı idi. Bu tədbir göstərdi ki, işdə olmaq əsas deyil, işin başında olmaq və işin sahibi olmaq önəmlidir. Hərçənd ki, biz bilən, bazar günü şirkətlərdə iş olmur.
  4. Anar müəllim Qubadakı təqdimatı ilə aləmi bir-birinə vurdu, satış dedi, marketinq demədi ))) Çox qızğın müzakirələrdə auditoriyadan çox qızğın komentlər gəldi. Bir növ Quba görüşü eyni zamanda satışın marketinqə "üsyanı" oldu. Bu arada təqdimatı qaçıranlar Anar müəllimin blog yazısını oxuya bilərlər.
  5. Bundan öncəki görüşlərdə dostlar haqlı olaraq deyirdilər ki, marketerlərin əyləncəli görüşü ancaq əyləncədən ibarət olmamalıdır. Nəzərə alsaq ki, marketinq onu sevən üçün əsl əyləncədir, biz də bu dəfə və ilk dəfə əyləncəli görüşümüzdə tam 4 təcrübə paylaşımı xarakteri daşıyan təqdimatla çıxış etdik. Sənan Həsənov, İlkin Manafov, Anar Bayramov və bəndəniz az bildiklərimizdən Sizinlə paylaşdıq. Deməli Quba görüşü həm də intellektual əyləncənin bəsit əyləncəyə "üsyanı" oldu. Bundan sonra bütün tədbirlərimizdə bu nüans nəzərə alınacaq.

İndi gələk gələcək planlara. 

İlk öncə onu deyim ki, avqustun ayının 31-i hazırda Azərbaycanın ən böyük və ən aktiv qrupu olan Marketinq Azərbaycanın 1 ili tamam olur. 1000 nəfərə yaxın üzvü olan qrupu və ona dəstək olan hər kəsi təbrik edirəm. Əminəm ki, bu qrup bir çox gənc marketerlərin yetişməsində əvəzsiz meydan rolunu oynayacaq və oynayır da. 1 il ərzindəki fəaliyyətimizə dair hesabat xarakterli görüşümüz olacaq.

Bu il artıq 3-cü il olacaq ki, biz davamlı olaraq marketerlərin ramazan görüşünü təşkil edirik. Keçən il məsələn Dəfnə restoranında yığışmışdıq. Bu il isə inşallah 20 iyul tarixində yığışmağı planlaşdırırıq. Tarixi müzakirəyə açmadıq, çünki qrupda 1000-ə yaxın üzv var, dəqiq fikir almaq çox çətin olacaqdı. İnşallah 20 iyul tarixində daha gözəl bir iftar süfrəsində hamınızı gözləyəcəyik. Məkan hələ seçilməyib. Münasib məkan təklifi olanlar varsa, yaza bilərlər. Bu dəfəki görüşümüzdə də mütləq şəkildə 3-4 nəfərin təqdimatlarını izləyəcəyik. Tək itar süfrəsi arxasında yığışmaq yox, həm də iftardan 1-2 saat öncə yığışıb müzakirələr aparacağıq.

Bu günlərdə FMR TV-nin daha 2 yeni verilişi ilə görüşünüzə gələcəyik. Verilişlərin nə ilə bağlı olacağını açıqlamıram hələ ki. Görənlər deyir ki, maraqlıdır. Biz də gözləyək, görək necədir.

Və sonda yuxarıda da dediyim kimi sentyabr ayında Marketing AİR 3 gəlir. Hədəflər bu dəfə daha yüksək, tələblər daha sərt olacaq. Bu haqda da tezliklə İlkin müəllimin xəbərlərini gözləyək.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə...