16.09.2013

“Qorxu” üzərindən gözəllik satan brendlər - Helena Rubinstein və Elizabeth Arden

“Brendin tarixi motivasiyadır” rubrikasından ilk yazı

Dünyanın ən gəlirli və cazibəli sektorlarından biri də gözəllik sektorudur. Bu elə bir sektordur ki, insanlar alış qərarını məntiqdən daha çox hissi olaraq verirlər. Üstəlik sektorun uğurunun kökündə çox böyük rolu “qorxu” oynayır. Amma bu bildiyiniz adi qorxu deyil, qocalmaq qorxusudur. Şirkətlər bu amildən çox məharətlə istifadə edirlər. Çalışdığım sektor gözəllik sektoru ilə birbaşa bağlı olduğundan bu sektora aid brendlər haqqında yazmaq qərarına gəldim. Bir neçə brendin tarixi haqqında yazacağıma görə silsilə yazıları “brendin tarixi motivasiyadır” rubrikası adı altında verəcəm. Rubrikaya belə ad verməmin səbəbini brendlər haqqında oxuduqdan sonra daha yaxşı başa düşmək olar. Qısa olaraq deyim ki, oxuduqca görəcəksiniz ki, hər şeyə nail olmaq olar, yetər ki, içinizdə bir xəyal olsun. Xəyalınızı həyata keçirməyə gücünüz də oldumu, o xəyaldan pul qazanmağa başlayacaqsınız.

Euromonitor İnternational araşdırmasına görə gözəllik sektorunun dünya üzrə bazar payı illik 350 milyard dollardır. Azərbaycan haqqında dəqiq rəsmi məlumatlar olmasa da, bu rəqəmin Azərbaycanda illik 240 milyon dollar bazar payının olduğu deyilir. Bu yazıda gözəllik sektorunun özülünü qoyan iki brend – Helena Rubinstein və Elizabeth Ardenin tarixi haqqında bilgilərimizi paylaşacağıq. Ondan öncə sektorun tarixi haqqında qısa məlumat verək. Eramızdan əvvək Misir, Yunan və Roma mənbələrində kosmetik vasitələrdən istifadə haqqında çoxlu məlumatlar var. Məsələn, Kleopatra kimi əfsanəvi qəhrəmanların xüsusi gözəllik sirrləri, istifadə etdikləri vasitələr haqqında çoxlu yazılı mənbələr var. Sizə maraqlı gələ biləcək bir nüansı qeyd edim ki, qədimdə makiyajlı qadın əxlaqsız qadınlara xas xüsusiyyət hesab olunurdu. Spartada, məsələn, qadın ancaq toy günü makiyaj istifadə edərdi. Romada da makiyajın həddindən çox istifadəsi xoş qarşılanmırdı. Lakin zaman keçdikcə bu yanaşma tamamillə dəyişdi. Amma bu dəyişim də bir çox amillərə görə idi. Bunlardan ilki 15-16-cı əsrlərdə mətbəənin kəşfi idi. Artıq yazılı mənbələr çoxladıqca insanlarda məlumat da çoxaldı və təbii olaraq kosmetik vasitələrdən istifadə genişləndi. 19-cu əsrdə isə reklamlar ortaya çıxdı və bu sektorun parlaması üçün ideal çıxış yolu oldu. İlk reklamları çəkənlər də elə gözəllik sektoruna aid brendlər idi. Çünki dünya yaranandan bu tərəfə bütün insanlar üçün dəyişməz bir gerçəklik, qorxu var idi – qocalıq. İnsanlar bu prosesi yavaşlatmaq üçün pul xərcləməyə hazır idilər. 

12.09.2013

İdeal PR ağ da olur, qara da və ya süd verən inəyi kəsəkmi?!!!

Ox yaydan çıxıb payıza keçirdi ki, marketinq aləmində Milla canlanma yaratdı. Səssizliyi yenə sosial mediadakı paylaşımlar pozdu. Yəqin artıq çoxlarınız Milla üçün çəkilən bu reklamı görmüsünüz. Ümumiyyətlə bu iş sosial mediada olduqca yüksək sürətlə yayılmağa başlandı və təbii ki, münasibət və şərhlər də birmənalı deyildi.


Statistika:

Qısaca onu deyim ki, təxmini 3-4 gündür ki, video internetdə sürətlə yayılır. Ümumi 20 mindən çox baxış, 1000-dən çox yayılma (share), toplam 3000-ə yaxın ayrı-ayrı yerlərdə koment yazılıb, forumlarda müzakirəyə çıxarılıb. 5-dən çox sayt isə bu reklamı xəbər olaraq işıqlandırıb. Hələ marketinq əhlinin öz şəxsi facebook, twitter profillərində yazdıqları və onlara yazılan şərhləri demirəm. Qısacası bu 3-4 gündə Milla üçün "unpaid media" çox gözəl işlədi. Bir məsələ var ki, bu yayılma əsasən neqativ fikirlər ətrafında idi. Bu haqda bir qədər sonra.