27.10.2012

Azərbaycanda ilk dəfə: İdeal Fan Card

Facebook səhifəmiz artan templə inkişaf edirdi. Hətta deyərdim ki, facebookda ən çox şərh yazılan, paylaşım edilən, haqqında danışılan səhifə idik. Fanlarımızı nə ilə daha da təəccübləndirək deyə düşünürdüm ki, bir an öncə mağazadan alış-veriş edənlərə necə endirim kartı verirdiksə, o cür də səhifəmizə üzv olanlara fan kart verək dedim. Tez müddətdə mexanizmi hazırlandı. Deməli, fan kart yalnız idealın facebook səhifəsinin fanı olanlara pulsuz veriləcəkdi. Kartın digər kartlardan əsas özəlliyi o olacaqdı ki, bizim facebookda keçirdiyimiz aksiyalarda yalnız bu kartı olanlar iştirak edə biləcəkdi, bundan da əlavə bu kart daşıyıcılarına digər kartlarımıza belə etmədiyimiz kampaniyalar edəcəkdik. Məsələn, deyək ki, 25 oktyabrda yalnız fan kartı olan müştərilərə 1+1 kampaniyası elan edirik. İştirakçılar da ancaq fan kartı olan müştərilər ola bilər. 2011-ci ilin iyun ayında ilk belə kartlarımızı buraxdıq. Artıq 5000-dən çox mağazamıza gəlib bu kartı alan fanlarımız var ki, onlar idealdan reklam xarakterli məlumat almaqdan heç yorulmurlar :))). Bu tip kart Azərbaycanda ilk dəfə idi və hələ heç bir şirkət öz fanlarını bu cür fərqləndirməmişdi. Maraqlı bir yenilik olduğunu düşünürəm.

"Adverdiklərim" silsiləsindən: Bu bir də olmayacaq!

1+1 kampaniyaları ilə hamının ən sevimli mağazası idik. Yayın cırhacırında yay ayının ən son 1+1 kampaniyasını etməyə qərar verdik. Ən son olmasını elə bir formada çatdırmaq lazım idi ki, insanlar inanılmaz dərəcədə maraqlansın və bütün planlarını bu kampaniya üzərinə qursunlar. Çox düşünəndən sonra belə bir taktiki mesaj seçdim - Sloqanımız "Bu bir də olmayacaq" oldu. Bunu eşidən və görən insanlar ümumiyyətlə bu kampaniyanın bir daha olmayacağını zənn etmişdilər, deyəsən. Çünki inanılmaz satış göstəriciləri almışdıq. Mağaza müdirləri ilə söhbətim zamanı da öyrəndim ki, hər kəs mağazada onu soruşub ki, 1+1 bir də olacaq ya yox? :). İndiyədək verdiyim adlar içində ən uğurlu adlardan birinin də məhz bu ad olduğunu düşünürəm.

"Adverdiklərim" silsiləsindən: İdeal ilə hər yerdə G-Özəl-Sən

Neftçilər prospektində mağazamız açılmışdı və həmin mağazanın tanıtımını ora yaxın bir yerlərdə reklam etmək lazım idi. Çox düşündük ki, bunu necə edək. Sonunda Park Bulvarda avtomobillərin sıx olduğu parking yerini, təni qarajı seçdik. Qarajdan çıxan bütün avtomobillərin gördüyü (görmək məcburiyyətində olduğu) bir yerdə emosional bir sloqan ilə yeni mağazanı tanıtdıq. Mesajımız "İdeal ilə hər yerdə Gözəlsən" idi. Ad üç məna daşıyırdı: Gözəl- özəl -sən. Bir çox müştərilərdən və dost-tanışlardan alınan reaksiyaya görə deyə bilərəm ki, mesaj təsir edə bilmişdi insanlara. Hətta bunu havalimanında da vip tərəfdən çıxarkən bu reklam panosunu yerləşdirmişdik. Düşünürəm ki, sözlə vizual və məntiqi baxımından gözəl oynama idi.

"Adverdiklərim" silsiləsindən: İdeal ilə Daha Gözəl Yay

Nəhayət bir qədərlik aradan sonra bloqda işlədiyim şirkətdə keçirilən kampaniyalara verdiyim adlar, kreativ konsepsiyası və yeni ideyalarla bağlı fikirlərimi bölüşməyə vaxt tapdım. Ən son 2011-ci ilin may ayına qədərki edilən kampaniyalar haqqında yazmışdım.

Növbəti belə bir kampaniya 2011-ci ilin may ayında keçirilmişdi. Yay ayına təsadüf etdiyinə görə mövsümə uyğun ad seçilməli idi. Mən də o səbəbdən kampaniyaya "İdeal ilə Daha Gözəl Yay" adı verdim. Hətta xatırladım ki, o zaman dizaynerimiz olmadığına görə gördüyünüz dizaynı belə qeyri-professionalcasına özüm hazırlamışdım. Aksiyanın əsas məqsədi müxtəlif faizli kart sahiblərinə yay ayında fərqli endirimlər vermək idi. 

22.10.2012

Facemark-ın 1 yaşı oldu


“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol

21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark saytı rəsmi fəaliyyətə başladığını elan etdi. Rəsmi səhifəsinin açılması ilə yanaşı eyni zamanda saytın facebook səhifəsi də açıldı. Bu günkü tarix 21 oktyabr 2012 və demək ki, tarixin bu ana 1 illik Facemark adlı vərəqi var. Nədən başlayım yazmağa tam bilmirəm. Çox sevincli, qürurluyam, amma bir o qədər də məsuliyyətin verdiyi yükün altında hiss edirəm özümü. Sayt haqqında ilk fikirlərin beyində dolaşdığı ərəfələrdə yaxın dostum Anara demişdim ki, vaxt gələcək indi sənə dediklərimi bir tarix kimi hardasa ya mən yazacam, ya da kimsə yazacaq. Göründüyü kimi özüm yazası oldum)). İndi sadəcə içimdən bu bir ildə nələr oldu onu paylaşmaq gəlir.

İdeya necə yarandı?

Öncə yazdığım bir yazıda dediyim kimi marketinqə ani keçid etmişdim və o gündən də onun xəstəsi olmuşdum. Təbii ki, o vaxtlar marketinqlə bağlı böyük boşluq var idi. Universitet dönəmində və hərbi xidmətdən sonrakı dönəmdə bu boşluğu fərqli-fərqli yollar və mənbələrdən istifadə etməklə doldurmağa çalışırdıq. Lakin bir müddət gəldi ki, istər marketinqə aid mənbələrdə, istərsə də bu bu işlə məşğul olanlar arasında meydan boşluğu olduğunu hiss etdim və dediyim kimi sadəcə bir gecədə “mən marketinq portalı yaradacam və onu ölkənin daxilində və kənarında ən oxunan marketinq saytına çevirəcəm” dedim öz-özümə. Həyatda özümü ideyaları uğruna çox prinsipial biri kimi tanıyıram və nə olur-olsun istədiyimi almağı, qopartmağı, əldə etməyi sevirəm, proses özü mənə zövq verir, çünki daha çox proses adamı hesab edirəm özümü. 2011-ci ilin mart ayından yaxın ətrafımla müzakirələrə başladım və nəhayət bu işi dostum Anarla sözdən kağıza, konkret işə keçirmək qərarına gəldik. Tofiq Bəhramov adına stadionun yanındakı sakit bir çayxanaya əlimizdə qələm və 3-4 A4 vərəqləri ilə yollandıq. Yazının ən sonundakı şəkillər o tip görüşlərdən birində saytın ideyasının beyində cızılmasının müzakirəsindən olan görüntülərdir. Bu gün onların hər birini sadəcə arxiv üçün saxlayıram. Kağızlardan gördüyünüz kimi may ayında konkret saytın sxemini hazırlamışdım. Ən çox bölmə adları və digər adlarda daha çox mili, daha çox yaradıcı adlardan istifadə etmək istəyirdim, bunun üçün də xeyli düşünməli olurdum. Nəhayət bir neçə görüş, müzakirə və qırğınlardan sonra sxemi hazır etdik. Maraqlı orasıdır ki, sayta xəbəri necə yığacağıq, necə bir mövqeləndirmə edəcəyik, iş prinsipi necə olacaq qətiyyən düşünmürdüm. Sadəcə tez bir müddətdə pul tapıb saytı hazır etmək istəyirdik.

30.09.2012

3 qaranın sirri – Marketing AİR

2003-cü ildə biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim. O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil, marketinqə düşmüşdüm. Həmin vaxt mənimlə bir hazırlaşan dostumun məni necə təsəlli etdiyi indi də yadımdadır. Amma zaman nəinki keçdi, hətta göstərdi ki, marketinq daha tələbatlı sahədir. Bu dəyəri başa düşəndən sonra marketinq bir növ mənim işimə, zövqümə, həyat tərzimə çevrildi. Ondan sonra da nələr oldu, nələr... Amma bu dəfə mən marketinq sahəsində atılan ilklərdən biri haqqında yazmaq istəyirəm. O ilkin adı Marketing AİR oldu. Biz ilk dəfə Azərbaycanda praktiki bilgilərə əsaslanan və daha geniş miqyaslı seminarlar üçün bir araya gəldik.

Marketing AİR necə yarandı?

Bir dəfə İlkinlə marketoloqların tez-tez yığışdığı Park Fore restoranında yenə elə marketinqin keçmişindən-gələcəyindən danışırdıq. Brandmarkeri türk tələbələrin necə professional şəkildə təşkil etdiklərini danışırdım, səhv etmirəmsə. Elə o vaxt İlkin mənə niyə bunu Azərbaycanda və daha praktik formada etməyək dedi. Heç düşünmədən “niyə etmirik ki, ondan da yaxşısını edə bilərik” dedim və o dediyim gündən də dediyim sözün əsiri oldum, bu günə kimi də əlləşirəm J. Hardasa iyul ayının sonları olardı və biz bir yerdən dəftər, qələm tapıb ilk qeydləri, addımları yazmağa başladıq. Hər yazdıqca da bir xeyli əmək, zəhmət tələb edən işin altına girdiyimizin fərqində idik. Nə isə ki, bir neçə gün sonra bu zəhmətə Anarı da şərik qoşduq. Nəhayət 4 avqustda bütün şifahi deyilənləri maillə sistemli şəkildə yazdıq və bu mail işə ciddi başlamağımızın əsası oldu.

29.09.2012

Red Apple 2012 xatirələri (I yazı)


Məlum olduğu kimi Facemark növbəti reklam festivallarından biri olan 22-ci Moskva Beynəlxalq Marketinq və Reklam Festivalı Red Apple 2012-nin Azərbaycan üzrə yeganə media partnyoru oldu.  19-20 sentyabr Facemark adından mən və Embawood şirkətindən Ramil Mahmudov rəsmi akkreditasiya ilə iştirak etdik. Rusiyada ömrümün ilk 5 ilini yaşamışam və 90-cı ildən bu tərəfə də Rusiyada olmamışdım. Bir tərəfdən də soyuq ölkənin soyuq təbiəti və insanları, şəhərini görmək həvəsim vardı.

Moskva 2010+2

Festivala keçməmişdən öncə bəzi müşahidə etdiklərim nüansları paylaşmaq istəyirəm. Ümumiyyətlə olduğum hər yerdə araşdırma-müqayisə üsulundan çox istifadə edirəm. Aeroportda Türk Hava Yolları ilə gedəndə türklər demiş bəzi “ayrıcalıklar” olur THY-dən uçanlar üçün. Məsələn, THY ilə uçanlar bütün türk qəzetlərini pulsuz olaraq ala bilərlər. Biz isə Azal ilə uçurduq, özü də Azalın əsasən İstanbula uçan ən böyük, son model Boinqi ilə. Salonda isə bizə Azərbaycan qəzetini verdilər. Bundan öncə də bir neçə dəfə Azal ilə uçmuşdum, amma qəzet vermirdilər. Demək ki, bu da özlüyündə irəliləyişdir. 

17.08.2012

Turkcelldən super viral


Turkcell Maxiplus 5 üçün çox maraqlı bir viral hazırlayıb. Bu gün internetdə gəzişərkən təsadüfən gördüm, çox xoş oldu. Ağıllıca düşünülmüş bir ideyadır, məncə. Hələ Patinin hrəkətləri bir ayrı ləzzət edir.

15.08.2012

5-cə dəqiqə... Bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında

Xeyli vaxtdır nə haqqında yazacağım barədə düşünürdüm. Nəhayət növbəti iş görüşlərinin birində qərarımı verdim. Mövzum bir çoxlarımızın mütəmadi olaraq iştirak etdiyi və ya dəvət etdiyi şəxslərlə iş görüşməsi haqqında olacaq. Görüş öncəsi, görüş zamanı və sonrası nələrə diqqət etməliyik, professional danışıq tərzi, dinləmə bacarığı və effektiv nəticə əldə etmək üçün bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında yazmaq istəyirəm. 

Mən, Bakıdakı bütün “qara adamlar” kimi səhər saat 9-da işə gəlib axşam neçədəsə evə gedənlər sinfinə daxiləm. Səhər isə ilk işim gündəliyimdə bu günə qeyd olunan görüşləri incələmək, dəqiqləşdirmək olur. Görüşün və görüşənin tipinə, əhəmiyyətinə uyğun olaraq ön hazırlıq gördüyüm vaxtlar da olur. Çalışıram ki, görüşdə istifadə etdiyim kəlimələri belə çox diqqətlə seçim, çünki yerində olmayan bir söz belə görüşün taleyini həll edə bilər. Bu illər ərzində görüşlərin sayını unutsam da, özümçün qeyd etdiyim bəzi məqamları unutmamışam. Bu dəfə də məhz bunları üzrünüzə sığınaraq paylaşmaq istəyirəm.

14.08.2012

Mixaylo şəhərdədir, yoxsa Mixaylo hamilədir?

Diqqət çəkməyin ucuz və ya bahalı üsulları 

Sosial şəbəklələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qərbdən ixrac olunan sosiallaşma bizdə o qədər dərinə gedir ki, hərdən fikirləşirsən ki, günlərin bir günü facebook bağlansaydı nə olardı? Qərb “vur” deyəndə şərq “öldürüb” həmişə. Qərbdəki bu sosiallaşma dalğası şərqə doğru transfer olduqca inkişaf edib-edib bizi asosiallaşmağa aparacaq, deyəsən. Fikirləşək, görək facebook bağlansaydı həqiqətən nə necə olardı? 

- Facebook olmasaydı biz dostlarımızın, tanışlarımızın sabah ad günü olduğunu bilib gecədən ona təbriki necə yazardıq? Və bununla da necə də diqqətcil olduğumuzu necə göstərərdik? 

- Facebook olmasaydı, adamın mobil telefonuna zəng edib cavab almayanda onun facebookda nələrisə paylaşdığını görüb, geri smslə ona “bizi niyə saymırsan” sözünü əminliklə yaza bilərdikmi?