15.07.2013

Marketerlərin iftar görüşü - "Marketinq Ramazannaməsi" niyə vacibdir?

Yaxın dostlar bilir ki, biz bununla artıq 4-cü ildir ki, davamlı olaraq marketoloqlar, reklamçılar və bu sahə ilə əlaqəli olanlar yığışırıq. Facemark.az-ın fb səhifəsində əvvəlki görüşlərin şəkillərini görə bilərsiniz. 

Bu il də ənənəmizə sadiq qalaraq yığışmağı düşünürük. İnşallah, 22 iyul saat 20:00-da Dalida restoranında görüşəcəyik. Artıq 1000 nəfərdən çox olan qrupumuzda bu barədə event də yaradılıb, iştirak etmək istəyənlər qoşula bilər. Təəssüf ki, maksimum 100 yerimiz var. İnanıram ki, gün gələcək tədbirlərimizi elə 1000 nəfərlik zallarda keçirəcəyik. Bir yerdən başlamaq mütləq lazımdır.

Görüşdə iştirak üçün - https://www.facebook.com/events/600763193297321/

Qısa olaraq bu yazıda marketerlərin, menecerlərin iftar görüşünün niyə vacib olması haqqında yazmaq istəyirəm. Marketerlərin iftar görüşünün faydaları:

1. Marketinq sferası olaraq cəmiyyətimizdəki aktivliklərə və dəyərlərə hörmətimizdir.

Marketer, reklamçı olaraq biz heç vaxt ancaq satmağı, ancaq marketinqi düşünməməliyik, çevrəmizdə, ölkəmizdə olan aktivliklər, dəyər verilən bayramlara, nüanslara biganə qalmamalıyıq. Belə olarsa, ətrafımızda olanlar bizi "mağazada satmaq üçün bezdirən satıcı"ya bənzədəcəkdir. Ramazan, Qurban bayramı, yeni il, Novruz, Müstəqillik Günü və bu kimi digər dəyər kəsb edən bayramlarda biz kampaniyalar edirik, müştərilərə bu həssas nöqtələrdən təsir edib satışımızı artırırıq. Ona görə də düşünürəm ki, bu bayramlarda bizim yığışmamız həm də bizim verdiyimiz dəyəri göstərir.

2. Təkcə yeməyə deyil, ünsiyyətə də doymaq istəyirik.

Facemark.az və Marketinq Azərbaycan qrupu yaranandan bir xeyli görüşlərimizin sayı artıb. Bu çox yaxşıdır. Müştərilərlə işləyən sferanın adamları müştəriləri anlamazdan öncə bir-birilərini anlamağı bacarmalı, öyrənməlidir. Həmişə dediyim kimi marketinq Azərbaycanda yenidir, Cəbrayıl müəllimin dediyi kimi onun dünəni elə bu gündür. Elə də çox deyilik. O səbəbdən bu tip tədbirlərdə "bir bəhanə" tapıb görüşüb müzakirələr aparmaq ayrı-ayrılıqda hər birimizin öz işini daha da mükəmməlləşdirməsinə gətirib çıxarır. Yoxsa ki, hərəmiz ətrafımızda olanlara öz ofisimizin pəncərəsindən baxmaqla qabağa gedə bilmərik.

3. Satmayaq deyirik, amma yenə də satırıq

Əslində yuxarıda yazdığım kimi istəyirik ki, marketinqsiz, reklamsız, satışsız bir gün keçirək, amma olmur. Söhbət belə görüşlərdə yenə gəlib öz yerini tutur. Bu görüşlərdə biz hərəmiz mütləq şəkildə nəsə satırıq. Birimiz özünün PR-nı satır, birimiz şirkətimizin xidmətlərini, birimiz ideyalarımızı və s. Bir sözlə bu görüşlərdə heç kim təmənnasız olmur. Hər kəsin mənəvi də olsa, təmənnası olur. Bu siyahını uzatmaq da olar.

4. Gələcəkdə daşdan keçən əlaqələr, tanışlıqlar qururuq.

Bilirsiniz ki, marketinq çox tez dəyişir, mütəmadi olaraq yeniliklərlə müşayiət olunur. Yəqin ki, elə bu səbəbdən də marketoloqlar da çox tez-tez işlərini və ya işlərində yerlərini dəyişirlər. Bəzən normal şəraitdə Azərbaycan reallığını götürsək günlərlə görüş ala bilmədiyimiz adamlarla bu tip görüşlərdə tanış olandan sonra çox rahat şəkildə əlaqə yarada bilirik. Yəni biz həm kimin harda olduğunu, kimlə necə əlaqə qurmağı bu görüşlərdə özümüzçün asanlaşdırırıq. Təsadüfi deyil ki, marketinq indi "qarşılıqlı münasibətlər" dövrünü yaşayır. 

5. Özümüzdən sonrakılara örnək oluruq

Azərbaycanda marketinqin yaşı çox olmasa da, biz marketerlər qarğa deyilik. Bir gün mütləq "təqaüdə çıxacağıq" və ya "təqaüdə göndərəcəklər".  Ona görə gedəndə də arxada faydalı bir şeylər qoyub getmək lazımdır. Çalışmaq lazımdır ki, hər addımda ətrafımız üçün faydalı olaq, yaxşılıq edək. Bu haqda İlkin daha ətraflı yazıb, buradan oxuya bilərsiniz. Artıq sevindircidir ki, universitetlərdə marketinqin tədris keyfiyyəti də, tələbələrin marağı da çox artıb. Lakin onların professional müstəviyə atılması üçün incə bir keçidə ehtiyacı var. O keçid üçün artıq öz sözünü demiş marketerlər yeni qoşulanlara dəstək olmalıdır. Yoxsa bu sahədə əvvəl hiss olunan inkarı inkar tendensiyası kimsəyə fayda verməyəcək,necə ki vermədi də. Və o cür yanaşanlar da yəqin ki, indi yanlışlığa yol verdiklərini anlayırlar. Bir sözlə yenilər köhnələrə hörmətlə yanaşmalı, onlardan maksimum yararlanmalı, təcrübələrini öyrənməli, köhnələr isə yenilərə dəstək olmalı, onların hazırlığı üçün təmənnasız əziyyət çəkməyə hazır olmalıdır. Belə olan halda biz "atalar-oğullar" dilemması ilə daha sərt şəkildə qarşılaşmarıq yəqin ki.

Demək istədiklərim bu qədər. İnşallah, 22 iyul Sizi iftarda gözləyirəm. Həştəqimiz də aktivdir - #dirennefsine

Hiç yorum yok:

Yorum Gönder