27.12.2012

Yapon kimi olmaqmı, yapon doğulmaqmı lazımdır?

Marketinqlə dolayı əlaqəsi olan tarix haqqında

Bu gün hamı nədənsə bir çoxumuz inanırıq ki, yapon möcüzəsində bir nömrəli səbəb onların elə yapon doğulmağıdır. Açığı mən özüm də bir kitabı oxuyanadək belə fikirləşirdim. Ancaq bu günlərdə türk müəlliflərdən birinin “yapon yüksəlişinin tarixi” haqqında oxuduğum kitabdan sonra fikrimi dəyişdim. Bu gün də bu səbəbdən marketinqlə bəlkə də çox əlaqəli olmasa da yaponiya tarixindən qısa yadımda qalanları paylaşacam. Düşünürəm ki, marketinqə aid olmasa da, marketoloqlara maraqlı olacaq. Çünki bunu bilmək marketoloqlara əlavə motivasiya verə bilər. Ələxsüs də bizim marketoloqlara özlərinə daha çox inanmaları üçün stimul ola bilər.

19.12.2012

BETTER or BETƏR

Facebook fan səhifədən effektiv istifadə və aktivliyi artırma üsulları

Bu dəfə Marketer Məhərrəm facebook haqqında son aya olan durumu yazmaq qərarına gəldi. Yazmışkən də facebook səhifələrdə aktivliyi artırma üsulları haqqında az bildiklərini Sizinlə paylaşacaq. Fakt məclisin yaraşığıdır deyib başlayaq statistikadan. 

2004-cü ildən Facebook özünəqədərki bir çox oxşar layihələrin ən güclü rəqibi oldu və hazırda isə yəqin ki, çoxu razılaşar ki, sosial media bazarının şəriksiz lideridir. Dünyada az qala 1 milyarda yaxın istifadəçisi olan facebookun Azərbaycanda 919 000 istifadəçisi var. Dünya üzrə Facebook istifadəçiləri sayına görə 83-cü yerdədir. Əhalinin 11.07%, internetdən istifadə edən əhalinin isə 21.74%-ni əhatə edir. 

Fan sayına görə top 5-də olan şirkətlər: 

1) Azercell 186 000 2) Bakcell 151 000 3) İdeal 143 000 4) İrşad Telekom 108 000 5) Park Bulvar 106 000. 

Son 6 ayda təxmini 97000-ə yaxın insan Azərbaycandan facebooka qoşulub. Azərbaycan 63% kişi, 37% qadın istifadəçi ilə bu göstəriciyə ən yaxın ölkə Makedoələstin ərazisidir. 460 minə yaxın 18-24 yaş arasıdır. 

10.12.2012

FMR TV by AİR başladı (İlk çəkilişlərdən xatirələr)

Yəqin ki, bir çoxlarımızın artıq məlumatı var ki, Azərbaycanın ilk onlayn marketinq televiziyası layihəsi üzərində iş gedirdi. İdeyanın yaranması və inkişafı haqqında İlkin daha öncə öz yazısında məlumat vermişdi. 

Bu gün bütün texniki hazırlıqları tamamlayıb tam 5 veriliş çəkdik. Buna görə gözümüzdə hər şeyi bu qədər sadələşdirən İlkinə təşəkkür edirəm, dəyərli məsləhətlərinə görə isə RasimAnara minnətdaram. Təbii ki, əsas təşəkkür Video.az-a düşür. FMR TV məhz video.az-da açılan xüsusi kanal vasitəsilə yayımlanacaq. Eyni zamanda yaxında verilişlərimizi internet üzərindən birbaşa da yayımlaya biləcəyik. Bundan əlavə təbii ki, Facemark.az-da da FMR TV adlı xüsusi bölməmiz olacaq. Orada da yeniliklərdən tanış olma imkanımız olacaq, arxiv materiallarla tanış ola biləcəyik.

12.11.2012

IB Gənclər Məclisindəki çıxışım mətni: "Mənim Həyat Fəlsəfəm"

Bu günkü gündə yüzlərlə gənci bir araya yığmaq və bu cür bir tədbiri keçirmək sözün həqiqi mənasında cəsarət istəyir. Tande deyir ki, “hər kəs dünyanın nizama düşməsini istər, amma mərdliyi qonşusundan gözlər” Mən əminəm ki, bir çoxlarımızın vaxtilə etmək istədiyi bir işi bu gün Tandenin misalında desək, qonşu İB Club edib, ona görə də məncə, İB Club Sizin ən azı alqılaşlarınıza layiqdir, gəlin bir yerdə alqışlayaq. 

Keçək mətləbə. Mən bu gün icazənizlə öz həyat fəlsəfəm dediyim bir şeydən danışmaq istəyirəm. Ona görə də Bu şəhərdə Qüdrət demiş “vaxtınızı çox almayacam, Sizə yarımca saat dastan söyələyəcəm”. Zarafat edirəm, mənə təşkilatçılar dedilər ki, 15 dəqiqə vaxtın var, tez de çıx get J. Çalışacam bu vaxta çatdırım. 

Özümü biləndən 2 şeyi etməkdən zövq almışam. Bunlardan biri oxuduğum kitabları hər bitirdikcə qeyd etməkdir, 4-cü sinifdən bu tərəfə oxuduğum hər kitabın adını qeyd eləmişəm, 16 illik bir dəftərim var, hələ də saxlayıram. Bir də çox müdrik kəlamları, deyimləri mütləq bir yerə qeyd edirəm. Və bu gün qərara gəldim ki, öz həyat fəlsəfəm haqqında çıxışımı ən çox sevdiyim müdrik deyimlər üzərindən Sizinlə paylaşım. Başlayaq: 

28.10.2012

Oxucularımıza 1 illik hesabatımız

Diqqətlə oturub düşünəndə 1 ilin belə tez gəlib çatması məni bir az kövrəltdi deyə bilərəm. Çünki həqiqətən 1 ilin arxasında bizə görə çox böyük əziyyətləri vardı. 1 il sonra Sizə böyük qürur hissə ilə bu 1 ildə nələr etdiyimizi təqdim edirəm. Şükürlər olsun ki, mənə görə az iş görülməyib. Bu işlər də digər bütün bu tip işlər kimi ancaq və ancaq marketinqin inkişafına töhfədən başqa bir şey deyil.



"Adverdiklərim" silsiləsindən: Sedatin - Rahat həyata zəmanət

Ötən il kənardan sifariş aldığım maraqlı işlərdən biri. Stressdən qorunma üçün vasitə olan Sedatin haqqında banner və video çarx ideyası lazım idi. Bir az düşündükdən sonra aşağıdakı formada video çarx ortaya çıxdı. Bannerlərində də maraqlı kreativ var idi.


"Adverdiklərim" silsiləsindən: Biz Gözləyərik

Kredit kampaniyası üçün sloqan - Biz Gözləyərik


"Adres" qalmaqalı

Ötən ilin noyabr ayında İdeal özünün indiyəqədərki ən böyük imic kampaniyasını buraxmışdı. O ana qədər çəkilən reklamlar içərisində ən bahalılardan sayılırdı. Reklamı Türkiyədə top 5-likdə olan reklam agentliklərindən olan Alametifarika çəkmişdi. Reklam haqqında danışmaq istəmirəm, bu haqda çox yazıldı, çox deyildi. Reklamın ideyası hələ beyinlərdə olarkən dəqiq konkretləşdirdiyimiz bir şey var idi. Bu reklam çarxı ilk yayın günündən çox müzakirə olunmalı idi. Nəysə ki, bir çox reklam agentlikləri ilə görüşdük. Sonunda Alametdə dayanarkən onlara belə bir fikrimizin olduğunu bildirdik. Lakin onlar deyəsən bunu tam anlamadılar, yenə öz bildikləri kimi bir sloqan təklif etmişdilər - Gözəlliyin adresi. Daha sonra biz başladıq bunun Azərbaycan versiyasını düşünməyə. lakin o vaxt anidən öyrəndik ki, əslində Azərbaycan dilinin izahlı lüğətində bu söz var, hətta adresat sözü belə var. Çox gözəl fürsət idi. Heç düşünmədən reklamı bu sloqanla buraxdıq. Sonra iradlar gəldi nə gəldi. Hətta antiinhisar departamentindən belə bizi sloqanı Azərbaycan dilinə adaptasiya ilə bağlı xəbərdarlıq belə gəldi, dərhal reklamları yığışdırmaq tapşırıldı. Təəssüf dövlət orqanı iddianı irəli sürəndə lüğətə gözucu olsa belə göz gəzdirməmişdi. Nəysə ki, biz də 4 cildlik izahlı lüğəti də qoltuğumuza vurub yollandıq nazirliyə, sübut edib qayıtdıq. Facebook səhifəmizə, saytımıza, maillərə belə n qədər şikayətlər daxil oldu ki, niyə rus dilində yazmısınız sloqanı. İstədiyimiz alınmışdı. Hamı bu haqda danışırdı şəhərdə. Biz isə hələ də geniş ictimaiyyətə bu haqda məlumat vermirdik. Hətta marketoloqlar, kopirayterlər belə bunu sezə bilməmişdi. Nəhayət bir müddət keçəndən sonra kitabın adres sözü olan səhifəsini print-skrin edib yayımladıq və şərhlər o andan anidən susdu. Bu gün iş stolumda 4 cildlik izahlı lüğətin olmasını elə o adres sözünə borcluyam :).

"Adverdiklərim" silsiləsindən: İdealda Yenə Bayram Var

Qurban bayramı münasibətilə İdealın ilk dəfə 2011-ci ildə keçirdiyi kampaniyaya "İdealda yenə bayram var" adı seçdim. Çünki bundan öncə Ramazan olmuşdu, Ramazandan sonra yenə bayram əhval-ruhiyyəsinə girmək üçün o bayramın yenə gəldiyi mesajını müştərilərə vermək lazım idi. 2012-ci ilin Qurban bayramı kampaniyasına da eyni sloqanı verdik.

27.10.2012

"Adverdiklərim" silsiləsindən: Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK.

Müəllimlər Günü münasibətilə çox maraqlı mesaj hazırlamaq lazım idi. Mesajımız isə çox maraqlı oldu, məncə. 
"Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK".

Kreativ: "Sağa Çəkil" rekordu

Öncəki yazımda dediyim kimi 2011-ci ilin sentyabrı çox gərgin keçirdi. Bu arada yeni il ərəfəsi də rəqib "ürək bulandırmağa" başlamışdı. Bu ərəfədə anidən çox maraqlı bir ideya ağlıma gəldi. Yalnız internetdə non-standart bir banner hazırlayacaqdıq. Bannerdə ilk 4-5 gün tizer gedəcəkdi. Tizerdə sadəcə yarışan 2 maşın görünür - qara və qızılı. İlk anda banner o qədər maraq doğurdu ki, indiyədək həmin bannerin 17%-lik CTR-ni heç bir banner qıra bilməyib.4-5 günlük tizerdən sonra isə bannerin ideala aid olduğu məlum olurdu. Sloqanımız da çox yaxşı idi - İdeal - Sürətin Fərqindəyik. Bannerdə sözlərin gedişi təxminən belə idi. "Müştərisini razı sala bilməyənlər bu yolda sadəcə sağa çəkilir. Yüksək xidmət və keyfiyyətimiz sayəsində sol hərəkət zolağında ideal sürətdəyik. İdeal - Sürətin Fərqindəyik" 
Qızılı maşın rəqibi, qara maşın isə idealı ehtiva edirdi. Rəqibi o qədər qıcıqlandırmışdı ki, bu kampaniya, amma söz deməyə də səbəb tapa bilmirdilər, çünki heç yerdə rəqibin adı çəkilməmişdi ))). Yaxın ətrafımızdan, reklamçı dostlardan da eşitdiyimə görə o zaman üçün fərqli bir gediş olmuşdu bazarda. Aşağıda Sizə ssenarini təqdim edirəm.


Kreativ: İdealı sevməyən 10 000 adam axtarıram

2011-ci ilin sentyabr ayı gərgin idi. Həm yeni və böyük imic kampaniyasına hazırlaşırdıq, həm də kampaniyalar keçirirdik. Müəlllimlər Günü yaxınlaşdığı üçün başımız ona qarışmışdı. Bu arada rəhbərlikdən belə bir fikir gəldi ki, bəs müştərilərimiz arasında idealın facebook səhifəsində pis rəy yazanlar çoxalır. Mən də öz növbəmdə bunun çox da kritik durumda olmadığını göstərmək üçün belə bir "taktik çözümləmə" etdim. Deməli, yeni bir gizli fb səhifəsi yaratdıq və adı da "idealı sevməyən 10000 adam axtarıram" oldu. İdeyanı cəmi 3nəfər bilirdi şirkətdə. Qısa müddətdə hazırlığı tamamladıq və hətta fb reklamlar belə buraxdıq. Aşağıdakı şəkillərdən onları görə bilərsiniz. İlk müddətdə səhifəmizə çoxlu sayda fanlar tərəfindən yazı daxil oldu ki, bəs sizi filan yerdə pisləyirlər, girin imkan verməyin. Həmin səhifədə isə hətta rəqib şirkətin top menecerləri belə fan olmuşdu. Demək ki, istədiyimizi almışdıq. İstədiyimiz isə ən çox da o idi ki, hətta reklamla belə çox insanın o səhifəyə qoşulmadığını göstərmək. Xatırladım ki, həmin səhifə hələ də qalır və cəmi 339 üzvü var. Rəqiblər və müştərilər bundan çox sonra bizim tərəfimizdən yaradıldığını anladılar ki, onda da gec idi artıq. Biz istədiyimizi almışdıq.

"Adverdiklərim" silsiləsindən: BAYRAMLAŞAQ

2011-ci ilin avqust ayında Ramazan bayramı ilə əlaqədar olaraq kreativ konsept hazırlamaq lazım idi. Ramazanla bağlı kampaniyamıza "Bayramlaşaq" sloqanı verdim. Emosional təsir baxımından "bu bir də olmayacaq" sloqanından sonra deyərdim ki, ən çox müştərilərin xatırladığı adlardan oldu. Bu sloqan altında bütün vitrinlərimiz, radio reklamlarımız, internetdə veb bannerlərimiz hazırlandı. Radio reklam mətni və banner ssenari də bəndənizə aiddir.


Azərbaycanda ilk dəfə: İdeal Fan Card

Facebook səhifəmiz artan templə inkişaf edirdi. Hətta deyərdim ki, facebookda ən çox şərh yazılan, paylaşım edilən, haqqında danışılan səhifə idik. Fanlarımızı nə ilə daha da təəccübləndirək deyə düşünürdüm ki, bir an öncə mağazadan alış-veriş edənlərə necə endirim kartı verirdiksə, o cür də səhifəmizə üzv olanlara fan kart verək dedim. Tez müddətdə mexanizmi hazırlandı. Deməli, fan kart yalnız idealın facebook səhifəsinin fanı olanlara pulsuz veriləcəkdi. Kartın digər kartlardan əsas özəlliyi o olacaqdı ki, bizim facebookda keçirdiyimiz aksiyalarda yalnız bu kartı olanlar iştirak edə biləcəkdi, bundan da əlavə bu kart daşıyıcılarına digər kartlarımıza belə etmədiyimiz kampaniyalar edəcəkdik. Məsələn, deyək ki, 25 oktyabrda yalnız fan kartı olan müştərilərə 1+1 kampaniyası elan edirik. İştirakçılar da ancaq fan kartı olan müştərilər ola bilər. 2011-ci ilin iyun ayında ilk belə kartlarımızı buraxdıq. Artıq 5000-dən çox mağazamıza gəlib bu kartı alan fanlarımız var ki, onlar idealdan reklam xarakterli məlumat almaqdan heç yorulmurlar :))). Bu tip kart Azərbaycanda ilk dəfə idi və hələ heç bir şirkət öz fanlarını bu cür fərqləndirməmişdi. Maraqlı bir yenilik olduğunu düşünürəm.

"Adverdiklərim" silsiləsindən: Bu bir də olmayacaq!

1+1 kampaniyaları ilə hamının ən sevimli mağazası idik. Yayın cırhacırında yay ayının ən son 1+1 kampaniyasını etməyə qərar verdik. Ən son olmasını elə bir formada çatdırmaq lazım idi ki, insanlar inanılmaz dərəcədə maraqlansın və bütün planlarını bu kampaniya üzərinə qursunlar. Çox düşünəndən sonra belə bir taktiki mesaj seçdim - Sloqanımız "Bu bir də olmayacaq" oldu. Bunu eşidən və görən insanlar ümumiyyətlə bu kampaniyanın bir daha olmayacağını zənn etmişdilər, deyəsən. Çünki inanılmaz satış göstəriciləri almışdıq. Mağaza müdirləri ilə söhbətim zamanı da öyrəndim ki, hər kəs mağazada onu soruşub ki, 1+1 bir də olacaq ya yox? :). İndiyədək verdiyim adlar içində ən uğurlu adlardan birinin də məhz bu ad olduğunu düşünürəm.

"Adverdiklərim" silsiləsindən: İdeal ilə hər yerdə G-Özəl-Sən

Neftçilər prospektində mağazamız açılmışdı və həmin mağazanın tanıtımını ora yaxın bir yerlərdə reklam etmək lazım idi. Çox düşündük ki, bunu necə edək. Sonunda Park Bulvarda avtomobillərin sıx olduğu parking yerini, təni qarajı seçdik. Qarajdan çıxan bütün avtomobillərin gördüyü (görmək məcburiyyətində olduğu) bir yerdə emosional bir sloqan ilə yeni mağazanı tanıtdıq. Mesajımız "İdeal ilə hər yerdə Gözəlsən" idi. Ad üç məna daşıyırdı: Gözəl- özəl -sən. Bir çox müştərilərdən və dost-tanışlardan alınan reaksiyaya görə deyə bilərəm ki, mesaj təsir edə bilmişdi insanlara. Hətta bunu havalimanında da vip tərəfdən çıxarkən bu reklam panosunu yerləşdirmişdik. Düşünürəm ki, sözlə vizual və məntiqi baxımından gözəl oynama idi.

"Adverdiklərim" silsiləsindən: İdeal ilə Daha Gözəl Yay

Nəhayət bir qədərlik aradan sonra bloqda işlədiyim şirkətdə keçirilən kampaniyalara verdiyim adlar, kreativ konsepsiyası və yeni ideyalarla bağlı fikirlərimi bölüşməyə vaxt tapdım. Ən son 2011-ci ilin may ayına qədərki edilən kampaniyalar haqqında yazmışdım.

Növbəti belə bir kampaniya 2011-ci ilin may ayında keçirilmişdi. Yay ayına təsadüf etdiyinə görə mövsümə uyğun ad seçilməli idi. Mən də o səbəbdən kampaniyaya "İdeal ilə Daha Gözəl Yay" adı verdim. Hətta xatırladım ki, o zaman dizaynerimiz olmadığına görə gördüyünüz dizaynı belə qeyri-professionalcasına özüm hazırlamışdım. Aksiyanın əsas məqsədi müxtəlif faizli kart sahiblərinə yay ayında fərqli endirimlər vermək idi. 

22.10.2012

Facemark-ın 1 yaşı oldu


“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol

21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark saytı rəsmi fəaliyyətə başladığını elan etdi. Rəsmi səhifəsinin açılması ilə yanaşı eyni zamanda saytın facebook səhifəsi də açıldı. Bu günkü tarix 21 oktyabr 2012 və demək ki, tarixin bu ana 1 illik Facemark adlı vərəqi var. Nədən başlayım yazmağa tam bilmirəm. Çox sevincli, qürurluyam, amma bir o qədər də məsuliyyətin verdiyi yükün altında hiss edirəm özümü. Sayt haqqında ilk fikirlərin beyində dolaşdığı ərəfələrdə yaxın dostum Anara demişdim ki, vaxt gələcək indi sənə dediklərimi bir tarix kimi hardasa ya mən yazacam, ya da kimsə yazacaq. Göründüyü kimi özüm yazası oldum)). İndi sadəcə içimdən bu bir ildə nələr oldu onu paylaşmaq gəlir.

İdeya necə yarandı?

Öncə yazdığım bir yazıda dediyim kimi marketinqə ani keçid etmişdim və o gündən də onun xəstəsi olmuşdum. Təbii ki, o vaxtlar marketinqlə bağlı böyük boşluq var idi. Universitet dönəmində və hərbi xidmətdən sonrakı dönəmdə bu boşluğu fərqli-fərqli yollar və mənbələrdən istifadə etməklə doldurmağa çalışırdıq. Lakin bir müddət gəldi ki, istər marketinqə aid mənbələrdə, istərsə də bu bu işlə məşğul olanlar arasında meydan boşluğu olduğunu hiss etdim və dediyim kimi sadəcə bir gecədə “mən marketinq portalı yaradacam və onu ölkənin daxilində və kənarında ən oxunan marketinq saytına çevirəcəm” dedim öz-özümə. Həyatda özümü ideyaları uğruna çox prinsipial biri kimi tanıyıram və nə olur-olsun istədiyimi almağı, qopartmağı, əldə etməyi sevirəm, proses özü mənə zövq verir, çünki daha çox proses adamı hesab edirəm özümü. 2011-ci ilin mart ayından yaxın ətrafımla müzakirələrə başladım və nəhayət bu işi dostum Anarla sözdən kağıza, konkret işə keçirmək qərarına gəldik. Tofiq Bəhramov adına stadionun yanındakı sakit bir çayxanaya əlimizdə qələm və 3-4 A4 vərəqləri ilə yollandıq. Yazının ən sonundakı şəkillər o tip görüşlərdən birində saytın ideyasının beyində cızılmasının müzakirəsindən olan görüntülərdir. Bu gün onların hər birini sadəcə arxiv üçün saxlayıram. Kağızlardan gördüyünüz kimi may ayında konkret saytın sxemini hazırlamışdım. Ən çox bölmə adları və digər adlarda daha çox mili, daha çox yaradıcı adlardan istifadə etmək istəyirdim, bunun üçün də xeyli düşünməli olurdum. Nəhayət bir neçə görüş, müzakirə və qırğınlardan sonra sxemi hazır etdik. Maraqlı orasıdır ki, sayta xəbəri necə yığacağıq, necə bir mövqeləndirmə edəcəyik, iş prinsipi necə olacaq qətiyyən düşünmürdüm. Sadəcə tez bir müddətdə pul tapıb saytı hazır etmək istəyirdik.

30.09.2012

3 qaranın sirri – Marketing AİR

2003-cü ildə biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim. O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil, marketinqə düşmüşdüm. Həmin vaxt mənimlə bir hazırlaşan dostumun məni necə təsəlli etdiyi indi də yadımdadır. Amma zaman nəinki keçdi, hətta göstərdi ki, marketinq daha tələbatlı sahədir. Bu dəyəri başa düşəndən sonra marketinq bir növ mənim işimə, zövqümə, həyat tərzimə çevrildi. Ondan sonra da nələr oldu, nələr... Amma bu dəfə mən marketinq sahəsində atılan ilklərdən biri haqqında yazmaq istəyirəm. O ilkin adı Marketing AİR oldu. Biz ilk dəfə Azərbaycanda praktiki bilgilərə əsaslanan və daha geniş miqyaslı seminarlar üçün bir araya gəldik.

Marketing AİR necə yarandı?

Bir dəfə İlkinlə marketoloqların tez-tez yığışdığı Park Fore restoranında yenə elə marketinqin keçmişindən-gələcəyindən danışırdıq. Brandmarkeri türk tələbələrin necə professional şəkildə təşkil etdiklərini danışırdım, səhv etmirəmsə. Elə o vaxt İlkin mənə niyə bunu Azərbaycanda və daha praktik formada etməyək dedi. Heç düşünmədən “niyə etmirik ki, ondan da yaxşısını edə bilərik” dedim və o dediyim gündən də dediyim sözün əsiri oldum, bu günə kimi də əlləşirəm J. Hardasa iyul ayının sonları olardı və biz bir yerdən dəftər, qələm tapıb ilk qeydləri, addımları yazmağa başladıq. Hər yazdıqca da bir xeyli əmək, zəhmət tələb edən işin altına girdiyimizin fərqində idik. Nə isə ki, bir neçə gün sonra bu zəhmətə Anarı da şərik qoşduq. Nəhayət 4 avqustda bütün şifahi deyilənləri maillə sistemli şəkildə yazdıq və bu mail işə ciddi başlamağımızın əsası oldu.

29.09.2012

Red Apple 2012 xatirələri (I yazı)


Məlum olduğu kimi Facemark növbəti reklam festivallarından biri olan 22-ci Moskva Beynəlxalq Marketinq və Reklam Festivalı Red Apple 2012-nin Azərbaycan üzrə yeganə media partnyoru oldu.  19-20 sentyabr Facemark adından mən və Embawood şirkətindən Ramil Mahmudov rəsmi akkreditasiya ilə iştirak etdik. Rusiyada ömrümün ilk 5 ilini yaşamışam və 90-cı ildən bu tərəfə də Rusiyada olmamışdım. Bir tərəfdən də soyuq ölkənin soyuq təbiəti və insanları, şəhərini görmək həvəsim vardı.

Moskva 2010+2

Festivala keçməmişdən öncə bəzi müşahidə etdiklərim nüansları paylaşmaq istəyirəm. Ümumiyyətlə olduğum hər yerdə araşdırma-müqayisə üsulundan çox istifadə edirəm. Aeroportda Türk Hava Yolları ilə gedəndə türklər demiş bəzi “ayrıcalıklar” olur THY-dən uçanlar üçün. Məsələn, THY ilə uçanlar bütün türk qəzetlərini pulsuz olaraq ala bilərlər. Biz isə Azal ilə uçurduq, özü də Azalın əsasən İstanbula uçan ən böyük, son model Boinqi ilə. Salonda isə bizə Azərbaycan qəzetini verdilər. Bundan öncə də bir neçə dəfə Azal ilə uçmuşdum, amma qəzet vermirdilər. Demək ki, bu da özlüyündə irəliləyişdir. 

17.08.2012

Turkcelldən super viral


Turkcell Maxiplus 5 üçün çox maraqlı bir viral hazırlayıb. Bu gün internetdə gəzişərkən təsadüfən gördüm, çox xoş oldu. Ağıllıca düşünülmüş bir ideyadır, məncə. Hələ Patinin hrəkətləri bir ayrı ləzzət edir.

15.08.2012

5-cə dəqiqə... Bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında

Xeyli vaxtdır nə haqqında yazacağım barədə düşünürdüm. Nəhayət növbəti iş görüşlərinin birində qərarımı verdim. Mövzum bir çoxlarımızın mütəmadi olaraq iştirak etdiyi və ya dəvət etdiyi şəxslərlə iş görüşməsi haqqında olacaq. Görüş öncəsi, görüş zamanı və sonrası nələrə diqqət etməliyik, professional danışıq tərzi, dinləmə bacarığı və effektiv nəticə əldə etmək üçün bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında yazmaq istəyirəm. 

Mən, Bakıdakı bütün “qara adamlar” kimi səhər saat 9-da işə gəlib axşam neçədəsə evə gedənlər sinfinə daxiləm. Səhər isə ilk işim gündəliyimdə bu günə qeyd olunan görüşləri incələmək, dəqiqləşdirmək olur. Görüşün və görüşənin tipinə, əhəmiyyətinə uyğun olaraq ön hazırlıq gördüyüm vaxtlar da olur. Çalışıram ki, görüşdə istifadə etdiyim kəlimələri belə çox diqqətlə seçim, çünki yerində olmayan bir söz belə görüşün taleyini həll edə bilər. Bu illər ərzində görüşlərin sayını unutsam da, özümçün qeyd etdiyim bəzi məqamları unutmamışam. Bu dəfə də məhz bunları üzrünüzə sığınaraq paylaşmaq istəyirəm.

14.08.2012

Mixaylo şəhərdədir, yoxsa Mixaylo hamilədir?

Diqqət çəkməyin ucuz və ya bahalı üsulları 

Sosial şəbəklələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qərbdən ixrac olunan sosiallaşma bizdə o qədər dərinə gedir ki, hərdən fikirləşirsən ki, günlərin bir günü facebook bağlansaydı nə olardı? Qərb “vur” deyəndə şərq “öldürüb” həmişə. Qərbdəki bu sosiallaşma dalğası şərqə doğru transfer olduqca inkişaf edib-edib bizi asosiallaşmağa aparacaq, deyəsən. Fikirləşək, görək facebook bağlansaydı həqiqətən nə necə olardı? 

- Facebook olmasaydı biz dostlarımızın, tanışlarımızın sabah ad günü olduğunu bilib gecədən ona təbriki necə yazardıq? Və bununla da necə də diqqətcil olduğumuzu necə göstərərdik? 

- Facebook olmasaydı, adamın mobil telefonuna zəng edib cavab almayanda onun facebookda nələrisə paylaşdığını görüb, geri smslə ona “bizi niyə saymırsan” sözünü əminliklə yaza bilərdikmi? 

23.07.2012

Yazmağın ləzzəti və ya bir qaranın sirri


Yazının mesajı: Uçmağın ləzzətini qartaldan soruş, toyuqdan yox !

Bu gün, yəni 22 iyul milli mətbuat günüdür. Hər il bir dəfə bu gün Həsən bəy Zərdabi xatırlanır, şəninə tərif yağdırılır, onun yazdıqları, dedikləri hələ də aktualdır deyilir. Yəqin biz tək-tük millətlərdənik ki, 200 il öncəki problemlərin indi də aktual olduğuna sevinirik. Nə isə mövzum bu deyil, bu dəfə bir az türklər demiş kəndimə qayıdıb geridə buraxdığım 10 ili xatırlamağa çalışacam. Bütün qara adamlar kimi gücü qələmə verib bir az vaxtınızı alacam, dünənə kimi sirr olan bəzi məsələlərə toxunacam.

12.07.2012

Allaha inanmayan Allahın Yaponları


Oxuyaq, bizim də üzümüzə gün doğsun

İndiyədək yaponlar haqqında çox oxumuşam, bu insanların yaşam və uğur tərzi mənə həmişə maraqlı olub. Əbəs yerə uğur tərzi demədim, çünki indiyədək gördükləri ilə yaponlar uğuru əlçatılması asan olmayan fenomenə yox, məhzə sıradan bir tərzə çevirməyi bacarıblar. Ən son oxuduğum kitabdan sonra isə qəti qərara gəldim ki, indiyədək ayrı-ayrı yerlərdə apardığım qeydlərimi bir yerə toplayıb bütün oxuyucularım və oxumayıcılarımla paylaşım. İstənilən iki halda paylaşmaq gözəldir :)

Yaponlar haqqında bir-iki kəlimə

Yaponiya haqqında ümumi olaraq coğrafi baxımdan qısa yadımda qalanlar bunlardır. Ərazisi təxminən 377 min kv.km-dir, ərazisi ümumi 6852 adadan ibarətdir, torpaqlarının cəmi 13%-i əkinçiliyə əlverişlidir və son olaraq ərazisinin 66%-i dağlıqdır. Yapon iqtisadiyyatının xammadə tələbatı demək olar ki, 100% idxal olunur, qida maddələrinin isə tam yarısı idxal olunur. Qısaca yaponiyada yoxsul yoxdur, amma çox zəngin insanlar da yoxdur deyirlər. 128 milyon əhalisi olan ölkənin 2050-ci ilə qədər 100 milyona enəcəyi deyilir. Bu “bir-iki kəlimə”ni deməkdə məqsədim yaponların hər mənada “resurs” baxımından nə qədər sıxıntısının olduğunu göstərməkdir. Babam demiş di gəl ki, bu ölkə inflyasiyanın 0-nın altında olan nadir ölkələrdəndir. O zaman avtomatik olaraq belə bir sual meydana çıxır: Bə niyə?????

7.07.2012

Azərbaycan radio kanallarının reytinqi


Facemark bu dəfə 16000 insanın fikrini soruşdu

Təxminən 3 ay bundan öncə, aprel ayında Facemark olaraq çoxdandır hər kəsin müzakirə və mübahisə etdiyi bir mövzunu səsverməyə çıxarmaq qərarına gəldik. Mövzumuz radio kanalların reytinqi ilə bağlı idi. Belə ki, bir çoxlarımız bəzən ətrafımızın bizə təqdim etdiyi fikirləri dominant qəbul edib bu və ya digər radionun reytinqinin yüksək olduğunu düşünürdük. Sorğu məkanı olaraq təbii ki, facebooku seçdik. Nəticələri aşağıda Sizlərə təqdim edirik, böyük ehtimal nəticələr mənim kimi Sizlərdə də təəccüb doğuracaqdır.

5.07.2012

“Ən Az Like” ən çox səs gətirdi və ya 152 qat artıq nəticə


Nəhayət iyun ayının əvvəlindən başlayan “Ən Az Like” foto-müsabiqəsi başa çatdı. 20 gün şəkil yığımı və 10 gün də “ən az like” vermə nəticəsində qalib müəyyən olundu. Nəticələr olduqca maraqlıdır, belə ki, İdealın keçirdiyi müsabiqələr içərisində ən çox müzakirə olunan və like toplayan müsabiqə bu oldu. Baxmayaraq ki, hədiyyə fondu bundan əvvəlki müsabiqələrdən daha az idi, ancaq facebookda və Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqəni ümumi 350 mindən çox insan görüb. İnsanların like səsvermələrindən bezdiyi bir vaxtda qeyri-standart həll üsulu ilə öz fanları və eləcə də bütün facebook fanlarının marağına səbəb olan müsabiqənin qısa nəticələrini müqayisəli şəkildə Sizinlə paylaşıram. Xatırladım ki, Ən az Like müsabiqəsi bundan əvvəl ən çox marağa səbəb olan Miss İdeal 2012 ilə müqayisə edilib.

14.06.2012

"Gillette"in brendinqi və "Coca-Cola"nın gözəl banneri

Bu gün bir çoxlarımız iş gününün ilk dəqiqələrini xəbər saytlarında keçiririk. Xarici və yerli xəbər saytları bir-birindən dizayn və mövzusuna görə çox fərqlənir. Azərbaycanda hardasa 15-20 arası müxtəlif tipli xəbər saytları var. Onların içində rus və azərbaycan dilli xəbər saytlarını mütləq ayırmaq lazımdır. Rus-dilli saytlarının içində son zamanlar məşhur olan Day.az idi ki, o da nə oldusa, bilmirəm, amma reytinqi çox aşağı düşüb əvvəlkilə nisbətdə. Azərbaycan dilli saytlarda isə Lent.az-ı yenə də nisbətlə başqalarından ayırmaq olar. Qalanları istər dizaynı, istər tematikası baxımından stabil vəziyyətə çata bilməyib demək olar. Hətta Lent.az özü belə son bir neçə ayda bir neçə dəfə dizaynına dəyişiklik edib. Məsələn, mən hər gün ən azı 1 dəfə bu saytı başdan ayağa "darayıram". Əsasən reklam, dizayn nöqteyi nəzərindən yanaşdığıma görə digər saytların adını çəkmirəm. Məsələn, sırf informasiya baxımından oxuduğum saytlar içində Azadlıq.org və Musavat.com da var, lakin bu saytlar dizyan və reklam baxımından çox darıxdırıcı gəlir. Rus-dillilərdə isə ən çox bəyəndiyim 1news.az-dır. Qərara gəldim ki, bu yaxınlarda xəbər saytlarının sorğusunu keçirim, amma sorğunu keçirməmişdən öncə qısaca fikirlərimi bölüşmək istəyirəm.

12.06.2012

Azərbaycanın ilk taksit layihəsi haqqında 15 aydan sonra

Bir dəfə İstanbulda olarkən, dəyəri 10 manat olan bir kitabı alacaqdım. Satıcı kitabı kassaya təqdim edərkən neçə taksit olacağını dedi və mən o an fikrə getdim. 10 manatı da bir neçə hissəyə bölməkmi olar?! Demək ki, olarmış. Gələndən sonra da bir xeyli bu məsələ üzərində düşündüm. Təbii ki, ilk ağlıma gələn parfumeriya və kosmetika sektorunda bu işi görmək idi, amma problem onda idi ki, Azərbaycanda ümumiyyətlə taksit sisetmi yox idi, ən yaxşı halda insanların beynində Baku Electronics-in sərfəli kredit şərtləri vardı ki, bu da taksit deyildi, təbii ki. Müdirlə də uzun-uzun bu məsələni müzakirə etdikdən sonra qəti qərara gəldik ki, bu sistemi Bakıda mütləq buraxmalıyıq. O zamanlar ilkin müzakirələrdə yaxın dostum Həsənlə də tez-tez müzakirə edirdik. Həqiqətən müştərinin təsəvvürü olmayan bir iqtisadi anlayışı bir şirkət olaraq üzərinə götürmək və onu beyinlərə yeritmək cəsarətli olduğu qədər də, riskli addım idi. Çünki bu iş yatırım tələb edirdi. Nəysə ki, sonunda qərar verdik ki, risk etməyə dəyər, əgər dünya bu sistemi qəbul edib və satışların əhəməiyyətli hissəsini bununla edirsə, bizdə də niyə olmasın. 

ADverdiklərim silsiləsindən: gÖZƏL Endirim

Özəl və Gözəl sözü ilə maraqlı söz oyunu edib endirim kampaniyalarından birinə bu adı verdik: GÖZƏL ENDİRİM


İlk dəfə 24 saat işlədik

Bu dəfə də 2010-nun dekabrında fərqli nə edək düşündük və qərara gəldik ki, gəlin bu dəfə yeni il qabağı 24 saat işləyək. Çünki insanlar bəzən istədikləri yerlərə gedir və sonda alış-verişə zamanları qalmır, xüsusən də bu yeni il ərəfəsi olur. Məsələn, yeni il qabağı daim dost-tanışlarla görüşlər olur, qonaq gedilir, gec saatlarda da qonaqlıqdan çıxan biri üçün yaxınlıqda açıq bir mağazadan tələbatını qarşılaması vaxtına çox qənaət etdirmiş olardı. Bu kimi nüansları nəzərə alıb 4 gün 24 saat işləməyə qərar verdik. Açığı nəticələr heç də pis olmadı, hətta saat 5-də Nizami küçəsindəki mağazamızdan da alış-veriş edənlər olmuşdu. Təbii ki, bu prosesi yaddaşa yazmaq üçün PR olunmalı idi, ama biz bunu etmədik, onu edəcək zamanımız da çox az idi. İstənilən halda sektor üçün bir yenilik idi və FB səhifəmizdə yazılanlardan da gördük ki, müştərilər çox məmnun qalıb.




ADverdiklərim silsiləsindən: Maksimum İDEAL

2010-nun noyabrında İdealda bpyük bir kampaniyaya start verəcəkdik. Uduş fondu kifayət qədər böyük və dəyərli idi, belə ki, uduşda Nissan Maxima avtomobili vardı. Biz isə kampaniyanı lotoreya formasında keçirməyi düşünürdük. Bir az düşünüb elə adını da "Maksimum İdeal" qoydum. 



2QAT BAYRAM - RAMAZAN

2010-cu ilin sentyabr ayında daha bir Ramazanı qarşılayarkən düşündüm ki, niyə bizdə Ramazan, məsələn Türkiyədəki kimi qeyd edilmir. Əsasən də bu işin niyə bizdə də ticarəti qızışdırmadığını düşünürdüm. Qərara gəldim ki, rəhbərliyə məhz bu ayda Ramazana özəl endirim kampaniyası təklif edim, ilk başdan etiraz olunsa da, sonradan müzakirə edib razılığıa gələ bildik. Və o ərəfədə Azərbaycanda hər kəsin Ramazanda sadəcə tv-də "filan şirkət Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir" tipli reklamları gedirdi. Sanki insanlar risk etmirdi nəsə etməyə və ya bunu Ramazanla əlaqələndirməyə. Hətta ilk dizayn təklifində məscid şəkli olduğuna görə də "risklidir" deyə cavablar almışdım, amma israrlıydım, etməliydim. Və həmin an gəldi və biz o günlər müştərilərə 20% endirim etdik. Halbuki adi vaxtlarda müştərilərə əsasən 15% edirdik. Nəticə isə gözlədiyimizdən qat-qat artıq oldu. Az qala mart satışlarına yaxın rəqəmlər aldıq. Çox sevindiricidir ki, radio, vitrinlərdə, internetdə aktiv reklamlarımızdan sonra rəqibimiz və başqa bir çox şirkətlər də gələn ildən eyni şeyi etməyə başladılar. Demək ki, insanların arasında olub, nəyə dəyər verdiklərini, tələb olduğunu öyrənmək lazımdır ki, ona uyğun da təklif hazırlamaq çətin olmasın.


Parfum və kosmetika sektorunda ilk endirim sistemi

2009-cu ilin aprelində İdealda işə start vermişdim. Və elə o vaxtdan beynimi ən çox məşğul edən hər yerdə olduğu kimi bizdə də endirim sisteminin olması idi. Bunun üçün bir çox şirkətlərlə danışıqlar apardıq. Nəhayət bir rus şirkəti ilə razılaşıb o zaman üçün parfumeriya və kosmetika sektorunda ilk biz 5-20% aralığında endirim verən kartları buraxdıq. Tam 1 il bu sistemlə işlədikdən sonra endirimləri daha 5 % artırdıq və maksimum endirimimiz 25% oldu. İlk başlarkən rəqib bunun müştərilərin gözündə ucuz göründüyünü iddia edirdi, lakin 1,5 il sonra özü də eynilə bu sistemi buraxdı. Çünki müştəri ona sərf edəni seçir, hər nə qədər özünü yüksək tutsanda, müştəri mal deyil, fayda alır. O zaman üçün öz taktikamızın düzgün olduğuna əmin olub bu addımı atmışdıq. Və zaman göstərdi ki, doğru yoldayıq. O doğru seçimin nəticəsidir ki, bu gün Azərbaycanda ən böyük müştəri bazasına sahib məhz İdealdır. Aşağıda Sizə ilk və sonrakı dizayn örnəklərini təqdim edirəm.

Sistem istər-istəməz müştəridə maraq oyadırdı. Belə ki, 5%-li kart sahibi daha çox alış-veriş edərək yuxarı çıxmağa cəhd edirdi. Həm şirkət olaraq daim ən üstün aksiyaları məhz bu kart sahiblərinə edirdik ki, insanlar mağazamıza bir dəfə yoldan keçəkən deyil, daima ziyarət etsinlər. Hazırda məhz bu sistemin üzərindən də CRM işlərimiz quruldu və biz bu gün yeganə şirkətik ki, ideal kart sahiblərinin hər biri öz doğum günündə zənglə şəxsən təbrik olunur və ona xüsusi təkliflər edilir.



ADverdiklərim silsiləsindən: İdeal Yay

2010-cu ildə keçirdiyimiz bir çox kampaniyalara ideal adı ilə bağlı adlar qoyurduq. Bu da onlardan birisi - İdeal Yay. Ad və dizayn brifi bəndənizə məxsusdur.

16.04.2012

ADverdiklərim silsiləsindən: İdealda YAZ GÜNLƏRİ


Bir vaxtların çörək "oçeredi" kimi məşhur olan mart ayında olan 1+1 aksiyasına İdealda "YAZ GÜNLƏRİ" adı verdik.

ADverdiklərim silsiləsindən: "Hər qadın bir idealdır, ideallarımızı sevindirək"


Mart ayı üçün İdealın reklam çarxı hazırlanmalı idi. Çarxın hazırlanması MaxCreative şirkətinə, copywriting isə mənə tapşırıldı. "Hər qadın bir idealdır, ideallarımızı sevindirək" sloqanı ilə belə bir çarx ərsəyə gəlmiş oldu. Sloqan əsasında tv, radio çarx, vitrin dizaynı, kassa pankartları, sms mətni və s. hazırlandı.

ADverdiklərim silsiləsindən: "Hər Ayda Bir Pay var"

Aprel aksiya sloqanı
Vaxtilə belə bir aksiya etmişdik. İyul ayında alış-veriş edən kartlı müştərilər avqust ayında yüksək faizli endirimlər əldə edirdilər. Bu il də eynisini etmək qərarına gəldik və məsələ kampaniyaya ad verməyə gələndə bir xeyli düşünməli oldum. Mahiyyət sadə idi: Aprel ayında müəyyən limitdə alış-veriş edənlər may ayında 20%-dən 30%-dək endirimi türklər demiş qaranti altına alırdılar. Aprel elə aydır ki, sloqan zad da yaraşdırmaq olmur :)) Uzun düşünüb tez qərar verərək adı bü cür qoydum: "Hər ayda bir pay var". Sloqana görə kassada qoyulması üçün pankartlar və sms mətni hazırlanıb.

"ADverdiklərim" silsiləsindən: "İdealda nə baş verir?"

Həyat o qədər sürətlə irəliləyir ki, bir də baxdım İdealda işləməyimin 3 ili tamam olur. Bu 3 ildə o qədər çox şey gəldi-keçdi ki, gələnlərin içində gedənləri yola salmaq bəzən çox ağır oldu. Bu haqda uzun yazmaq fikrim yoxdu, sadəcə arxivi qurdalayarkən bir xeyli kampaniyaya ad düşündüyümü, bir neçə Azərbaycanda ilk sayıla biləcək işlərin olduğunu gördüm. Açığı çoxu da yadımdan çıxıb artıq. Və bundan sonrakıları unutmamaq üçün qərara gəldim ki, copywriting işlərimdən bəzilərini tapdıqca paylaşım. 

Bunlardan isti-isti ən son olanı "İdealda nə baş verir?" adını verdiyim kampaniya olub. Kampaniyada mağazalarımızdan gün ərzində ən çox alış-veriş edən müştəri Türkiyəyə səyahət imkanı qazanırdı. Aksiya 4 gün davam etdi. Yalnız ideal kart sahiblərinə aid olan kampaniya "İdealda nə baş verir? Müştərilər yay istirahətini indidən qazanır" sloqanı ilə dizyan olundu.

27.03.2012

Ətiri hansı mağazadan alırsınız?

Mart ümumən bayramlar ayıdır. Nəinki əhval-ruhiyyələr, il özü də təzələnir. Mart həm də yorucu qışdan sonra aktivliyin artması baxımından çox mühüm bir aydır. Marketinq nöqteyi-nəzərindən də mart istehlakçı davranışlarının daha aydın müşahidə, təhlil edilə bildiyi bir aydır.
Facemark olaraq indiyədək 10-dan çox müxtəlif tipli sorğular keçirmişik. Bu sorğularda ümumən 50 minə yaxın insan iştirak edib. Keçirdiyimiz ən son sorğu hal-hazırda aktual olduğuna görə nəticələrini paylaşmaq istədik. Hardasa 15 gün öncə “Ətiri hansı mağazadan alırsınız?” deyə bir sorğu başlatdıq. Və bu gün həmin sorğunu dayandırdıq. Nəticə olaraq isə 11 000-ə yaxın insan bu sorğuda 101 fəqrli cavab verdi. Ətraflı bu sorğu haqqındahttp://www.facebook.com/questions/350087771681347/  linkindən də tanış ola bilərsiniz. Burada isə bir az qısa olaraq cavabları təhlil edəcəyik.

Bazarda kimlər var və bu bazarın tutumu nə qədərdir?

Sosial media ölçülə bilərmi?


Sosial media dünyanın hər yerində olduğu kimi Azərbaycanda da olduqca məşhurdur və qısa müddət ərzində özünə xeyli kütlə cəmləyə bilib. Bu gün şirkətlərin bir çoxu sadəcə imic xatirinə, bir çoxu isə real olaraq bu məcradan faydalanmaq üçün effektli istifadə etməyə çalışır. Bir də görürsən, hansısa bir şirkət mən fan sayıma görə ilk 5-likdəyəm deyir. Digəri mənə gündə 2000 şərh yazılır deyir. Həqiqətənmi ən çox fanı olmaq, daha çox şərh yazılması medianı ölçmək üçün doğru üsuldur? Yox, əlbəttə. Bizdə yaxşı söz var, "halva-halva deməklə ağız şirin olmaz". Yəni əgər bütün bunlar bir şirkət üçün fayda vermirsə, ha 2000 şərh yazıldı ha 200 bunun heç bir fərqi olmayacaqdır. Xüsusən də biz, zənnimcə, "Like" düyməsinin anlamını hələ başa düşmürük kimi görünür. Çünki bəyəndin, bəyənmədin, hörmət xatirinə və ya süni olaraq guya maraqlanırsan, guya sən də bunu oxudun görüntüsü vermək üçün LİKE edənlər var. Demək ki, o "like"ların sayı hələ hər şey demək deyildir.

20.02.2012

Pinterest - 2012-ci ilin sosial media bombası

Sosial media ilə çox sıx əlaqədar birisinizsə, Pinterest adını bu ərəfələr daha çox eşitmiş olmalısınız. Elə biz də son zamanlar çox eşitdiyimizdəndir ki, bu haqda yazmaq istədik. Facemark olaraq bu haqda ilk dəfə aznetdə məlumat verdiyimizə görə də çox sevincliyik.
Bəs, sürətlə inkişaf edən sosial media şəbəkəsi Pinterest nədir?!
Pinterest haqqında onun 2012-ci ilin sosial media bombası olacağını deyirlər, özü də qadınların liderliyi ilə. Çünki üzvlərinin əksəriyyəti qadındır. Pinterest virtual bir lövhədir. O lövhədə qeydiyatdan keçən üzvlər sevdikləri şəkilləri özlərinə aid hissədə paylaşırlar. Qısa desək, sayt şəkil sancaqlama, yapışdırma (pinboard) saytıdır. Şirkət olaraq 2010-cu ildə yaranmış, 2011-ci ilin yanvar ayında böyük rezonansa səbəb olmuşdur. 2012-ci ilin yanvar ayı statistikalarına görə isə şəbəkə 140% artımla irəliləyir. Qeyd edək ki, sayt fotoqraf və dizaynerlər üçün portfolio lövhəsi kimi də istifadə edilə bilər.
Əslində bu sahədə, yəni şəkil paylaşımı sahəsində Pinterest ilk deyil. 2-3 il öncə Visualize məşhur idi. (vi.sualize.us) Orada da hər hansı bir saytda bəyəndiyiniz şəkil olardısa, onu visualize-də saxlaya bilər və ya elə saytın özündə faydalı və keyfiyyətli şəkillər tapa bilərdiniz. Pinterestin fərqi isə şəkili kateqoriya çərçivəsində paylaşmanızdadır. Yəni müxtəlif kateqoriyalı lövhələr açırsınız və paylaşdığınız şəkillər o lövhədə yayımlanır və bundan da başqa paylaşdığınız şəkilə qısa izah da yaza bilirsiniz. Sevdiyiniz yemək reseptləri, kitabları, yazınızın linkini, şəkil kaaloqunuzu, portfolionuzu və s. bir çox şeyləri paylaşa bilirsiniz. Bir sözlə Pinterestin ən önəmli faydalarından biri digər saytlara yönləndirmə imkanı ilə hamin saytın trafikini artırmağa kömək etməsidir. Saytın özəlliklərindən biri üzv olarkən məcburi olaraq ya twitter, ya da facebook hesabından daxil olma məcbiryyətidir. Hesabın hər hansı birindən daxil olarkən sayt özü sizin məlumatları avtomatik alır. Görünür ki, saytın məqsədi bütün dünyadakı sosial şəbəkələri bir yerə yığmağa nail olmaqdır. Şəbəkənin ən böyük gəliri isə saytın GİFTS bölməsindəki məhsulların affilate sistemi ilə təqdim olunmasıdır.
Necə üzv olmaq olar?
Pinterest üzv olma sahəsində maraqlı sistemlə çalışır. Üzv olmaq üçün buraya üzv olmuş dostlarınızdan dəvət almanız lazımdır. Yəni dostlarınız Sizin mailə dəvət göndərə bilərlər. Əgər Pinterestə üzv olmuş dostunuz yoxdursa və ya dəvətiniz yoxdursa, o zaman facebook və ya twitter hesabınızdan sistemə daxil olmalısınız. Bundan sonra təxminən 1 həftə ərzində Sizə cavab yazırlar və bundan sonra həqiqi üzv olursunuz.
Necə işləyir?
Üzv olduqdan sonra veb brauzerinizə “Pin it” düyməsini əlavə edirsiniz və saytlarda gəzişərkən bəyəndiyiniz hər hansı bir şəkili bu düymənin vasitəsilə “pinləyirsiniz”. Bundan sonra pinlənmiş şəkil həmin an pinterestdəki lövhənizdə avtomatik yayımlanır. Siz pinlədiyiniz şəkili dostlarınızla da paylaşa bilərsiniz.
Brauzerlər üçün fərqli və gözəl dizaynlı düymələr də maraqlıdır. Hətta artıq iphone və android üçün hazır aplikeyşnləri də var ki, Siz telefonunuzdan da eyni şeyləri edə bilərsiniz.
Lemon.ly adlı marektinq şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ortaya çıxan nəticələr əminik ki, Sizi də çox təəccübləndirəcək.
Pinterest haqqında şübhəsiz ən maraqlı məlumat 10 milyon üzvü olan sayt olmasına baxmayaraq cəmi 16 işçisinin olmasıdır. Digər maraqlı məlumat isə saytın ABŞ-da ayda 10 milyon aktiv istifadəçi sayına ən tez gəlməsidir.
Pinterestin aylıq 12 milyona yaxın aktiv istifadəçisi olması ilə yanaşı 10.4 milyon da qeydiyyatlı üzvü var. Pinterestin Facebookla əlaqəsinə diqqət edilsə, saytın üzvlərinin 9.5 milyonu həm də facebook istifadəçisidir.
Sayt haqqında daha bir maraqlı məlumat isə saytın facebook səhifəsini bəyənən (like) 1 milyondan çox insanın 97%-nin qadın olmasıdır. Əlavə olaraq Pinterestin digər saytlara yönləndirdiyi ümumi tarfikin Linkedin, Google+ və Youtube-un birgə trafikindən daha çox olması da diqqət çəkicidir.
Pinterestin üstünlüklərindən biri də odur ki, üzv olarkən siz maraq dairənizi qeyd edirsiniz və bundan sonra lövhənizdə maraq dairənizə uyğun olan dostlarınızın şəkillərini görürsünüz.

Pinterest haqqında daha ətraflı məlumatı aşağıdakı şəkildə görə bilərsiniz.