“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol
21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili
tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark saytı rəsmi fəaliyyətə
başladığını elan etdi. Rəsmi səhifəsinin açılması ilə yanaşı eyni zamanda
saytın facebook səhifəsi də açıldı. Bu günkü tarix 21 oktyabr 2012 və demək ki,
tarixin bu ana 1 illik Facemark adlı vərəqi var. Nədən başlayım yazmağa tam
bilmirəm. Çox sevincli, qürurluyam, amma bir o qədər də məsuliyyətin verdiyi
yükün altında hiss edirəm özümü. Sayt haqqında ilk fikirlərin beyində dolaşdığı
ərəfələrdə yaxın dostum Anara demişdim ki, vaxt gələcək indi sənə dediklərimi
bir tarix kimi hardasa ya mən yazacam, ya da kimsə yazacaq. Göründüyü kimi özüm
yazası oldum)). İndi sadəcə içimdən bu bir ildə nələr oldu onu paylaşmaq gəlir.
İdeya necə yarandı?
Öncə
yazdığım bir yazıda
dediyim kimi marketinqə ani keçid etmişdim və o gündən də onun xəstəsi olmuşdum.
Təbii ki, o vaxtlar marketinqlə bağlı böyük boşluq var idi. Universitet dönəmində
və hərbi xidmətdən sonrakı dönəmdə bu boşluğu fərqli-fərqli yollar və mənbələrdən
istifadə etməklə doldurmağa çalışırdıq. Lakin bir müddət gəldi ki, istər
marketinqə aid mənbələrdə, istərsə də bu bu işlə məşğul olanlar arasında meydan
boşluğu olduğunu hiss etdim və dediyim kimi sadəcə bir gecədə “mən marketinq
portalı yaradacam və onu ölkənin daxilində və kənarında ən oxunan marketinq
saytına çevirəcəm” dedim öz-özümə. Həyatda özümü ideyaları uğruna çox
prinsipial biri kimi tanıyıram və nə olur-olsun istədiyimi almağı, qopartmağı, əldə
etməyi sevirəm, proses özü mənə zövq verir, çünki daha çox proses adamı hesab
edirəm özümü. 2011-ci ilin mart ayından yaxın ətrafımla müzakirələrə başladım və
nəhayət bu işi dostum Anarla sözdən kağıza, konkret işə keçirmək qərarına gəldik.
Tofiq Bəhramov adına stadionun yanındakı sakit bir çayxanaya əlimizdə qələm və
3-4 A4 vərəqləri ilə yollandıq. Yazının ən sonundakı şəkillər o tip görüşlərdən
birində saytın ideyasının beyində cızılmasının müzakirəsindən olan görüntülərdir.
Bu gün onların hər birini sadəcə arxiv üçün saxlayıram. Kağızlardan gördüyünüz
kimi may ayında konkret saytın sxemini hazırlamışdım. Ən çox bölmə adları və
digər adlarda daha çox mili, daha çox yaradıcı adlardan istifadə etmək istəyirdim,
bunun üçün də xeyli düşünməli olurdum. Nəhayət bir neçə görüş, müzakirə və
qırğınlardan sonra sxemi hazır etdik. Maraqlı orasıdır ki, sayta xəbəri necə
yığacağıq, necə bir mövqeləndirmə edəcəyik, iş prinsipi necə olacaq qətiyyən
düşünmürdüm. Sadəcə tez bir müddətdə pul tapıb saytı hazır etmək istəyirdik.
Qaraqutu necə Facemark oldu?
Aşağıdakı şəkillərdən
də gördüyünüz kimi saytın adını ilk öncə “Qaraqutu” olaraq düşünmüşdüm. Bunun
da maraqlı bir tarixi var. Universitetdə ən sevdiyim marketinq müəllimlərimdən
biri həmişə deyərdi ki, marketinqi daha yaxşı bilmək üçün müştərinin bütün qərarlarına
təsir edən beynindəki qaraqutunun içində nələr gizləndiyini bilmək lazımdır. Və
bu söz yadımda qalmışdı. Bütün dostlarım bu adın neqativ təəssürat yarada biləcəyini
desələr də israr edirdim. Hətta domeyni belə almışdım, o ad üzərinə logo belə
hazırlatdırmışdım. Şəkildə o loqonu da görə bilərsiniz. Facemark isə saytın
içində sadəcə bir bölmə adı idi. Bu bölmənin də təyinatı şirkətlərin marketinq
şöbələrində çalışanların bütün məlumatlarının olduğu bir yer idi. Bir növ ancaq
marketinqdə çalışanların “facebook”u kimi. Adını Face of Marketinq sözünün
qısaltması olan Facemark qoymuşdum. Bu ad üstündə bir xeyli düşünməyim heç
yadımdan çıxmır. Sonradan bu bölməni yaratmağın çətin olması və bundan da başqa
dostlarımın da təsiri ilə Qaraqutu deyil, saytda bölmələrindən biri olan
Facemarkın ana ad olmasına qərar verdik. Bu arada deyim kimi Qaraqutu adından
imtina etməmdə fikrinə həmişə hörmətlə yanaşdığım Orxan Cuvarlının da rolu
oldu. Qaraqutu üçün maraqlı sloqan da vermişdi, Orxan – Qaraqutu Marketinqdən Yazır. Sonunda Facemark sözünün üstündə durduq,
sloqanımız isə Face of Marketing oldu. İşdən sonra bütün günü ancaq bu haqda
fikirləşirdim, çox iddialı və israrlı idim hər şeyin ən yüksək səviyyədə olması
üçün.
Necə deyərlər
ən qısa müddətdə Face of Marketing olmaq istəyirdik. Qısa vaxt ərzində logo,
saytın ana və bölmə dizaynları hazır oldu, proqram təminatı yazıldı, testlər
edildi. Bu iş məni həm dizayner, həm veb proqramçı, həm kopirayter etmişdi az
qala. May ayında başlayan aktiv işlər iyulun sonunda bitdi və avqust ayını
tamamilə texniki hissənin hazırlanmasına sərf edəcəkdik. Test edə-edə, bir az
da texniki səbəblərdən gecikə-gecikə gəlib oktyabr ayını haqladıq.
İlk iş təkcə Facemark üçün yox, Azərbaycan üçün ilk
oldu
İş müddətində
tez-tez rastlaşdığım bir məsələ vardı. Bir də görürdün jurnal çıxmamış onun
prays listini gətirib gəlirdilər ki, reklam ver. Bu məni çox əsəbiləşdirirdi.
Düşünürdüm ki, necə olacağını bilmədiyim, görmədiyim bir şeyə niyə reklam verim
ki, niyə oxuyum ki. Saytı açma ərəfəsində də ən çox bu haqda düşünürdüm. Nə
edim ki, saytın açılışı hansısa önəmli bir aktivliklə başlasın. Qismətdənmi,
xoşbəxtlikdənmi o ərəfədə Kainat hazırlıq mərkəzinin rəhbəri, həm də keçmiş müəllimim
olan İlqar müəllimlə görüşdüm və görüşdə Azərbaycanda ilk dəfə məntiq
olimpiadası keçirmək qərarına gəldik. Olimpiadanın marektinq dəstəyini
Facemark olaraq biz göstərəcəkdik. Qısa müddətdə sayta lazımı əlavələri edib bu
işi tam hazır vəziyyətə gətirdik. Və beləcə Facemarkın ilk marketinq aktivliyi
həm də Azərbaycanda ilk olan məntiq olimpiadasının keçirilməsi ilə başladı. 5000-ə
yaxın insan Facemark vasitəsilə olimpiada üçün qeydiyyatdan keçmişdi.
Sayt isə
yavaş-yavaş inkişaf edirdi. İşdən sonra demək olar ki, səhərə kimi yazılar tərcümə
edir, şirkətlərə müraciətlər edirdik ki, saytda lazımlı informasiyalar yerləşdirə
bilək. Bu haqda çox uzun yazmaq istəmirəm, sadəcə əməyi keçən hər kəsə sonsuz təşəkkürlərimi
bildirmək istəyirəm. Çox uzun danışmayıb sadəcə aşağıda Sizə Facemark olaraq
gördüyümüz bəzi işləri sadalamaq istəyirəm. Bütün bunlar 1 il ərzində gərgin əməyin
nəticəsi olaraq ortaya çıxmışdı.
1 ildə 12 beynəlxalq reklam festivalının Azərbaycan
üzrə partnyoru, 4 böyük yerli marketinq aktivliyinin isə təşkilatçısı olduq.
Yuxarıda
yazdığım kimi ilk olaraq Azərbaycanda ilk dəfə məntiq olimpiadasına marketinq və təşkilati dəstək göstərdik.
Daha sonra 1
il öncə dostum Anarla bir yerdə iştirak etdiyim Brandmarker
beynəlxalq marketinq konfransının Azərbaycan nümayəndəliyini aldıq. Azərbaycandan
35 nəfər İstanbulda 1 həftə ərzində keçirilən konfransda Facemark vasitəsilə
iştirak etdi. Bu Facemarkın ilk xarici partnyorluğu idi. Adımız partnyor olaraq
dünya divi marketinq portalları ilə yanaşı yazılırdı artıq.
Bundan əlavə
Praqa
Beynəlxalq Reklam Festivalı (PİAF), Fransada keçirilən Cannes
Lions Reklam Festivalı, Kreaktiv
yarışması, Latviyada keçirilən Golden
Hammer reklam festivalı, Kiyevdə keçirilən Kiyev Beynəlxalq Reklam Festivalı
(KİAF), Londonda keçirilən London
Beynəlxalq Mükafatı (LİA), Moskvada keçirilən Red
Apple Moskva Beynəlxalq Marketinq və Reklam Festivalının partnyoru olduq,
keçirilən beynəlxalq konfransların böyük əksəriyyətində Azərbaycandan nümayəndə
kimi iştirak etdik, dünyada baş verən önəmli marketinq xəbərlərini Azərbaycan
oxucuları ilə bölüşdük.
Xüsusi qeyd
etmək istədiyim daha bir məqam isə dünyada futbol marketinqinə aid yeganə qurum
– “SoccerEx”lə
bağlıdır. Uzun danışıqlardan sonra bu qurumun da Azərbaycan nümayəndəsi ola
bildik və SoccerEx-in bütün beynəlxalq tədbirlərinə Facemark olaraq dəvət
aldıq. Eyni zamanda bildirim ki, Siz yuxarıda sadaladığım festivalların
saytlarında Facemarkın partnyor kimi qeyd edildiyini də görə bilərsiniz.
Yerli
marketinq aktivliklərindən isə Kreaktiv və İdeal Məntiq olimpiadasından sonra
Facemarkın facebook səhifəsində yenə ilk dəfə marketinq suallarının da əhatə
olunduğu Biləndər
adlı yarışma düzənlədik. 1 ay ərzində minlərlə facebook istifadəçisi
maraqlı oyunda iştirak etdi, qaliblər dəyərli hədiyyələr qazandılar. İlklərə
imza atmağı çox sevən Facemark növbəti dəfə isə Azərbaycanda yenə ilk olan praktiki
marketinq təlimləri Marketing
AİR üçün meydan oldu. Bu təlimlərin də təşkilati və marketinq dəstəyi məhz
Facemark oldu.
Daha 3 beynəlxalq
reklam festivalının Azərbaycanda yeganə rəsmi təmsilçisi olmaq istiqamətində isə
danışıqlar gedir. Tam həll olunmadığı üçün adlarını açıqlamıram, amma marketinqi
sevən hər kəs üçün maraqlı olacağına əminəm.
Bu arada
xatırladım ki, saytımızın
facebook səhifəsi də bu 1 ildə az yol qət etmədi. Hazırda marketinqə aid Azərbaycanın
ən böyük facebook səhifəsinin 35000-dən çox fanı var. Hər gün yüzlərlə insan səhifədə
fərqli formada aktivliklərin şahidi olub müzakirələrdə iştirak edir.
1 il 1 cümlə ilə
Facemark 1 il öncə Azərbaycanda marketinqin inkişafı
adına fəaliyyətə başlayıb bu gündə o missiyanı sevə-sevə, böyük sevinc və qürur
hissi ilə çiynində daşımağa hazır olan, ətrafındakılardan fərqli olaraq hər kəsə
açıq olan, hər kəsə faydalı ola biləcək məlumatlarla bu işi sevənlərə öyrətmək
deyil, paylaşmağı əsas prinsip qəbul edən, gördüyü işin doğruluğuna əmin olan,
bu yolda qətiyyətlə addımlayan və bu işi bacara biləcəyinə çox inanan Azərbaycan
marketinqində yeni güc deyil, gücə güc qatan bir meydandır.
Sonda
Facemarkın inkişafında əməyi olanlara sonsuz minnətdarlığımı bildirirəm.
Facemark Sizinlə və oxucuları ilə bu qədər güclüdür, bunu unutmayın.
Face of
Marketing olma diləyi ilə
Facemarkın ilk sxeminin cızıldığı şəkillərə baxmaq üçün bu alboma keçin - Facemark belə yarandı
İşəgötürənlik üçün 2% pulsuz kredit almaq və bütün xərclərinizi skinderbeth@gmail.com əlaqə saxlayın
YanıtlaSil