1.12.2014

Təhsilimiz hara gedir?

Dediklərimiz yox, etdiklərimiz haqqında 

Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə ancaq gördüklərimdən, birbaşa və dolayı iştirakçısı olduğum məqamlardan yazacam. Aşağıda 7 istiqamət üzrə müsabət və mənfi dəyərləndirmələr etməyə çalışacam.

# Qafqaz Universiteti bir addım öndə

Səhv xatırlamıramsa, 1 il öncə olardı ki, yaxın dostların dəvəti ilə Qafqaz Universitetinə getmişdik. Universitetin rektoru Ahmet Saniç Azərbaycanda müxtəlif sektorlarda çalışan marketinq və reklam mütəxəssislərini görüşə dəvət etmişdi. Mən də bu görüşə Renat bəy və Xəzər Tv-dən Gökhan bəyin dəvəti ilə qatılmışdım. Ondan öncə Qafqazda çox olmuşdum, amma bu dəfə ətraflı məlumat ala-ala tanış olmaq imkanım oldu. Sonda isə səmimi bir ortamda rektorla görüşdük. Tam səmimi deyim ki, o zamanadək gördüyüm ən sadə və səmimi adamlardan idi Ahmet bəy. Marketoloqları yığmaqda məqsəd isə təhsilə dəstək çərçivəsində və onun da içərisində Qafqaz olmaqla universitetə tələbə cəlb etməyin, reklam kommunikasiyasını necə düzgün qurmağı müzakirə etmək idi. İlk dəfə idi ki, belə halla rastlaşırdım. Bir universitet rektoru reklam və marketinq mütəxəssisləri ilə problemlərini bölüşür, etdikləri işləri paylaşır və çıxış yolları haqqında bizdən məsləhətlər istəyirdi. Olduqca təqdirəlayiq hal idi. 10-dan çox bu sferada çalışan adamlar hərəsi üzərinə bir işi götürməyə, dəstək olmağa məmnuniyyətlə razı olmuşdu. Hətta o vaxt yeganə universitet idi ki, ayırca marketinq departamenti var idi. Digər universitetlərə örnək ola biləcək sistem qurulmuşdu. Düşünürəm ki, universitetlərimiz bu tip əməkdaşlıqları sıxlaşdırmalıdırlar ki, həm bizneslə, həm də reallıqla iç-içə olsunlar. Təəssüf ki, bugün özəl universitetlər var ki, dövlət universitetlərini çox-çox geridə qoyur.

# Təhsil Nazirliyi ilə pilot proqram tezliklə kütləviləşməlidir