12.11.2012

IB Gənclər Məclisindəki çıxışım mətni: "Mənim Həyat Fəlsəfəm"

Bu günkü gündə yüzlərlə gənci bir araya yığmaq və bu cür bir tədbiri keçirmək sözün həqiqi mənasında cəsarət istəyir. Tande deyir ki, “hər kəs dünyanın nizama düşməsini istər, amma mərdliyi qonşusundan gözlər” Mən əminəm ki, bir çoxlarımızın vaxtilə etmək istədiyi bir işi bu gün Tandenin misalında desək, qonşu İB Club edib, ona görə də məncə, İB Club Sizin ən azı alqılaşlarınıza layiqdir, gəlin bir yerdə alqışlayaq. 

Keçək mətləbə. Mən bu gün icazənizlə öz həyat fəlsəfəm dediyim bir şeydən danışmaq istəyirəm. Ona görə də Bu şəhərdə Qüdrət demiş “vaxtınızı çox almayacam, Sizə yarımca saat dastan söyələyəcəm”. Zarafat edirəm, mənə təşkilatçılar dedilər ki, 15 dəqiqə vaxtın var, tez de çıx get J. Çalışacam bu vaxta çatdırım. 

Özümü biləndən 2 şeyi etməkdən zövq almışam. Bunlardan biri oxuduğum kitabları hər bitirdikcə qeyd etməkdir, 4-cü sinifdən bu tərəfə oxuduğum hər kitabın adını qeyd eləmişəm, 16 illik bir dəftərim var, hələ də saxlayıram. Bir də çox müdrik kəlamları, deyimləri mütləq bir yerə qeyd edirəm. Və bu gün qərara gəldim ki, öz həyat fəlsəfəm haqqında çıxışımı ən çox sevdiyim müdrik deyimlər üzərindən Sizinlə paylaşım. Başlayaq: 


1. Heç nə bilməyən heç nəyə şübhə etmir. (Kotqrev) 

Oxuyan, mütaliə edən gəncə, millətə, dövlətə zaval yoxdur. Biz mütləq şəkildə oxumalıyıq. Əgər oxumasaq, biz sadəcə bir heç olacayıq. Vaxtilə oxuduğum bir yazını indi demək istəyirəm. Deyir ki, “əvvəlcə cümlələrimizdən nidaları çıxardıq. Danışdıqlarımız və yazdıqlarımız dərinlikdən uzaqlaşdı. Sonra nöqtələri və vergülləri çıxardıq, ifadələrimiz mənasızlaşdı və bəsit cümlələr qurduq. Sonra isə dırnaq içində danışmağa başladıq. Dediklərimiz həmişə başqalarının fikri oldu. Və dönüb arxaya baxanda gördük ki, biz bir heçik”. Bir heç olmamaq üçün oxumağı, mütaliə etməyi həyat tərzimizə çevirməliyik ki, bayaq dediyim kimi dırnaq içində danışmayaq. Yazıçı Anarın maraqlı sözü vardı ki, “indi heç kim heç kimin kitabını oxumur” Gəlin, bir-birimizin yazdığını oxuyaq, oxuyaq ki, yaza bilək. Sizi inandırıram ki, bir müddət oxuduqdan sonra hiss edəcəksiniz ki, artıq yazmaq üçün darıxırsınız, ətrafınızda olanlara biganə qalmamaq üçün yazmağa başlamasınız. 

2. Nisbi utopiyalar, vaxtı çatmayan həqiqətlərdir (Lamartin) 

Həyatda ən böyük əyləncə bilirsiniz nədir? Ən böyük əyləncə başqasının edə bilməzsən dediyini etməkdir. Bəs ən qanqaraldan şey nədir, sizcə? Çox ürəklə etmək istədiyinizin bir şey alınmayanda heç sevmədiyiniz birinin “GÖRDÜN” deməsidir. Mənim üçün utopiya deyilən bir şey yoxdur, məsələn. Sadəcə insan edə bildiyi və bilmədiyi şeylər var. Tarix vaxtilə insanların utopiya dediyi nə qədər şeyi həqiqətə çevirib? N qədər nümunə çəkmək olar. Siz ancaq sizdən tələb ediləni etsəniz, heç bir yerə gedib çıxa bilməyəcəksiniz, əzizlərim. Heç nəyə bu mənlik deyil deməyin, yoxsa, hansısa yaxşı bir fürsət düşəndə, kimsə sizə “bu sizlik deyil” deyəcək. Ona görə də gördüyünüz işi mükəmməl görməyə çalışın və o sizə indi də olmasa, bir gün mütləq geri dönəcək. Mən məktəbdə nədənsə, bütün dərslikləri qısa-qısa dəftərdə konspekt kimi yazırdım. 11-ci sinifdə oturub baxdım ki, az qala bütün fənlərin qısa konspekti məndə var. Universitetdə oxuyanda inandırım sizi ki, ixtisasıma aid olmayan bütün fənlərdə o konspektlərdən istifadə etdim, amma konsepkt edəndə ağlıma da gəlməzdi ki, məsələn, bunu 1-ci kursda texnologiya dərsində istifadə edib qiymət ala biləcəm. Yeganə bilirsiniz nəyə təəssüf edirdim? 9-cu sinifdə keçdiyimiz Bilogiya kitabını başdan ayağa konspekt etdiyimə. Çünki onu heç yerdə istifadə edə bilməmişdim ta ki, 2010-cu ilədək. Yəni aradan 10 il keçəndən sonra mən Anadolu universitetinə imtahan verəndə əlavə fən kimi biologiyanı da salmışdılar, getdim tapdım o dəftəri o üz bu üz oxudum və sonda bütün sualları düzgün yazmışdım. Ona görə də heç nəyə utopiya, xəyal deyib keçməyin, sadəcə ona doğru addım atın, real addım. O addımınızı atın və vaxtını gözləyin, amma o addımı da vaxtında atın. Çünki bu gün ən böyük sərvət vaxtdı, zamandı. Vaxtınızın, gəncliyinizin qədrini bilin. Deyir bir ili sinifdə qalan şagirddən, bir ayı erkən doğum edən anadan, bir həftəni həftəlik qəzet redaktorundan, bir saatı görüşə tələsən aşiqdən, bir dəqiqəni təyyarəyə çatmayandan, bir saniyəni qəzadan ən son anda xilas olan birindən, bir millisaniyəni isə olimpiadada qızıl medalı son anda əldən verən idmançıdan soruş. Vaxt yəni bu qədər qiymətlidir. Öz həyatınıza böyük daşları əvvəlcədən, vaxtında yerləşdirin, çünki sabah kiçik daşlar girəndə böyük daşlara yer olmaya bilər. 

3. Uğursuz olmamızda payı olan milyonlarla səbəb ola bilər, amma bir dənə belə olsa, bəhanə ola bilməz. (Kipling) 

Özünüzü heç vaxt bəhanələrlə təsəlli etməyin. Bu gün ətrafımızda o qədər bəhanə üçün səbəblər var ki. Və biz hərdən öz uğursuzluğumuzu o bəhanənin üstünə atırıq. Universitetdə bir müəllimimiz vardı, Allah rəhmət eləsin, indi rəhmətə gedib. Həmişə bizə deyirdi ki, uşaqlar çalışın oxuyun, çətin də olsa, oxuyun. Çünki sabah Siz işə girmək üçün müdirlə görüşəndə, o sizə sual verəndə siz deyə bilməyəcəksiniz ki, o fənndən dərs deyən müəllim pul alırdı, ona görə oxumamışam o vaxt və ya nə bilim, bilirsiniz o vaxt imkanımız zəif idi, dərsə getmirdim işləyirdim və ya ayağım sınmışdı dərsə getməmişdim, o da tərslikdən siz verən suala aid olan fənnin vaxtına düşüb. Bütün bunlar onu maraqlandırmayacaq. Və indi yüz faiz özünüz də görürsünüz ki, o bəhanələr keçmir. Bəhanə ilə ancaq özünüzü aldadarsınız, başqa heç kimi yox. Deməyin ki, vaxt yoxdu bunu-bunu etməyə, vaxt var, istəsəniz taparsınız. Necə oldu ki, Nyutona yetən 24 saat bizə yetmir, heç fikirləşmisiniz??? Necə olur ki, Nyutonu Nyuton edən 24 saat bizi adi bir menecer edə bilmir bəzən?! İşinizi istirahətə çevirməyi bacarmaq lazımdır ki, bu işlə gecə 4-də də məşğul olanda ondan zövq alasınız, istirahət edirmiş kimi olasınız. 

4. “Zirvədə qartallar da olur, ilanlar da. Ancaq onlardan biri oraya SÜZƏRƏK, digəri isə SÜRÜNƏRƏK gəlir” (Cənab Şəhabəddin) 

Bu gün bir çoxlarımız öndə olan, zirvədə olan bəzi insanlara baxıb onlara oxşamaq istəyirik. Amma hər zirvədə olan o zirvəyə ədalətli, düzgün, halal yolla gəlmir. O cür insanların olduğu zirvəyə can atmaq olar, amma onların getdiyi yoldan yox. Ona görə də bu sözü mən çox sevirəm. Həqiqətən zirvəyə sürünərək deyil, süzərək gələnləri tarix də yaşadır. Necə olur-olsun, əyri ya düz pul qazanım, filan şeyə nail olum, filan yerdə olum deyib düz yoldan yayınmaq fəlakətlə nəticələnir həmişə. 

5. “Tısbağaya diqqət edin. Ancaq risk edib başını çanağından çıxaranda irəliləyə bilir“ (James Konant) 

Məncə, hamımız bilirik ki, qabağa getmək, irəliləmək üçün risk etməyi bacarmaq və risk edəcəyin şeyə nail olmaq üçün prinsipiallıq nə qədər rol oynayır. Risk etməkdən qorxmayın, uğursuz olmaqdan qorxmayın. Bəzən uğursuzluq insana daha çox öyrədir. Uğursuz oldunuzsa, problem deyil. Problem onu problem etmədikcə heç vaxt sizin üçün maneə ola bilməz. Və prinsipiallığı xüsusi qeyd etmək istəyirəm. Bacara bildiyiniz qədər prinsipial olun. “Mən bu işi edə bilərəm” deyib arxasında da durmağı bacarın. 

Məsələn, mən bu gün həyatda özüm üçün uğur hesab etdiyim, nail olduğum şeylərin çoxunu bəzən 1 cümlənin prinsipinə gedərək əldə etmişəm. Özüm üçün ən vacib hesab etdiyim 4 hadisə haqqında danışmaq istərdim. 

10-cu sinifdə bir dostum qəzetdə çıxan öz yazısını mənə göstərdi, bir yerdə oxuduq, təbrik etdim onu ilk yazısı münasibətilə falan və anidən qayıtdım ki, mən də yaza bilərəm ora? Dedi ki, bilirsən necədir, yazarsan e amma mənim kimi yox. Bu söz məni çox tutdu. Necə ki, mənim kimi yox. Niyə də yox. Dedim apar məni sabah redaktorun yanına yazacam. İnanın ki, o sözü deməsəydi heç ağlımın ucundan da keçmirdi ki, mən də yazam nəsə qəzetdə. Nəysə ki, apardı səhəri və redaktorla bir xeyli danışdım, məsləhətlər aldım və başladım yazmağa. İlk yazım 10-cu sinifdə çıxdı – 2002-ci ildə. Və beləcə başladım yazmağa, əvvəlcə ayrı-ayrı mövzular, sonra bütöv bir rubrika belə açıb onu 2 il davam etdirdim və 5 ildən sonra qəzetdə 200-ə qədər məqaləm artıq çıxmışdı. Həmin dostum isə cəmi 4 yazı yazmışdı və sonra dayandırmışdı. Hətta sonra qəzetçilikdən uzaqlaşanda o rubrikanın adında ayrıca bir sayt açdım və bütün yazıları ora yerləşdirdim, gələcəkdə o yazıları kitab şəklinə salmaq fikrim belə var. Bütün bunlar bir sözlə olmuşdu. 

Məni necə 1 söz yazarlığa gətirmişdisə, eləcə də 1 cümlə yazarlıqdan uzaqlaşdırdı. Bu necə oldu. Bir gün BMM-də hansısa qonaq gəlmişdi və mən də o vaxt tələbə idim, iqtisadiyyatda oxuyurdum, amma dediyim kimi bu sahədə çalışırdım, çox sevirdim yazmağı. BMM-də mənlə yanbayan oturan, indi görsəm belə xatırlamaram o adamı, mənə qayıtdı ki, haranı bitirmisən? Dedim bitirməmişəm, amma oxuyuram iqtisadiyyatda. Baxdı-baxdı və qayıtdı ki, ona görə elə jurnalistikamız bu gündədi də, iqtisad oxuyan gəlib jurnalist olur, öz sahəsində uğur qazanmayan hər kəs gəlib jurnalist olur. O günə kimi hələ heç neyə o cür pərt olmamışdım. Söz mənə pis təsir etmişdi. Əslində oxuyanlar deyirdi ki, pis yazmıram, buna baxmayaraq o saatdaca zalı tərk etdim və metroda gedə-gedə dedim ki, bu iş mənim üçün artıq bitdi. 2-ci kursda oxuyurdum. Atdım hər şeyi başladım marketinq haqqında gecə-gündüz oxumağa, araşdırmağa. Öz ixtisasımda qısa zamanda nəsə uğur əldə etməli idim. Başqa yolu yox idi. Nə əziyyətlər çəkdim bir Allah bilir amma çox keçmədiki universitetimizdə şirkətlərdən birinə boş marektinq menecer vakansiyasına müsabiqə keçirildi və mən o müsabiqədə öz ixtisasım üzrə 100-ə yaxın tələbənin içində birinci olub o işə girdim, universitet işə getməyim üçün dərslərdən belə azad etmişdi. 3-cü kursda heç bir diplomum olmaya-olmaya 26 nəfərlik bir komandanın başında işləməyə başladım. 

Artıq qərarımı vermişdim və marektinq mənim həyat tərzim idi, bu haqda oxumaqdan doymurdum elə indi də doymuram. Daha sonra bir hadisə daha oldu. Saytların birində yazdığım bir fikirdən sonra məni demək olar ki, o saytdan uzaqlaşdırdılar. Və həmin gecə özümə söz verdim ki, mən mütləq bir gün özümün marketinqə aid saytımı quracam. Hərbi xidmətdə beynimdə ancaq bu fikir dolaşırdı ki, necə edim ki, bunu edim və sübut edim ki, bunu tək də bacararam. Qayıdandan sonra bir müddət işlədim və bu gün ən çox ziyarət olunan marketinq saytı olan, 12-dən çox beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən, Marketing AİR kimi ilk praktiki təlimləri həyata keçirən, Azərbaycanın ilk məntiq olimpiadasını həyata keçirən FACEMARK.AZ yarandı. 

Maraqlı bir məsələ daha. Biz marketoloqlar yığışanda həmişə gileylənirdi ki, marektinqin hər sahəsinə aid bloglar var, qruplar var amma hamını bir arada tutan bir qrup yoxdur. Nəisə ki, hamımız danışırdıq amma heç kim real hərəkət etmək istəmirdi. Günlərin bir günü facebookda marketinqlə bağlı olan bir qrupda bir yaxın tanışın o qrupda paylaşdığı və marketinqlə çox bağlı olan bir xəbəri qrupun yaradıcısı sildi. Dərinə gedib öyrəndik ki, sadəcə o adamın ürəyi istəyib və silib. Bu məni o qədər qəzəbləndirdi, otağın içində var-gel edirdim hirsimdən. Elə həmin günü facebookda 10 dəqiqənin içində Marketinq Azərbaycan adlı bir qrup açdım və yazısı silinən o şəxsi də o qrupa dəvət etdim və başladıq qrupu bütün marketinqlə bağlı şəxslər arasında paylaşmağa. Və bu gün o qrupun 500-ə yaxın sırf marketinqlə bağlı olan və hamısı da bir şirkəti təmsil edən üzvü var. Ümumi 100-dən çox şirkətdən o qrupda üzv var. Hər gün ən isti müzakirələr aparılır və hazırda marketinq qrupları içərisində əminliklə deyə bilərəm ki, ən aktiv qrupdur. Və bu da sadə bir hadisədən sonra baş vermişdi. 

Və bütün bu dediklərimi qısaldıb öz həyat fəlsəfəmi Sizə bu cür çatdırmaq istərdim: 

Nə olursa-olsun çalışaraq sevinəcəyik, işimizi istirahətə çevirəcəyik. Nəticədə zirvədə olacağıq, amma bizimlə bərabər ilanlarin da zirvədə olmasından narahat olmayacağıq, çünki onlar SÜRÜNƏRƏK, BİZ isə SÜZƏRƏK gəlmişik zirvəyə. Mütləq ki, risk edəcəyik, bəzən lazım olanda axmaq kimi görünüb, əslində ağıllı addımlar atacağıq. Amma zirvədəykən də gördüyümüz işlərin arxasında duracağıq, uğur pilləkanında yuxarı addımladıqca, altdakı pillələri, insanları sındırmayacağıq ki, bir gün çıxdığımız kimi də düşə bilərik və o insanlarla yenidən qarşılaşa bilərik. Təbii ki, zirvədə səhv də edəcəyik və bu səhvi hər kəs təz görəcək, hiss edəcək, çünki zirvədəki səhv günəş tutulmasına bənzəyir. Onu hər kəs görür. Bu səhvimizdən bəlkə də nəticə cıxaracağıq, bəlkə də uduzacağıq, itirəcəyik, amma yenə unutmayacağıq ki, zənginlər pulu çox olan yox, onu itirəndən sonra tapmağı bacaranlardır. Biz də elə olacağıq, uduzsaq belə uduzduğumuzu heç zaman qəbul etməyəcəyik, mübarizə aparacağıq, təbii ki, qalib olacağıq, çünki mübarizə aparan nəticədən asılı olmayaraq qalibdir, Nəsimi kimi, Babək kimi, Xətayi kimi və s. Üstümüzə dalğalar gələcək, amma BİZ bir yol tapacağıq, tapa bilməsək, o yolu yaradacağıq, amma dalğanin BİZİ udmasına imkan vərəməyəcəyik. Çünki mubarizə aparırıq və bunu mütləq qiymətləndirəcəklər. Kim də bunu etməsə, yenə rahat olacağıq çünki “O hər şəyi gorur” . 

Və mənim də həyat fəlsəfəm budur: O HƏR ŞEYİ GÖRÜR. 

1 yorum:

  1. Haram yol ile var-dovlet qazananlara ibret olsun!!!
    Hormetle Quliyeva Narinc

    YanıtlaSil