10.12.2012

FMR TV by AİR başladı (İlk çəkilişlərdən xatirələr)

Yəqin ki, bir çoxlarımızın artıq məlumatı var ki, Azərbaycanın ilk onlayn marketinq televiziyası layihəsi üzərində iş gedirdi. İdeyanın yaranması və inkişafı haqqında İlkin daha öncə öz yazısında məlumat vermişdi. 

Bu gün bütün texniki hazırlıqları tamamlayıb tam 5 veriliş çəkdik. Buna görə gözümüzdə hər şeyi bu qədər sadələşdirən İlkinə təşəkkür edirəm, dəyərli məsləhətlərinə görə isə RasimAnara minnətdaram. Təbii ki, əsas təşəkkür Video.az-a düşür. FMR TV məhz video.az-da açılan xüsusi kanal vasitəsilə yayımlanacaq. Eyni zamanda yaxında verilişlərimizi internet üzərindən birbaşa da yayımlaya biləcəyik. Bundan əlavə təbii ki, Facemark.az-da da FMR TV adlı xüsusi bölməmiz olacaq. Orada da yeniliklərdən tanış olma imkanımız olacaq, arxiv materiallarla tanış ola biləcəyik.


Niyə FMR TV?

Onlayn marketinq televiziyasının adını şərti olaraq FMR TV qoyduq. Facemark adının qısaltması olan FMR adını götürüb sonuna TV əlavə etdik və bu iş bitdi :). Artıq FMR TV türklər demiş bir AİR məhsuludur. Onu da xatırladaq ki, FMR TV marketinqi sevən, ona dəyər verən, onunla maraqlanan hər kəs üçün açıqdır, hər kəs təkliflərini verə bilər və bu işdə bizimlə birgə dəstək ola bilər. Çünki bu biznes layihə deyil və biz bunu sadəcə gələcəyə yatırım, marketinqin inkişafına töhfə olsun deyə başlatdıq.

Bu gün nələr oldu?

Gələk bu gün baş verənlərə. Əvvəla onu qeyd edim ki, bir gün əvvəlcədən bir çox dostlarımıza müraciət etdik ki, vaxt imkan verərsə, qonaq kimi qatılsınlar. Bir çoxları vaxtın çox az olması, bəlkədə olmaması səbəbindən qatıla bilmədi. Həqiqətən də bizim üçün də vaxt çox az idi və hazırlaşa bilməmişdik. İlk verilişimiz tanışlıq xarakteri daşıyırdı. Özümüzü təqdim edib gələcək planlarımızdan danışdıq. Bu arada özümüzü hər şeyə hazır hiss etməyimizə baxmayaraq həyəcan ən üst səviyyədə idi. Ümidvaram ki, izləyərkən bu qüsurları ilkdir deyib bizə keçəcəksiniz. İkinci verilişimizdə Azərbaycanda Marketinq mövzusunu müzakirə etdik. Xatırladım ki, verilişlər internet üzərindən yayımlanacağına görə 15-20 dəqiqə aralığındadır. Daha sonra New-Media-dan Rasim Davudovla internet xidmətləri, Azərbaycanda internet reklamları, yeni trendlər haqqında söhbətləşdik. 4-cü verilişimiz isə çox gözəl keçdi mənə görə. Bu dəfə bir daha şahid və əmin oldum ki, Marketing AİR artıq çox çılpaq həqiqətdir. Bu gün Marketing AİR məzunları çox gözəl araşdırmalar etməyə qadirdirlər və hətta bunu çox gözəl şəkildə bacarırlar. Verilişi demək olar ki, Marketing AİR-in iki məzunu Robert və Babək aparırdı. Mövzu isə "Sosial Mediada "asılılıq", müsbət və mənfi tərəfləri" idi. Gətirilən faktlar, təqdim olunan video çarxlar həqiqətən təqdirəlayiq idi. Və biz belə qərara gəldik ki, bundan sonra hər ay ən az 1 dəfə Marketing AİR məzunlarının hazırladıqları mövzuda verilişlər çəkib yayımlayaq. Planlar çoxdur FMR TV ilə bağlı, inşallah ömür vəfa edərsə, hamısını reallaşdırmaq çox zövq verəcək. Ən son isə biz daha bir maraqlı mövzu olan Marketinq Direktor haqqında danışdıq. Yəni Marketinq Direktor vəzifədə nə qədər qalmalıdır, onun öz işi olmalıdırmı, paralellmi iş görməlidir və ya şirkətdən ayrılıb iş qurmağa dəyərmi kimi suallara hərəmiz öz münasibətimizi bildirdik. Beləcə ilk və səhvləri, həvəsləri bol olan mərhələni geridə qoyduq. 5 saat müddətində çox yorulduq, amma buna dəydi. İnşallah da ki, yayımda izlədikdə o yorğunluğu tamamilə unudacağımıza əminəm.

Bu ay sonuna kimi daha bir dəfə də çəkiliş edib inşallah yanvar ayından ilk yayımlara başlayacağıq. Növbəti verilişlərimizdə həm də çox dəyərli qonaqlarımızla ən aktual mövzuları müzakirə edəcəyik. Aşağıda bu günkü gündən bir neçə qeyri-professional şəkli də Sizinlə paylaşıram.

Hamımız üçün faydalı olmaq diləyilə...

 











Hiç yorum yok:

Yorum Gönder