Yazının mesajı: Uçmağın ləzzətini
qartaldan soruş, toyuqdan yox !
Bu gün, yəni 22
iyul milli mətbuat günüdür. Hər il bir dəfə bu gün Həsən bəy Zərdabi
xatırlanır, şəninə tərif yağdırılır, onun yazdıqları, dedikləri hələ də
aktualdır deyilir. Yəqin biz tək-tük millətlərdənik ki, 200 il öncəki problemlərin
indi də aktual olduğuna sevinirik. Nə isə mövzum bu deyil, bu dəfə bir az türklər
demiş kəndimə qayıdıb geridə buraxdığım 10 ili xatırlamağa çalışacam. Bütün
qara adamlar kimi gücü qələmə verib bir az vaxtınızı alacam, dünənə kimi sirr olan
bəzi məsələlərə toxunacam.
Yazarlar və Yazırlar
Özümü
biləndən yazmağı xoşlamışam, fərqi yoxdur nə yazıram, dərs, kitabın şərhi,
fikirlərim, şer və s. hər şey haqqında ən minimum qısa not almağı çox
xoşlayıram. İndiyədək 1-ci sinifdən bu yana məktəbdə yazdığım bütün dəftərlərimi
saxlayıram. Qısası yazmağı və yığmağı sevirəm. Amma qətiyyən yazar deyiləm, heç
yanından da keçmirəm. Mən yazar yox, sadəcə
yazıram. Facemarkın bölmələrini də düşünəndə yazar bölməsinə “yazırlar”
adını verdim. Düşünürəm ki, hamının yazmağa haqqı var, əgər bunu bacarırsa, hətta
yazmamağı insanın özünəqəsd kimi bir şeydir. O ki, qaldı yazar məsələsinə, o isə
zamanın işidir, zaman öz ələyindən keçirəndən sonra kimin yazar, kimin pozar
olduğu məlum olacaq. İndi ən əsası kim bacarırsa, mütləq yazmalıdır, mənə görə.
Yazmalıdır ki, ən azı bunu bacarmayanları ətrafında toparlayıb ictimai rəy
yarada bilsin və ya ictimai rəyin formalaşmasında iştirak etmiş olsun. Və
yazanlara da tənqid atəşini yönəltdikdə insafı əlimizdən yerə qoymayaq gərək.
Çünki biz tənqidlə təhqirin, müzakirə ilə mübahisənin fərqini tam anlamış biriləri
ola bilmədik, hələ ki. Az-maz yazmağa həvəsi olanları da yersiz tənqidlərlə
yazıdan küsdürmək o adama qarşı terrordur, cinayətdir mənim üçün. Qıraqdan fikrə
münasibət bildirmək asandır, amma o fikri yaratmaq, ortalığa çıxarmaq hər
adamın işi deyil axı. Müasir dildə desək bu “komment” məsələsi haqqında daha
sonra yazacam. İndi keçim mətləbə.
“Gəlin biz elə biz olaraq qalaq ki, onlar da bizdən
və bizə keçməkdən qorxsunlar”
1996-ci
ildə, yəni 4-cü sinifdə oxuyarkən özümün ilk müstəqil və istədiyim hər şeyi
yaza biləcəyim bir qalın dəftər tutmuşdum. Ora hər şeyi yazırdım, rastıma gələn
şer parçası, atalar sözü, məşhurlardan sitatlar, maraqlı məlumatlar və s. Yaza-yaza
gördüm ki, artıq bu iş əməlli hobbimə çevrilib, bir gün ora nəsə yazmasam,
darıxıram. O dəftərim indi də durur və oraya mən 1996-dan bəri oxuduğum bütün
kitabların adı və müəlliflərini yazmışam, təxmini 300-dən çox kitab adı var. Hərdən
kitabı oxumağa başlayanda onu bitirməmiş adını o dəftərə yazırdım ki, sonra
oxuyub bitirəndə yaddan çıxararam deyə J Sən demə elə o vaxtdan
yaddaşsızlıqdan əziyyət çəkirəmmiş. O dəftərə yazılan ilk kitab Morşelin “Sahə
həkimi”, son kitab isə hələ ki, Adıgözəl Məmmədovun “Mir Cəfər Bağırov”
kitabıdır. Yaxşı yadımdadır ki, Bakıdakı 6 kitabxanaya üzv olmuşdum ki, ən yeni
və daha çox kitabları oxuya bilim. O vaxt hər kitabxana kitabı evə aparmağa
icazə vermirdi. Kitabxanaçılar məni görməyə o qədər öyəşmişdilər ki, içəri girəndə
salamlaşıb birbaşa içəri, kitablar olan rəflərə keçirdim, öz istədiklərimi
seçib çıxırdım. Bir də ayıldım ki, o məşhur dəftər artıq dolmaq üzərədir. Təkrarən
son dəfə 6 il ərzində ona yazılanları oxuyub ağzını bağlayıb arxivə atacaqdım.
Bu arada dediyim kimi bu dəftər mənə 6 il, yəni 2000-ci ilə kimi yoldaş olub.
Elə təkrarən yazılanları oxuyurdum ki, fikir verdim ki, çoxlu sitatlar, deyimlər
falan var, hələ son səhifələr türkçülüklə bağlı fikirlərlə dolu idi. Son səhifə
boş idi və mən anidən düşündüm ki, nəyə görə burada hamının fikri var, hamısı
da dırnaq içində, bəlkə mən də nəsə yazım xatirə qalsın. Düşünə-düşünə bir də
gördüm ki, əlimlə bu sözləri arxa səhifəyə yazıram: “Gəlin biz elə biz olaraq
qalaq ki, onlar da bizdən və bizə keçməkdən qorxsunlar” Dediyim kimi türkçülük
damarımın qaynar vaxtları idi, bir az da bunun təsirindəndir ki, bu misralar
yekə-yekə desək, süzüldü dəftərə. İndi fikir verirəm ki, o vaxtdan sözlə
oynamağı sevmişəm, kopirayterliyə də marağımın kökü var imiş J.
Dəftərim
dolduğuna görə hardasa bir il nə təzə dəftər tutmağa, nə də yazmağa həvəsim
qalmışdı. Darıxırdım, amma yazmırdım. Bir az da tər-təmiz 6 ilimi verdiyim,
uşaqlığımın keçdiyi kitabxananın sökülüb yerində aptek tikildiyini görəndə
sarsılmışdım. Yadımdadır ki, 5 il sonra, 2005-ci ildə o kitabxanada işləyən
ortayaşlı qadını metroda görəndə özümdən asılı olmadan kövrəlmişdim, çünki
dediyim kimi o mənim hər kitabıma məsləhətçi olmuşdu, hər gələndə soruşardı ki,
bu dəfə neçənci kitabını bitirdin, falan. Amma görərkən yaxınlaşıb salamlaşa da
bilmədim, cürət etmədimmi nə, amma heç cür yaxınlaşa bilmədim. İndi də xəbərsizəm,
buna görə də özümü çox qınayıram. Bəlkə də rəhmətə gedib, amma mən bilmirəm L. Bir dəfə zalda mən kitab oxuyanda yaxınlaşıb
hal-əhvaldan sonra maaşdan gileylənməyə başladı, mən də o vaxt artıq bir az
böyümüşdüm, 8 ya 9-cu sinifdə oxuyardım, zarafatyana qayıtdım ki, darıxma bir
azca da döz, mən səni öz şirkətimə işə götürəcəm. Döndü bir mənə baxdı, bir
qabağımdakı kitaba və qayıtdı ki, 21-ci əsrdə Don Kixotu oxuyub təsirlənəndən
şirkət sahibi olmaz, çörək qazanan çıxmaz J. O vaxt fikir vermədim,
amma zaman keçdikcə həmişə o sözünü xatırlayırdım. Xüsusən də pulun yox vaxtı
tez-tez yadıma düşürdü J Molla Nəsrəddin
demiş, pulun çox olan vaxtı olur ki..:) Bəli, beləcə ilk yazarlıq deyil,
yazarlarla tanışlığımın ilk mərhələsi o kitabxanın bağlanması və mənim dəftərimin
bitməsi ilə arxada qaldı. Yuxarıda o kitabdan bir hissənin şəklini də görə bilərsiniz.
Vərəqlər çox da salamat olmadığına görə yaxşı alınmayıb.
Hunaltay adı - Hər şey burdan başladı
Beləcə 1
il “boş-bekar” dolandıqdan sonra qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr
qurdum və o zamandan da yazarlığın növbəti mərhələsi başlamış oldu. “Azərbaycan
futbolu”, “Paritet”, “EuXəbər” (Belçika-Azərbaycan diaspora təşkilatının
orqanı) və bir neçə kiçik qəzetlərdə özümçün yazırdım. Və bütün bunların heç
birindən ailəmin xəbəri olmayıb, heç indi də bilmirlər. Məktəbdə hətta buna görə
məndən bir az da çəkinirdilər ki, gedib qəzetə yazıb eliyərəm J.
2003-cü il isə mənim üçün həyati dönüş nöqtəsi olan “Hərbi And” qəzeti ilə
tanışlıq ili oldu. Köhnə bir tanış vasitəsilə qəzetin redaktoru ilə tanış
oldum, çox vətənpərvər biri idi, bir saatlıq söhbətdən sonra gələn həftəyə məndən
bir yazı istədi. Bildirdi ki, qəzet “yuxarılara” gedir, bütün hərbi hissələrdə
paylanılır, dövlət orqanlarına verilir falan, elə et ki, oxumağa dəyər bir
araşdırma olsun. Elə onun araşdırma sözünü tutdum və beynimdə də gələn həfətəyə
nəsə araşdırma yazısı yazmaq qaldı. O aralar da Musa Nağıyev haqqında 2-ci
kitabımı oxuyurdum, qərara gəldim ki, bu iki kitabı birləşdirib maraqlı bir
araşdırma yazısı yaza bilərəm. İlk ciddi tapşırıq olduğundan 4 gün ancaq nədən
başlayım deyə düşündüm, yazıb pozurdum hey, nəhayət 4-5 dəfə həm də əllə ağ vərəqə
yazandan sonra yazını hazır etdim. Özü də komputer ola-ola həmişə qələmlə
yazmışam, bu cür daha gözəl və rahat olurdu mənə. İndi də o əlyazmalardan bir
çoxunu saxlayıram. Beləcə ilk yazımı da qoltuğuma vurub yollandım redaksiyaya. Adı
“Şələçidən Milyonçuya” idi. Redaksiya 28 Mayda yerləşirdi, mən həmişə, yəni düz
4 il ora Gənclikdən piyada getmişəm, piyada gedəndə daha çox düşünə bilirdim
yazı haqqında. Qısası yazı 2003-ün sentyabrında çapa getdi və dediklərinə görə
hamı bəyənmişdi. İlk təriflərdən sonra daha da ilhamlanıb hər həftə yeni
yazılar verirdim. Yeganə çətin tərəfi o idi, ki, bu yazıları redaksiyaya gətirəndə
onu çapçı qıza diktə də etməli olurdum ki, buna da bir xeyli vaxt gedirdi. Uzun
illər ərzində qəzetdən bir manat belə almamışdım, bunu ümumiyyətlə qazanc mənbəyi
olaraq görmürdüm, sadəcə yazırdım, yazılara reaksiyalar mənə mənəvi olaraq hər
şeyi əvəz edirdi. Bir maraqlı məqam isə odur ki, yazımı verərkən soyadımı ləqəbimlə
əvəz etmişdim. Səbəb rus soyad tipindən zəhləmin getməyi idi. Bu arada da təxmini
2001-2002-ci illərdə məktəbimizə çox güclü müəllimlər gəlmişdi, onlar məndə
millətçiliyə, vətənpərvərliyə böyük maraq oyada bildilər, mən də o aralar ara
bir Moşu demiş “şer guppuldadırdım”. Qərara gəldim ki, özümə mütləq türk kökənli
ləqəb seçməliyəm. Çox fikirləşdim və nəhayət HUNALTAY adını (Hun və Altay sözlərinin
birləşməsi) seçdim və qəzetə də o adla yazılar yazmağa başladım. İndi
çoxlarının tez-tez soruşduğu bu soyadın tarixçəsi də belə olub. Xoşbəxtlikdən redaksiyada
da, hərbi hissələrin zabitlərinin də bu ad çox xoşuna gəlmişdi deyə, hər məni
görəndə “Hunaltay, bu dəfə nə yazacaqsan” deyirdilər və mən həmişə o an içimdə
çox qürurlanırdım ki, Hunaltay olaraq qəbul olunuram. 2003-2007-ci illər həm də
universitet illərinə təsadüf edirdi deyə, vaxt tapa bilirdim və bu illərdə 100-ə
yaxın yazım həmin qəzetdə çap olunmuşdu artıq. Sonlara doğru isə qəzetdə
sonralar hamının çox sevdiyi bir bölməni açdım – Məxfilər Silsiləsi. Burada
dünyanın kəşfiyyat sistemləri, gizli qətllər, kəşfiyyat orqanları və s. bu tip
komplo olaylardan yazırdım. Hər dəfə də redaksiyaya gedəndə deyirdilər ki, məsələn
prokurorluqda filan polkovnik yazını oxuyub çox bəyənib, filankəs oxuyub
yuxarıdan babatdı deyib, nə bilim filankəs deyir bu məsələ haqqında da yazsın
falan kimi sözləri eşidirdim. Özümün də marağımda olduğuna görə bu silsilədən
hardasa 35-40-a yaxın yazı yazdım. Sadəcə bu tip yazıları yazanda çox, həm də
çox yorulurdum, yaz-poz,düzəlt, uyğunlaşdır, yenidən oxu, yenidən düzəlt kimi
işlər o qədər yorurdu ki, qəzetdə çap olunanda heç vaxt yenidən oxumurdum. Bir
yazı üçün bir neçə kitabı incələməli olursan, uyğunluğu tutmaq həmişə asan
olmurdu. Məxfilər silsiləsi o qədər özümə də maraqlı gəlirdi ki, sonradan bu
tipdə bir sayt da açdım (mexfiler.az), lakin sonralar həm peşə marağım başqa
istiqamətə yönəldiyinə, həm də vaxtım az olduğuna görə davam edə bilmədim. Qəzetdə
isə fasilələrlə 2009-un sonuna kimi yazılar yazdım, ümumi hardasa 150-dən çox
yazım dərc olunmuşdu. O aralar həm də azeriblog-da bloqum var idi, yazılarımı həm
də orada yerləşdirirdim, bir xeyli də oxucu toplanmışdı.
Marketinqə ani keçid və ya Hunaltaydan Məhərrəmə
Qəzet
işinə hobbi kimi baxa-baxa həyatımın bir parçasına çevrildiyinin fərqinə
varmamışdım. Universitetdə baxmayaraq ki, dərslərimdə geri qalmırdım, ixtisasım
marketinq idi və heç kimdən də bu sahədə geri qalmırdım, amma məni ən çox
jurnalistika maraqlandırırdı, ta ki bir hadisə olmayanadək. Bu əhvalata keçməmişdən
öncə qeyd edim ki, univeristetə daxil olarkən marketinq haqqında heç bir
anlayışım yox idi, demək olar ki, marağım da yox idi. Bizim vaxtımızda
menecment ixtisası “xod” gedirdi. Keçək mətləbə. Deməli, günlərin bir günü Euronews
qəzetindən mətbuat mərkəzinə göndərilmişdim, hansısa qonaq gəlmişdi və mən
oradan reportaj hazırlamalı idim. Foyedə başqa jurnalistlərlə görüşdüm və elə
oldu ki, biri ilə söhbətim tutdu və başladıq xeyli danışdıq. Axırda O,
ixtisasımı soruşdu, mən İqtisad Universitetində oxuyuram deyəndə, qayıtdı ki, “bəs
buna görə jurnalistika inkişaf etmir də. İqtisad hara jurnalistika hara, gedib
öz sahəsində uğur qazana bilməyənlər gəlir jurnalistikaya” Bunu bəlkə də öz aləmində
zarafata demişdi amma, bu mənə çox pis təsir etdi. Bir an düşündüm ki, adam düz
deyir, mənim axı ixtisasım başqadı, mən jurnalistika təhsili almamışam. Qısası
səhvmi, düzmü bilmirəm, amma o gün özümə söz verdim ki, gedib öz ixtisasımda
professional olmağa çalışacam. Səhəri gündən qəzetlərə yazıları dayandırdım və
başladım marketinq haqqında mütaliəyə. Həyatda çox prinsipial biriyəm, istədiyimə
nəyin bahasına olur-olsun nail olmaq və ona doğru gedən yol mənə xüsusi zövq
verir. Yəni proses adamıyam, nəticədən daha çox. Kitabları bir-birinə caladıqca
vaxt da gəldi-keçdi və çox keçmədiki bu dəfə də marketinqə aid ilk blogumu, www.marketermeherrem.com-u
açdım. Bundan bir az sonra isə uzun müddət arzusunda olduğum marektinq portalı
üzərində işləməyə başladım və yaxşı-pis bu gün Azərbaycanda marketinq
portalından biri və mənim üçün birincisi olan www.facemark.az
yarandı. Saytda və blogda indi məxfilərə, ümumi mövzulara aid deyil, marektinqə
aid yazıram, yazmağa cəhd edirəm və ya çalışıram. Milli vətənpərvərlik ruhunda
yazdığım yazılarda Hunaltay ləqəbi ilə yazırdımsa, marketinqdə Marketer Məhərrəm
oldum J. Bu Məhərrəm
adının da maraqlı tarixçəsi var. Universitetin ilk dərslərindən birində
iqtisadi coğrafiya müəllimimiz hələ adlarımızı bilmədiyindən hər dəfə birimizə
bir ad qoşurdu özündən və mən də bir dəfə səs-küy salarkən “ay Məhərrəm, sakit ol” demişdi J. Nəsə o
vaxtdan məzəyə bu ad çox xoş gəlmişdi, yanından keçəndə hər dəfə deyirdim ki, “müəllim,
görün Məhərrəm nələr eliyəcək hələ, bu semestr sizdən 5 alacam”. Məhərrəm də
beləcə yarandı.
Bu gün
adını nə qoyuruq qoyaq mənim yazıb-pozmağımdan düz 10 il keçir. Xoşbəxtlikdənmi,
təsadüfdənmi bu haqda da milli mətbuat günündə, yəni 22 iyulda (artıq 23-dür)
yazası oldum. Aradan bir xeyli keçəndə dönüb geriyə baxmaq və o anları yazmaq
daha asan və obyektiv olur, məncə. Ona görə də bunu yazdım ki, qalsın.
Ölümlü-itimli dünyadı, bizdən sonra qalan yazılar olacaq. Gəlin, ümumiyyətlə
yazan adamlara hörmətlə yanaşaq, hərdən netdə yazılara çox mənasız şərhlər, iradlar
görürəm və bu mənə pis təsir edir. İstənilən yazıda zəhmət var və ən azı o zəhmətə
hörmət olunmalıdı deyə düşünürəm. Əgər onu da bacarmayanlar varsa, onda o
adamlara yazının ən yuxarısındakı yazının mesajını ithaf edirəm J
Elə bilirdim, 1-ci sinif dəftərlərini saxlayan təkcə mənəm :-) Maraqlı yazı üçün təşəkkürlər. Gələcək işlərində uğurlar arzu edirəm.
YanıtlaSilVüsal Alisoy
Təşəkkürlər, Vüsal. Minnətdaram.
Sil"Səni çoxdadır tanıyırmışam" ifadəsini indi daha yaxşı anlayıram:) xarakter və düşüncələrimiz,yazıya hörmət və istəyimiz çox yaxındır:) Yazını həvəslə oxudum ,coxx ləzzət verdi :) Səni bir daha yaxından tanımaq üçün yaratdığın şəraitə görə təşəkkürlər :) Həyatda çox az insan var ki ,onlarla söhbətimdə çox şey öyrənirəm,biri Uğur bəydir,Qafqazın PR prorektoru,Biri də Rafiq Hunaltay ...
YanıtlaSilVüqar, təşəkkürlər diqqətin üçün. Sənin yazılarını da ilk dəfə blogunda oxuyanda çox diqqətimi çəkmişdi. Gərək yenə bir bloq açıb davam edəsən, yazıda dediyim kimi yaza bilənin yazmaması günhadır.
YanıtlaSil