12.09.2013

İdeal PR ağ da olur, qara da və ya süd verən inəyi kəsəkmi?!!!

Ox yaydan çıxıb payıza keçirdi ki, marketinq aləmində Milla canlanma yaratdı. Səssizliyi yenə sosial mediadakı paylaşımlar pozdu. Yəqin artıq çoxlarınız Milla üçün çəkilən bu reklamı görmüsünüz. Ümumiyyətlə bu iş sosial mediada olduqca yüksək sürətlə yayılmağa başlandı və təbii ki, münasibət və şərhlər də birmənalı deyildi.


Statistika:

Qısaca onu deyim ki, təxmini 3-4 gündür ki, video internetdə sürətlə yayılır. Ümumi 20 mindən çox baxış, 1000-dən çox yayılma (share), toplam 3000-ə yaxın ayrı-ayrı yerlərdə koment yazılıb, forumlarda müzakirəyə çıxarılıb. 5-dən çox sayt isə bu reklamı xəbər olaraq işıqlandırıb. Hələ marketinq əhlinin öz şəxsi facebook, twitter profillərində yazdıqları və onlara yazılan şərhləri demirəm. Qısacası bu 3-4 gündə Milla üçün "unpaid media" çox gözəl işlədi. Bir məsələ var ki, bu yayılma əsasən neqativ fikirlər ətrafında idi. Bu haqda bir qədər sonra.

Viral reklam nədir?

Bu reklamı müzakirə etməmişdən öncə qısa viral haqqında arayış vermədə fayda var. Viral reklam adətən internet üzərindən yayılmaqla insanların könüllü olaraq öz istəkləri ilə hansısa videonu, fotonu və s. paylaşması ilə baş verir. Bu səbəbdən ona virus reklam da deyirlər. Dünyada 1990-cı ildən aktiv istifadəyə başlanılıb. İlk istifadə edənlərdən biri hotmail olub ki, cəmi 1 cümləlik viral mesajla 18 ay içərisində 12 milyon istifadəçi artımına nail olub. Viral reklamın ən geniş yayıldığı məcralar təbii ki, sosial mediadır. Nəzər alsaq ki, dünyada facebookun 1 milyarddan çox istifadəçisi var, youtube-da hər ay 3 milyard saatdan çox video izlənilir, milyonlarla tvit cəmi bir neçə dəqiqədə atılır və s. görərik ki, bu tip reklamlar üçün sosial media ideal alətdir. Viral adətən iki cür olur. Bunlardan biri məsələn, müştəri (son istifadəçi) tərəfindən də çəkilə bilər. Bəzən həvəskar formada çəkilən belə videolar o qədər məşhurlaşır ki, şirkət o işi müştəridən satın alır. İkinci üsul isə şirkətin özünün bu tip virallar sifariş edib çəkdirməsidir. Bəzən viralı gerilla reklamla səhv salırlar. Viral adətən brendin, şirkətin  direkt açıq reklamı deyil, gizli reklamıdır. Viral son istehlakçıda o qədər təbii maraq oyatmalıdır ki, o onu könüllü olaraq yaysın. Bəzən şirkətlər nəbz yoxlaması üçün də bu üsuldan istifadə edirlər. Bu halda isə adətən fikir öndərlərindən, loru dildə desək, cəmiyyətdə nüfuzu, çəkisi olan adamlardan, bloqqerlərdən, jurnalistlərdən istifadə edirlər. Və unutmayaq ki, viral reklam şirkətin, məhsulun imicinin möhkəmləndirilməsinə xidmət etməlidir, əks halı müşahidə olunursa, həmən müdaxilə edilməli, durdurulmalıdır.

"Milla" "viral"ı haqqında düşüncələrim

Əvvəla onu deyim ki, yuxarıdakı çarx qətiyyən viral reklam deyil, heç o məqsədlə də çəkilməyib. Amma son olanlar göstərdi ki, bu reklam çox gözəl viral ola bilərdi. Səbəbləri sadalayacağam. Deməli, agentliklərdən biri Milla üçün ssenari verib, ssenari müştəriyə bəyəndirilib (böyük ehtimal sahibkara təqdim edilib ideya) və sonda 2 film çəkilib. Bunlardan biri qəbul edilib, haqqı ödənilib amma sonradan nədənsə efirə verilməyib. Digəri isə indi sözügedən çarxdır ki, şirkət tərəfindən qəbul edilməyib və buna görə də haqq ödənilməkdən imtina edilib. Səbəb isə o olub ki, ssenrarida yazıldığı kimi reklam çəkilməyib. Rejissor reklama öz fantaziyalarını əlavə edib. Nəticədə isə gördüyünüz bərbad bir iş çıxıb. Reklam 8-9 ay öncə çəkilib, amma agentlik tərəfindən qəbul edilməməsinə baxmayaraq indi internetə buraxılıb. Üstəlik bu şirkətin Hollivud aktrisası Mila Yovoviçlə çəkilən reklam ərəfəsində olub. Şirkət isə sonda agentliyin bu hərəkətini işgüzar nüfuzuna zərbə hesab edərək işi məhkəməyə verib. Bu işin statistik tərəfi. Demək istədiyim odur ki, burada düşünülmüş addımdan söhbət gedə bilməz, amma... Amma ki, bu özü belə kifayət idi ki, payıza ən güclü viral olaraq damğasını vursun. Niyə?!!

Son kadr

Əgər son kadrda xanım promoter olaraq təqdim edilsə idi və əlində də heç olmasa promo məhsul kimi süd olsa idi, bu halda reklamı mən çox gözəl viral reklamı adlandırardım. İndiki halında isə bu əksinə çox qeyri-etik görünür. Əslində məsələ qeyri-etikliyində də deyil, cinsi duyğulara təhqiramiz yanaşma da deyə bilərik. Ona qalsa Skettles şokaladının viral reklamı daha "bərbaddır" Qrupda Avropada yaşadığını deyən bir xanım avropada belə işlərin çəkilmədiyini deyirdi. Əgər yazını oxuyursa, youtubda axtarıb baxa bilər. Yəni bütün çatışmamazlığı ilə son kadrda cüzi dəyişiklik bütün çarxı döndərə bilərdi. Burada həm agentliyin, həm də şirkətin səriştəsizliyini qeyd etmək lazımdır. Bu kimi fürsətlər həmişə ələ düşmür, dəyərləndirmək lazım idi. Düşünün ki, son fərqli olsaydı və yuxarıdakı kimi yayılma qeydə alınsaydı nə olardı. 100% Hollivud aktrisası ilə olan reklamdan daha çox tanıtım verəcəkdi. Özü də çox az büdcə ilə.

Süd verən inəyi kəsəkmi?!!!

İndi isə tamam başqa mövzuya toxunmaq istəyirəm. Bu mövzu müzakirə edilərkən çox maraqlı yanaşmanın da şahidi oldum. Qrup və digər məcralarda gedən müzakirədən məlum oldu ki, bir çoxları hətta son yuxarıda dediyim kimi olsa belə bu tip reklamı mentalitetimizə uyğun hesab etmirlər. Bu barədə icazə verin Sizinlə razılaşmayım. Əgər telefonlarda, sosial mediada bu tip çox paylaşılan videolara baxsanız görərsiniz ki, onların hamısı hamının yanında baxılmaqdan utanılan, amma hamının da marağında olanlardır. Amma biz nədənsə özümüzü bunlardan bixəbər kimi göstərməyi sevirik elə bil. Demək istədiyim odur ki, reklamlarımıza da şərq yanaşma tərzimizin səhv cəhətlərini qatmayaq. Salam Sarvanın yazdığı kimi şərqdə nəfs ölməyib deyə ən ən nələr elə şərqdən çıxır. Çünki uzun müddət şərqdə bu tip intim mövzular haqqında danışmaq belə qadağan olunub. Mən bu mövzularda Salam Sarvanın, Seymur Baycanın, Günel Mövludun fikirlərinə tamamilə qatılıram, Sizə də ən azı oxumağınızı tövsiyyə edirəm. Şərhlərdən birində yazdığım kimi toylarda sonda rəqs edən rəqqasəyə yoldaşının yanında gözünün ucu ilə də baxmayan kişi ayrı olanda məmnuniyyətlə hətta qoşulub rəqs də edə, rəqqasəyə pul da verə bilər. Və həmin kişi əminəm ki, hər yerdə yazır ki, bu cür etmək olmaz, günahdır, nə bilim nəyə ziddir. Feminizm kocayı bulunca, sosyalizm parayı buluncadır deyir türklər. Bu gün Moskvadan qayıdan bir dostum deyir ki, Moskvada qısa şortikdə gəzən qızlar Bakıdakından azdır. Biz nələrisə qadağan edəcəyiksə, o şey daha tez yayılacaq. Onu xüsusi vurğulayım ki, öz milli-mənəvi dəyərlərimizin tərəfdarıyam, türk milli kimliyimiz bizim üçün çox böyük dəyərdir amma bu dəyəri qorumağın yolu qadağalardan keçmir. Millanın ya zəlzələdən, ya vəlvələdən bu işi göstərdi ki, insanların bu cür yanaşma marağındadır və reklamda istifadə edilərsə, geniş yayıla bilər. Nə qədər hər iki tərəf düşünməsə də bu haqda, hesab edirəm ki, bundan sonra bir çox şirkətlər bu cür virallarla çıxış etməyə başlayacaq. Bu trendin əsasını da Milla qoydu artıq. Süd verən inək rolunda burada elə süd satan Milla çıxış etdi. Mən süd verən inəyin kəsilməməsinin tərəfdarıyam ki, bu dəfə olmasa belə, gələn dəfə keyfiyyətli süd verə bilsin. Yaxşı südün nə olduğunu bilmək üçün, pis süd nə demək olduğunu bilməlisən.

Hiç yorum yok:

Yorum Gönder