5.09.2014

Michael Hyatt-dan bloq yazarlarının buraxdığı 10 səhv haqqında

Bu dəfəki yazı məhz bloqerlər üçün maraqlı olmalıdır. Çünki ən sevdiyim 5 bloqerdən biri olan Michael Hyatt-ın fikirlərini təhlil edəcəyik. Qısa olaraq bildirim ki, Michael Hyatt 2014-cü ildə Forbes jurnalı tərəfindən "İzlənilməli olan top 10 marketinq eksperti" siyahısında yer alıb. Ümumiyyətlə ən aktiv bloq yazarlarından biri kimi mütəmadi olaraq The New York Times, The Wall Street Journal, Forbes, Businessweek, CNN-də yazıları yayımlanır.İstər bloqer, istər marketer olaraq ondan öyrənəcəyimiz çox şey var. İndiyədək oxumayanlarınız varsa, bundan sonra onun bloq yazılarını oxumanızı tövsiyyə edirəm.

Beləliklə keçək mövzuya. Hyatt öz video intervyularının birində bloqerlərin buraxdığı top 10 yanlış addım haqqında fikirlərini bölüşüb. Aşağıda Sizə həmin video intervyunun ingilis dilində olan orijinalını da təqdim edirəm. 40 dəqiqə vaxt itirmək istəməyənlər üçün isə qısa olaraq aşağıda Sizə həmin 10 səhvi diqqətinizə çatdırmaq istəyirəm.


I səhv: Kifayət qədər yazmamaq / you don`t post enough

Müəllif bildirir ki, bloqerlərin buraxdığı ən böyük səhv stabil yazmamaqdır. Onu da deyim ki, bu 10 addımı oxuduqca və izlədikcə bunlardan bir çoxunu özümün də etdiyini gördüm və çalışacam ki, zamanla bu səhvləri aradan qaldırım. Elə o səhvlərdən biri də stabil və davamlı olaraq yazmamaqdır. Hyatt bildirir ki, uzun müddət fərqli-fərqli aralıqlarda yazıb, lakin sonda qərara gəlib ki, ən optimal versiya həftədə 3 dəfə yazmaqdır. Fikrini də belə izah edir ki, stabil olduqda sizin daimi izləyiciləriniz meydana gəlir və onlar artıq hər həftə sizdən yazı olacağını bilir və buna öyrəşirlər. Digər halda isə bu Sizə öz üzərinizdə daima işləmək məsuliyyəti də yaradır.

II səhv: Uzun yazmaq / you posts are too long

Adından göründüyü kimi burada da söhbət uzun yazılan bloq postlardan gedir. Müəllif bildirir ki, postlar qısa olmalıdır. Bu arada xatırladım ki, mən özüm də stabil yazmamaq bir tərəfə, yazanda da uzun yazanlardanam. Uzun müddətdir ki, bu nöqsanı aradan qaldırmaqda çətinlik çəkirəm. Bir gün Marks Engelsə məktub yazır və sonda qeyd edir ki, "Bağışla, vaxtım olmadı, məktub uzun alındı" Bir çox uzun yazılar vaxt azlığından irəli gəlir ki, fikrini sistemli şəkildə əsaslandırmaq üçün vaxt tapa bilmir və uzun yazmalı olursan. Amma məndə məsələn, bu qətiyyən belə deyil, əvvəla ona görə ki, bloqu vaxtım olmayanda sadəcə yazmıram. "Vaxt azdır, amma mütləq nəsə yazmalıyam" prinsipi ilə qətiyyən razı deyiləm. Yazanda isə kifayət qədər vaxt ayırıram, daha çox araşdırma aparıram. Bu səbəbdən də bir çox yazılar hələ də yarımçıq vəziyyətdə qalıb. Vaxtilə qəzetdə yazılar yazanda da hamı uzun yazdığımdan şikayətlənirdi. Amma bəlli kəsim var idi ki, onlar "content"ə görə uzun yazını səbrlə oxumağa razıdırlar. Çox razıyam ki, biz qısa oxumağı, hər şeyi tez-bazar "həll etməyi" sevirik. Və biz də əgər özümüz yazıb özümüz oxumaq istəmiriksə, o halda mütləq bizim misalda "oxuyucu" necə istəyir elə etməliyik. Michael intervyusunda bildirir ki, o adətən ən qısa yazanda 550, uzun yazanda 1500 sözdən istifadə edir. Mən isə bu yerə qədər elə 460 söz istifadə etmişəm artıq :) Zorla deyil ki, #alınmır da :)

III səhv: Çox tez-tez yazmaq / you post to much

Hər nə qədər stabil və ardıcıl olmaq önəmlidirsə, həddindən çox da yazmaq olmaz. Bəzi bloqerlər elə bilir ki, nə qədər çox yazsalar o qədər yaxşıdır. Amma bu belə deyil. Əvvəla bunun bir çox fəsadı var. Birincisi odur ki, Siz çox tez-tez yazdıqca kontentin keyfiyyəti aşağı düşəcək. İkinci zəif cəhəti isə əvvəlki yazılarınızın həmişə "hannibalizmə" məruz qoyacaqsınız. Yəni oxucu birini oxumamış ikincisi, ikincini oxumamış üçüncü çıxır və sonda oxucu hamısını oxumaqdan yumşaq desək "imtina edir". Kontentin keyfiyyəti mənə görə şəxsən hər şeydən üstündür. Əgər sizin potensialınız keyfiyyətli kontent, həmçinin faydalı kontent yaratmağa həftədə 1 dəfə icazə verirsə, o halda yaxşı olar ki, elə 1 dəfə yazasınız. Ayda bir dəfə icazə verirsə, elə 1 dəfə də yazmaq olar. İndi Hyatt həftədə 3 dəfə deyibsə, o demək deyil ki, nə edib-edib biz də elə etməliyik. Bu mənim şəxsi fikrimdir, yanlış ola bilər. Hesab edirəm ki, keyfiyyətli kontent olmadan özümüzü güclə məcbur etməyin bizə və oxuyucuya uzun müddət üçün faydası olmayacaqdır.

IV səhv: Paylaşıma dəvət etməmə / you don`t invite engagement

Bu addım məhz Azərbaycanda da çox aktualdır. Elə yazarlar var ki, ancaq özü oxumaq üçün yazır. Və ya yazır, elə bilir ki, oxucu özü onu tapmalıdır. Maraqlısı da odur ki, bu cür insanlardan bəziləri də özlərindən başqa heç kimi oxumurlar ki, nəticədə tədricən "yoxullaşmağa" doğru gedirlər. İndiki zamanda bu taktika işləmir, əziz yazarlar. Özünüzü də, yazınızı da mütləq PR etməlisiniz. PR-nız olmasa Sizi heç kim oxumayacaq. Güc mediada, sosial şəbəkələrdədir. Ona görə də vacibdir ki, siz bloqunuzun PR-ı ilə şəxsən məşğul olasınız. İnsanları hər bloq yazınızda fikir bildirməyə, bəyəndilərsə, yazını paylaşmağa, dostlara tövsiyyə etməyə və s. təşviq etməlisiniz. Müəllif bu bənd haqqında danışarkən bildirir ki, "best content on my blog is my comments", yəni bloqumda ən yaxşı kontent yazılan kommentlər, şərhlərdir. Bununla şərhçilərə dəyər verdiyini göstərmək istəyir. Həqiqətən də belədir. Amma gəlin etiraf edək ki, aramızda hər yazını oxuyub, bilərəkdən özünü "dartaraq" şərh yazmayanlarla yanaşı, şərh yazmaqdan "qorxanlar" da var. Belələri sanki səhv nəsə deyəcəklərindən çəkinirlər. Narahat olmağa dəyməz, hər kəs hər şeyi biləcək, bilməlidir deyə bir şey yoxdur. Hamı səhv deyə-deyə öyrənir. və o "səhv" özü mücərrəd fikirdir. Baxır kimə görə səhv və s...Odur ki, yazırıqsa, bütün kommunikasiya vasitələrindən istifadə etməklə yazını yaymağa çalışmalıyıq. Son yazılarımdan birini dostların sayəsində 10-dan çox məşhur xəbər portallarında yayımlatmışdım. Ondan sonra mənə yazılan şərhlər, göndərilən emaillər qədər ümumi bloq yazılarımda şərh almamışdım. Və bu addıma da məhz Michael müəllimə qulaq asandan sonra qərar verdim və uğurlu da alındı. Ümumi olaraq 10 000 unikal oxuyucu kütləsinə yazı çatmış oldu.

V səhv: Müzakirələrdə iştirak etməmə / you don`t participate in the conversation

Bir çox bloqerlər, yazarlar var ki, onların yazılarına kifayət qədər maraq göstərib şərh yazan, münasibət bildirənlər olur. Amma bəzən müəllif bu fikirlərə və ya verilən suallara cavab vermir, ümumiyyətlə öz yazısının müzakirəsində oxucuları ilə bir yerdə iştirak etmir. Yanlışdır. İlk öncə ona görə ki, oxucu fikir bildiribsə, sizə dəyər verib oxuyub deməkdir. Və O, orada hər hansı sual yazıbsa, onu cavablandırmaq lazımdır. Bəzən belə diskusiyyalarda çox maraqlı ideyalar ortaya çıxır. Mən ən gözəl hesab etdiyim ideyaları dostlarla müzakirə edə-edə tapmışam. Necə deyərlər, ağıl ağıldan üstündür. Özünü "yekə" aparmağa ehtiyac yoxdur, oxucularınıza qaynayıb-qarışmaq lazımdır. Michael Hyatt bu bəndi izah edərkən maraqlı bir cümlə işlədir ki, "Sizə şərh yazanlara cavab verməmə, evə qonaq çağırıb daha sonra evdən çıxıb getməyə bənzəyir" İdeal bənzətmədir.

VI səhv: Sadə, əlçatan və funksional olmama / you don`t make your content accessible

Burada əsas vurğunu bloqerin oxuyucusunu loyallaşdıran elementlərdən istifadə etməməsinə vurğu edilir. Məsələn, bloqda "email ilə yazılma" imkanının olmaması, bloq arxvinin olmaması, xəbərləri share imkanlarının darlığı, qarışıq bölmə və dizayn quruluşunun olmaması və s. toxunur. Həqiqətən də bloq xəbər portalı deyil, onu çox qarışdırmağa, rəngbərəng etməyə ehtiyac yoxdur. Sadəlik gözəllikdir. Oxuyucuya hər üsulla əlçatan olmaq lazımdır. Mobil versiya mütləq olmalıdır ki, əkər bloq saytlarında bu avtomatik olmuş olur. Amma elə bloqlar var ki, məxsusi 0-dan hazırlanıb, onlarda bu tip çatışmazlıqlar ola bilir.

VII səhv: Cəlbedici başlığın olmaması / you don`t create catchy headlines

Başlıq istənilən yazıda önəmlidir. Hətta 2 ən önəmli ünsürdən biridir. Düzdür bizim jurnalistlərə kimsə deyib ki, maraqlı başlıq diqqət çəkir, onlar da yalan-yanlış necə gəldi uydurma başlıqlar seçirlər. Ümumən isə elə yazarlar var ki, yazının adına yazının özü qədər vaxt sərf edib fikirləşir. Yuxarıdakı bəndlərin bir çoxuna əməl etməsəm də, yazı adlarının maraqlı olması üçün çalışıram. Siz standart başlıqlardan istifadə edirsinizsə, mütləq dəyişdirin, daha maraqlı, diqqətçəkici, amma dürüst başlıqlardan istifadə edin.

VIII səhv: 1-ci paraqrafın zəifliyi / you first paragraph is weak.

PR-da tərs piramida deyilən bir üsul var. Ən vacib olanları ən yuxarıda, daha az vacibləri isə aşağıda vermək. Oxucuların çoxu ilk növbədə ada fikir verir, ad maraqlı gəldisə, linki zəhmət çəkib açır, ilk paraqrafı oxuyur, hətta ilk cümləni oxuyur da deyərdim. Maraqlı gəldisə davam edir, gəlmədisə yox. Ona görə girişi möhkəm vermək lazımdır ki, oxucunu axıra kimi oxutmağa nail olasan.

IX səhv: Hər şeydən yazmaq olmaz / you topic is off brand.

Müəllif burada qeyd edir ki, bloqer hər şeydən yazmamalıdır. Özünü bir və bir neçə bir-birinə yaxın sahələr üzrə istiqamətləndirsə, daha doğrusu mövqeləndirsə, daha yaxşı olar. Bu həm də seçilmiş oxucu kütləsinin formalaşmasına səbəb olar. Hər şeydən yazmaq bayaq yazdığımız kimi kontentin keyfiyyətində problem yarada bilər.

X səhv: Özünüzdən çox yazmayın / you post is all about you

Sonuncu bənddə isə Michael qardaş narçisizm (özünə vurğunluq) məsələsinə toxunur. Bildirir ki, bloqerin yazılarında öz təcrübələrini paylaşması normaldır, amma özü haqqında çox danışması, daha çox "mən" istifadə etməsi yox. Deyir ki, bu oxucunu "itələyə" bilər. Çalışıb istənilən hadisəni müştəriyə faydası aspektindən yazmaq lazımdır. Bu bəndlə də razıyam. Nə qədər əməl edirəm, onu deyə bilmərəm. Belə də ki, nə etmişik ki, özümüzdən də yazaq.

Hələlik bu qədər. Deməli, yazımız nə az nə çox düz 1467 söz oldu. 1500-ü keçmədik :)

Ənənəvi olaraq sonda deyim ki,

P.S. Çölümdəki MƏN içimdəki MƏN-in yazdıqlarından dolayı məsuliyyət daşımır, səslənən fikirlər tamamən içimdəki MƏN-ə aiddir. İcazəsiz yayıla bilməz. Bütün hüquqları qorunmasa da, vicdan deyilən bir şey var, paylaşanda mənbə qeyd edin. Bəyənsəniz paylaşın, bəyənməsəniz də canınız sağ olsun. Növbəti dəfə daha faydalı olmaq ümidi ilə.

2 yorum: