Reklamda Psixoloji Motivasiya Qaynaqları
I hissə
I hissə
Şirkətlər və eləcə də marketinq üçün ən əsas kriteriyalardan biri satışdır. Satış bir növ Sizin gördüyünüz işin uğurunun təsdiqidir. Əgər Siz hər hansı bir sahədə çalışırsınızsa, şirkətinizin məhsul və xidmətini satmaqdan məsulsunuzsa, onda bu yazını oxumağınızda fayda var. Bu dəfə biz satışdan daha çox, satın alma istəyinin yaradılmasından danışacağıq. Reklamlarda satın almaq istəyi yaratmanın 5 ana prinsipinin əhəmiyyətini bir yerdə müzakirə edəcəyik.
Siz də bilirsiniz ki, marketinq satışdan həm öncəki, həm sonrakı prosesdir. İnsanların nəyisə satın alması artıq satış prosesinin bitməsidir. Satın almaq qərardır, insanlar bu qərarı verənə qədər bir çox proseslərdən keçirlər. İnsan beyni qərar verməmişdən öncə həmin qərarını öz-özlüyündə əsaslandırmağa çalışır. Ümumiyyətlə unutmayaq ki, biz daha çox istədiklərimizi alırıq, nəinki ehtiyacımız olanları. Bir anlığına ən son aldıqlarınızı beyninizdə təhlil edin. Onların nə qədərinə Sizin həqiqətən də ehtiyacınız var. Əminəm ki, cavab verməkdə çətinlik çəkəcəksiniz. İnsanlar duyğuları ilə satın alır, məntiqləri ilə onu müdafiə edirlər. İnanın ki, böyük əksəriyyət aldığınız məhsulların kökündə Sizin o ana olan hissləriniz durur. (əsəbi, stres, dəyişiklik, yenilik, özünə güvən, göstəriş və s. kimi istəklər) Əgər bir çoxumuzun satın alma səbəbimiz istəklərimizdirsə, o halda bu istəkləri yaradan 5 ana prinsipi öyrənməkdə fayda var.