23.03.2014

Reklamda Psixoloji Motivasiya Qaynaqları - "Çox qazanma" və "Xəyalları gerçəyə çevirmə" (III hissə)

IV. Psixoloji motivasiya qaynağı – Az əmək sərf etməklə çox qazanmaq

Tarixin bütün dönəmlərində insanlar çox az çalışıb, daha çox qazanmaq istəyiblər. İnsanların indi zamanı da az, pulu da azdır. Ona görə də istəyirlər ki, az vaxt sərf etməklə çox pul qazansınlar. Onlara gələcəkdə nə qazana biləcəklərini göstərin, qiymətə o qədər fikir verməyin, hətta rəqibinizdən də yüksək qiymət qoyun, problem deyil. Yetər ki, Sizin məhsuldan və kampaniyanızdan istifadə etsə onun nə qazana biləcəyini aydın şəkildə izah edin. Topaz, Azerlotoreya və s. kimi oyunlara fikir versəniz, eyni məntiqlə çalışdıqlarını görəcəksiniz. Və bu tip kampaniyalardan böyük əksəriyyət daha az təminatlı şəxslər istifadə edir. Niyə? Çünki pulları azdır, qısa müddətdə varlanmağın ən rahat yolunu belə görürlər. Və ya operatorların keçirdiyi smslə avtomobil qazan, poz-qazan, 1 sms göndər filan maşını qazan tipli aksiyalar da eyni məntiqlədir. Bu tip reklamları verərkən şirkət qısa müddət üçün yaxşı mənfəət əldə edir. Amma uzun müddətə şirkətin imicinə zərbə vura bilir. Unutmayın ki, məsələn Siz uduşa avtomobil qoymusunuzsa, müştərilər avtomobili udanadək və ya avtomobil udulanadək Sizinlə maraqlanacaqlar. Elə ki, bitdi, onlar da “buxarlanmağa” başlayacaqdır. Ona görə də bu tip aksiyalara çox bel bağlamaq olmaz. Ümumi, geniş miqyaslı bir kampaniyanın bir elementi kimi istifadə etmək olar, amma sırf bunun üzərində kampaniyanı qurmaq o qədər də məsləhətli deyil.

12.03.2014

Reklamda Psixoloji Motivasiya Qaynaqları - Sevgi və Pulsuz "Nəsə" (II hissə)

İnsanlarda satınalma istəyi yaratmanın 5 yolu



II. Psixoloji motivasiya qaynağı – Sevgi 

Texnologiya inkişaf etdikcə insanlar arasında kommunikasiya problemləri yaranmağa başlayır. Əksinə bir-birimizlə əlaqə asanlaşmalıykən daha da çətinləşir, bir-birimizlə daha az əlaqə saxlayırıq. Bu səbəbdən insanlarda son zamanlar asosiallaşma halları var. Məhz bu halı dərindən təhlil edən qərb texnoloqları bu reallıqdan belə pul qazanma yolları tapıblar. Facebook, whatsapp buna ən bariz nümunədir. Bir qohumumuz, dostumuza zəng edib onun əhvalını soruşmaqdansa, yazıb cavab gözləməyə üstünlük veririk. Bunlar insanları get-gedə bir-birindən soyutmağa başlayır. Hər hansı bir işlə bağlı razılığa görüşüb əl sıxışaraq gəlmək yerinə mailləri seçirik, hər şeyi maillə daha tez, məsafədən həll edirik. Hətta ən güclü sevgi – ana ilə övlad arasında olan sevgiyə də texnologiya girdi. Özü yellənən beşiklər, cürbəcür səs çıxaran oyuncaqlar, uşaq oyunları, sakitləşdiricilər və s. özümüz də hiss etmədən bizim əlaqəmizi azaltmağa xidmət etməyə başlayıb. Bütün bunların fonunda insan oğlu bir vaxt gəlir ki, həmin sevgi əksikliyini hiss etməyə başlayır. Təbii ki, burada sevgi deyərkən qarşı cinsə və eyni zamanda dəyərlərə, ata, ana, qohumlar, dostlara sevgi də nəzərdə tutulur. Məhz bütün bunların fonunda şirkətlər də bu durumu təhlil edib özlərinə uyğun formada yumşaq desək istifadə etməyə başlayırlar. Sevgi, psixoloji motivasiya qaynaqları içərisində ən çox istifadə olunanıdır da deyə bilərik, hətta. İnsanlar istifadə etdikləri məhsul vasitəsilə bir-biriləri ilə həm də əlaqədə olmaq, fikirlərini paylaşmaq istəyirlər. Məhz bu paylaşmaq hissi fikir vermisinizsə, reklamlarda ciddi şəkildə vurğulanır. Odnoklassniki.ru, facebook.com insanların məhz paylaşmaq istəyindən, onlara maraqlı ola biləcək insanları, xatirələri axtarmaq ehtiyacı üzərindən qurulub. Siz də reklamlarınızda hədəf auditoriyanızın ortaq dəyərlərini təhlil etməli və bu dəyərlərə əsaslanaraq reklamlarınızı formalaşdıra bilərsiniz. Azərbaycanda hər il fərqli bayramlara özəl olaraq keçirilən yüzlərlə reklam kampaniyaları olur. Sizcə şirkətlər həqiqətənmi Ramazana, Qurban bayramına, yeni ilə, 8 marta və s. bu kimi bayramlara sırf bayramdı deyə kampaniya keçirir, yoxsa sadəcə bu bayramdan istifadə edib satışlarını artırmaq istəyirlər? Cavabı yəqin ki, aydındır. Şirkətlər bu kimi bayramlarda insanların ortaq dəyərlərindən, sevdikləri, önəmsədikləri günlərdən hisslərə xitab edərək məharətlə istifadə edirlər. Fikir vermisinizsə, avtomobil və ətir reklamlarında gözəl qız və yaraşıqlı oğlanlardan, onların bir-birilərinə ehtiraslı baxışı və s. elementlərdən istifadə edirlər. Bəzən isə bu gözəl qız və yaraşıqlı oğlanların heç reklama o qədər də dəxli olmur. Bu reklamda psixoloji motivasiya qaynağı olan sevginin cinslərin bir-birinə duyduğu hisslər aspektindən yanaşma sayılır. Dediklərimizə nümunə olaraq aşağıdakı reklama baxaq:

5.03.2014

İnsanlarda satınalma istəyi yaratmanın 5 yolu

Reklamda Psixoloji Motivasiya Qaynaqları
I hissə

Şirkətlər və eləcə də marketinq üçün ən əsas kriteriyalardan biri satışdır. Satış bir növ Sizin gördüyünüz işin uğurunun təsdiqidir. Əgər Siz hər hansı bir sahədə çalışırsınızsa, şirkətinizin məhsul və xidmətini satmaqdan məsulsunuzsa, onda bu yazını oxumağınızda fayda var. Bu dəfə biz satışdan daha çox, satın alma istəyinin yaradılmasından danışacağıq. Reklamlarda satın almaq istəyi yaratmanın 5 ana prinsipinin əhəmiyyətini bir yerdə müzakirə edəcəyik.

Siz də bilirsiniz ki, marketinq satışdan həm öncəki, həm sonrakı prosesdir. İnsanların nəyisə satın alması artıq satış prosesinin bitməsidir. Satın almaq qərardır, insanlar bu qərarı verənə qədər bir çox proseslərdən keçirlər. İnsan beyni qərar verməmişdən öncə həmin qərarını öz-özlüyündə əsaslandırmağa çalışır. Ümumiyyətlə unutmayaq ki, biz daha çox istədiklərimizi alırıq, nəinki ehtiyacımız olanları. Bir anlığına ən son aldıqlarınızı beyninizdə təhlil edin. Onların nə qədərinə Sizin həqiqətən də ehtiyacınız var. Əminəm ki, cavab verməkdə çətinlik çəkəcəksiniz. İnsanlar duyğuları ilə satın alır, məntiqləri ilə onu müdafiə edirlər. İnanın ki, böyük əksəriyyət aldığınız məhsulların kökündə Sizin o ana olan hissləriniz durur. (əsəbi, stres, dəyişiklik, yenilik, özünə güvən, göstəriş və s. kimi istəklər) Əgər bir çoxumuzun satın alma səbəbimiz istəklərimizdirsə, o halda bu istəkləri yaradan 5 ana prinsipi öyrənməkdə fayda var.

3.01.2014

Marketinq AT başında (illik hesabat)

Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az 1 illik hesabatı

Marketinq ictimaiyyəti at ilinə qədəm qoydu. Bu il marketinq sözün məcazi və hardasa əsl mənasında at başında olacaq. Çünki irəlidə bir çox yeniliklər olacaq. Amma bu yeniliklərdən öncə geridə qoyduğumuz 1 ilə, aktivliklərə nəzər salmaq istərdim. Qeyd edim ki, marketinq aktivlikləri deyərkən Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az, FMR TV üzrə son 1 ildə görülən işlərdən yazacağıq.

Marketinq Azərbaycan qrupunun bəzi maraqlı statistik nəticələri haqqında ayrıca bir bloq yazacam, inşallah. Bu haqda çox danışmaq istəmirəm. Təxmini 2200 nəfər üzvü olan qrup çox sevindirici haldır ki, Azərbaycan marketoloqları və bu sferaya yaxın insanlar üçün faydalı bir resurs rolunu oynayır. Önümüzdəki il mütləq şəkildə daha faydalı ola bilmək üçün yeniliklər, yeni proyektlər etmək lazımdır.

22.12.2013

Sosial Media haqqında baxmalı olduğumuz 3 önəmli video statistika və 2013 noyabr Azərbaycan üzrə Sosial Media Statistik Analizi

Sosial media haqqında çox yazılıb, çox deyilib. Artıq Azərbaycanda da 1300 000-ə yaxın təkcə facebook istifadəçisi var. Bu yazıda sosial media haqqında yazı deyil 3 maraqlı video statistikanı Sizinlə paylaşmaq istəyirəm. Ondan öncə isə onu deyim ki, 2014-cü ildə sosial media strategiyası zəif olan Azərbaycan şirkətləri çox itirəcəklər. Ən az və ən pis halda itki isə müştəri sədaqəti, inam və etibardır. Artıq günümüzdə insanlar bir şirkət haqqında məlumat almaq üçün ilk növbədə onu google-da axtarır, facebook və twitter hesabını axtarıb tapır ki, oradan sualına daha rahat və tez cavab tapsın. İndi şirkətlər də şikayəti gizlədə bilmir. Müştəri şikayətinə şirkətdən cavab almadımı, onu sosial mediada yaymağa başlayır və bir müddət sonra proses idarə olunmaz hala gəlir. Sosial media müştərisini incidən şirkətlər üçün əsl bomba rolunu da oynayır. Bu gün biz marketoloqlar belə blog yazırıq və yazımızı da elə sosial media paylaşırıq ki, daha çox oxuyucuya çata bilək. Bu gün facebook belə artıq reklam sistemində şirkətlər üçün önəmli dəyişikliklər edib. Artıq zaman o zamandır ki, istər müştəri, istər şirkət 1 qəpiyinin belə hədəfə vurmursa, xərcləmək istəmir. O səbəbdəndir ki, ənənəvi media il-ildən sosial mediaya uduzur. 2014-də belə görürəm ki, SMM ən dəbli və faydalı vakansiyalardan, pozisiyalardan birinə çevriləcək. Sosial Media Marketinqi alətləri daha da aktuallaşacaq.

Sosial Media Marketinq alətləri əsasən aşağıdakılardır:

12.12.2013

Azərbaycandakı AVM-lər və AVM marketinqi haqqında FMR TV-də danışdıq

Bu dəfə FMR TV-də nələri danışdıq.

- Yeni trend olan AVM-lərin Azərbaycanda yeri, vəziyyəti necədir?

- Alış-veriş mərkəzlərinin müştərilərlə və şirkətlərə faydaları nələrdir?

- Hansı AVM daha effektiv işləməkdədir? 28mall, Metropark, ParkBulvar ya başqaları

- Cinema-lar AVM-lərdə olandan sonramı daha məşhurlaşdı, ya öncədən. Azərbaycanda hansı Cinema daha yaxşı çalışır?!

5.12.2013

MilliNet, yoxsa YerliNet ?!

MilliNet müsabiqəsinin bu ilki biabırçılığı haqqında danışacağıq.

Bu dəfə MilliNet müsabiqəsindən yazmaq istəyirəm. Əslində yazmayacaqdım, amma sonra düşündüm ki, niyə də yazmamalıyam, bu müsabiqənin faydasızlığına susmaq olmaz. Qısa olaraq bildirim ki, artıq 3-cü ildir ki, davamlı olaraq MilliNet müsabiqəsini izləyirəm. 2 ildir isə iştirak edirəm. Keçən il təqdim etdiyim saytın fb səhifəsinə jurilərin qeydlərini oxuyanda şoka düşmüşdüm. Juri adlanan kəs necə belə savadsız şərhlər, xüsusilə də təhqiredici ifadələr yaza bilər. Təbii ki, sonradan təşkilati komitəyə yazdığım maildə sərt şəkildə etirazımı bildirdim, həmin juri də şəxsən üzr istədi. Bu haqda çox yazmayacam, amma bu dəfə uğuruna 100% əmin olduğum, yəni çalışdığım şirkətin, İdealın facebook səhifəsinin MilliNetdəki dəyərləndirməsi barədə danışmaq istəyirəm.

İdealın facebook səhifəsini "ən yaxşı sosial şəbəkə səhifəsi" nominasiyası üzrə təqdim etmişdim. Və bu dəfə hələ 1-ci tura keçən 6 nominantı görəndə şoka düşməmək mümkün olmadı. Aşağıda Sizə həmin səhifələrin təhlilini də verəcəm. Amma ondan öncə qısa olaraq İdealın facebook səhifəsi haqqında qeydlərimi deyim. 

28.11.2013

Gözəllik sektorunun nəhəngləri - Revlon, Estee Lauder, Loreal

“Brendin tarixi motivasiyadır” rubrikasından II yazı

Gözəllik sektoruna aid brendlərdən yazdığımız və "Brendin tarixi motivasiyadır" rubrikası altında birləşdirdiyimiz ilk yazını artıq oxumusunuz. Bu dəfəki yazıda isə Revlon, Estee Lauder, Loreal kimi brend-şirkətlərin tarixinə nəzər yetirəcəyik.

Gözəllik sektoruna sezon anlayışını ilk gətirən adam - Revlon

Məşhur "Revlon" brendinin yaradıcısı Charles Revson 1906-cı ildə dünyaya gəlib. Gənc yaşlarında New-Yorkda gözəllik salonlarının birində satıcı kimi çalışıb. Daha sonra bir kimyaçı ilə tanış olduqdan sonra öz şirkətini qurur və 25 yaşında Revlon Nail Enamels adlı ilk mağazasını açır. O dövrdə ən güclü rəqibləri Elizabeth Arden və Helena Rubinshtein idi. Rəqiblərinin məhsulu əsasən üzə xitab etsə də, Revlon dırnaq qulluğu məhsulları üzrə tanınırdı. Hətta Revlon özü öz məhsullarını tanıtmaq üçün salonlara bütün dırnaqlarını boyayaraq gedirdi. Bu da özlüyündə fərqlilik idi və o bu cəhətinə görə tanınırdı. Revlon o dövrdə gözəllik sektorunda "sezon anlayışını" gətirən ilk adam idi. Belə ki, O, hər qış və yazda öz yeniliklərini təqdim edirdi. 1950-ci ildə isə Revlon gözəllik sektorunda ilk sayılan TV reklam çəkdirmişdi. Revlon bir müddət sonra ətir də istehsal etməyə başlayır və 1973-cü ildə Charlie adlı ilk ətirini buraxır. Təkcə onu demək kifayətdir ki, bu ətir 1980-ci ilədək Chanel N5-dən daha çox satırdı. 1975-ci ildə xərçəngdən dünyasını dəyişən Revlon ölümündən öncə yerinə 1.5 milyon dollarlıq razılaşma ilə Michel Bergeraunu gətirir. Revlon dünyasını dəyişəndə artıq şirkətin dəyəri 1.7 milyard dolları ötmüşdü.

15.11.2013

Xəzər Tv "Vitrin" verilişinin qonağı kimi "Gözəllik sektorunun xüsusiyyətləri" mövzusunda danışdıq.

Əziz dostlar, bu dəfəki bloq yazımda Sizinlə Xəzər TV-də yeni yaradılmış "Vitrin" verilişindəki çıxışımı paylaşacam. İlk öncə Xəzər TV-ni həmişə bu cür yenilikləri ilə tamaşaçılarını sevindirdiyi üçün təbrik edirəm. Bu səpkidən olan VİTRİN verilişi marketinq, reklam və bizneslə əlaqəli mövzuları əhatə edir. 09 noyabr tarixində isə verilişin qonağı bəndəniz oldu. Çalışdığım gözəllik sektorunun xüsusiyyətləri, müştərilərin alış-veriş davranışları, parfum sektorunda olan stereotiplər, reklamda ulduz istifadə olunması və s. bu kimi digər məsələlərə toxunulub. Çox yazmadan Sizi verilişi izləməyə dəvət edirəm. Ümidvaram faydalı olacaq.


16.09.2013

“Qorxu” üzərindən gözəllik satan brendlər - Helena Rubinstein və Elizabeth Arden

“Brendin tarixi motivasiyadır” rubrikasından ilk yazı

Dünyanın ən gəlirli və cazibəli sektorlarından biri də gözəllik sektorudur. Bu elə bir sektordur ki, insanlar alış qərarını məntiqdən daha çox hissi olaraq verirlər. Üstəlik sektorun uğurunun kökündə çox böyük rolu “qorxu” oynayır. Amma bu bildiyiniz adi qorxu deyil, qocalmaq qorxusudur. Şirkətlər bu amildən çox məharətlə istifadə edirlər. Çalışdığım sektor gözəllik sektoru ilə birbaşa bağlı olduğundan bu sektora aid brendlər haqqında yazmaq qərarına gəldim. Bir neçə brendin tarixi haqqında yazacağıma görə silsilə yazıları “brendin tarixi motivasiyadır” rubrikası adı altında verəcəm. Rubrikaya belə ad verməmin səbəbini brendlər haqqında oxuduqdan sonra daha yaxşı başa düşmək olar. Qısa olaraq deyim ki, oxuduqca görəcəksiniz ki, hər şeyə nail olmaq olar, yetər ki, içinizdə bir xəyal olsun. Xəyalınızı həyata keçirməyə gücünüz də oldumu, o xəyaldan pul qazanmağa başlayacaqsınız.

Euromonitor İnternational araşdırmasına görə gözəllik sektorunun dünya üzrə bazar payı illik 350 milyard dollardır. Azərbaycan haqqında dəqiq rəsmi məlumatlar olmasa da, bu rəqəmin Azərbaycanda illik 240 milyon dollar bazar payının olduğu deyilir. Bu yazıda gözəllik sektorunun özülünü qoyan iki brend – Helena Rubinstein və Elizabeth Ardenin tarixi haqqında bilgilərimizi paylaşacağıq. Ondan öncə sektorun tarixi haqqında qısa məlumat verək. Eramızdan əvvək Misir, Yunan və Roma mənbələrində kosmetik vasitələrdən istifadə haqqında çoxlu məlumatlar var. Məsələn, Kleopatra kimi əfsanəvi qəhrəmanların xüsusi gözəllik sirrləri, istifadə etdikləri vasitələr haqqında çoxlu yazılı mənbələr var. Sizə maraqlı gələ biləcək bir nüansı qeyd edim ki, qədimdə makiyajlı qadın əxlaqsız qadınlara xas xüsusiyyət hesab olunurdu. Spartada, məsələn, qadın ancaq toy günü makiyaj istifadə edərdi. Romada da makiyajın həddindən çox istifadəsi xoş qarşılanmırdı. Lakin zaman keçdikcə bu yanaşma tamamillə dəyişdi. Amma bu dəyişim də bir çox amillərə görə idi. Bunlardan ilki 15-16-cı əsrlərdə mətbəənin kəşfi idi. Artıq yazılı mənbələr çoxladıqca insanlarda məlumat da çoxaldı və təbii olaraq kosmetik vasitələrdən istifadə genişləndi. 19-cu əsrdə isə reklamlar ortaya çıxdı və bu sektorun parlaması üçün ideal çıxış yolu oldu. İlk reklamları çəkənlər də elə gözəllik sektoruna aid brendlər idi. Çünki dünya yaranandan bu tərəfə bütün insanlar üçün dəyişməz bir gerçəklik, qorxu var idi – qocalıq. İnsanlar bu prosesi yavaşlatmaq üçün pul xərcləməyə hazır idilər.