Xeyli vaxtdır nə haqqında yazacağım barədə düşünürdüm. Nəhayət növbəti iş görüşlərinin birində qərarımı verdim. Mövzum bir çoxlarımızın mütəmadi olaraq iştirak etdiyi və ya dəvət etdiyi şəxslərlə iş görüşməsi haqqında olacaq. Görüş öncəsi, görüş zamanı və sonrası nələrə diqqət etməliyik, professional danışıq tərzi, dinləmə bacarığı və effektiv nəticə əldə etmək üçün bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında yazmaq istəyirəm.
Mən, Bakıdakı bütün “qara adamlar” kimi səhər saat 9-da işə gəlib axşam neçədəsə evə gedənlər sinfinə daxiləm. Səhər isə ilk işim gündəliyimdə bu günə qeyd olunan görüşləri incələmək, dəqiqləşdirmək olur. Görüşün və görüşənin tipinə, əhəmiyyətinə uyğun olaraq ön hazırlıq gördüyüm vaxtlar da olur. Çalışıram ki, görüşdə istifadə etdiyim kəlimələri belə çox diqqətlə seçim, çünki yerində olmayan bir söz belə görüşün taleyini həll edə bilər. Bu illər ərzində görüşlərin sayını unutsam da, özümçün qeyd etdiyim bəzi məqamları unutmamışam. Bu dəfə də məhz bunları üzrünüzə sığınaraq paylaşmaq istəyirəm.






